Donor orqanların götürülməsi yalnız reyestrə daxil edilmiş mütəxəssislər tərəfindən aparılacaq- Detallar

Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası qaydası reproduksiya vasitələrinə və bu məqsədlə istifadə edilən orqanlara, onların hissələrinə və (və ya) toxumalara (yumurta hüceyrələri, sperma, yumurtalıq, xaya və ya embrion), həmçinin qan və onun komponentlərinə şamil edilmir.

Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası Qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, meyit donordan transplantasiya məqsədilə orqanlar götürülərkən bir neçə cərrahiyyə briqadasının eyni vaxtda və ya ardıcıl şəkildə işləməsinə yol verilir.

Canlı və meyit donordan donor orqanların götürülməsi yalnız həkim-transplantoloqların reyestrinə daxil edilmiş həkim- mütəxəssislər tərəfindən aparılır.

Meyit donordan donor orqanların transplantasiya məqsədilə götürülməsi başa çatdıqdan sonra donorun bədənindən götürülmüş hər bir orqanla bağlı forması Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş 3 nüsxədə akt tərtib edilir, bir nüsxəsi donor orqanların götürülməsinin həyata keçirildiyi tibb müəssisəsində saxlanılır, bir nüsxəsi donor orqanla birlikdə resipiyentin olduğu və transplantasiyasının həyata keçiriləcəyi tibb müəssisəsinə, digər nüsxəsi isə “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”nə göndərilir. Donor orqanların götürülməsi zamanı onun zədələnməsi və ya transplantasiya məqsədilə istifadəsini mümkünsüz edən digər hallar baş verdikdə bu barədə akta qeyd edilir. Donor orqan səyyar cərrahiyyə briqadası tərəfindən götürüldükdə donor orqanların götürülməsi haqqında aktın dördüncü nüsxəsi də tərtib edilərək səyyar cərrahiyyə briqadasının aid olduğu tibb müəssisəsinin arxivində saxlanılır.

Donor orqanların götürülməsi, hazırlanması, saxlanması və daşınması prosesi Koordinasiya Mərkəzi tərəfindən əlaqələndirilir.

Donor orqanların transplantasiyası cərrahi əməliyyat aparmaqla həyata keçirilir.

Donor orqanların transplantasiyası həkim-transplantoloqların reyestrinə daxil edilmiş həkim-mütəxəssislər tərəfindən aparılır.

Transplantasiya məqsədilə canlı donordan götürülmüş donor orqanlar dərhal, saxlanılmadan və daşınmadan resipiyentə köçürülür. Sümük iliyini və kök hüceyrələrini dərhal transplantasiya etmək mümkün olmadıqda onların transplantasiya üçün hazırlanması, saxlanması və daşınması ilə bağlı tədbirlər görülür.

Əvvəlki məqalə

Daha 492 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib

Sonrakı məqalə

Bakıda 166 avtobus gecikməklə hərəkət edir