Əməkdar artist Əyyub Quliyev Polşada beynəlxalq müsabiqənin qaliblərini seçib-FOTO

17-27 noyabr tarixlərində Polşanın Katovitsa şəhərində ən nüfuzlu musiqi yarışmalarından biri sayılan Q. Fitelberq adına XI Dirijorların beynəlxalq müsabiqəsi keçirilib.

Azpost.info bildirir ki, görkəmli bəstəkar və Polşa Milli Radio Orkestrinin təməlini qoyan məşhur dirijor Fitelberqin şərəfinə adlandırılan müsabiqə ilk dəfə 1979-cu ildə baş tutub. Xüsusi mürəkkəb proqramı və şərtləri ilı seçilən müsabiqə bu il 11-ci dəfə keçirilir və Q. Fitelberqin 70-liyinə həsr olunub.

Hazırlıq işləri artıq bir neçə ay öncədən başlanan bu yarışmaya 218 nəfər namizədin arasından ABŞ, Avropa, Kanada və Asiyadan olan 50 gənc dirijor seçilərək dəvət alıb. Polşanın aparıcı mədəniyyət qurumlumlarının təşkilati dəstəyi ilə keçirilən müsabiqənin əsas səhnəsi Sileziya Dövlət Filarmoniyası olub. Xüsusi olaraq müsabiqənin açılış mərasimində iştirak etmək üçün dünya şöhrətli opera ulduzu soprano Sonya Yonçeva Polşaya səfər edib və maraqlı konsert proqramını dinləyicilərə təqdim edib.

Müsabiqənin bütün üç mərhələsində gənc dirijorlar biri birindən mürəkkəb əsərləri Sileziya Filarmonik orkestri ilə hazırlayaraq beynəlxalq münsiflər heyətinə təqdim edib.

Tanınmış dirijor və prodüserlərdən ibarət münsiflər sırasında Azərbaycanı Akademik Dövlət Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, beynəlxalq müsabiqələr laureatı, Respublikanın əməkdar artisti Əyyub Quliyev təmsil edib.

Onunla bərabər müxtəlif musiqi kollektivlərinin – Varşava və Praqa Milli opera teatrlarının musiqi rəhbərləri, Berlin Filarmonik orkestrinin üzvləri, İspaniya və İngiltərədən musiqi agentliklərinin nümayəndələri, nüfuzlu musiqişünas və professorlar münsif olaraq istedadlı dirijorların seçimində iştirak edib. Komissiyanın sədri olaraq Varşava Milli Opera Teatrının musiqi rəhbəri və baş dirijoru Patrik Furniye seçilib.

25 noyabrda müsabiqənin son nəticələri elan olunub. Jong-Ji Yin (Çin) I yerə(və 20 000 avro), Sergey Simakov (Almaniya) 2-ci yerə və İzraildən Mixail Merinq isə 3-cü yerə layiq görülüb.

Müsabiqənin hər bir laureatına uyğun olaraq qızıl, gümüş və bürünc çubuqlar təqdim olunub. Qeyd etmək lazımdır ki, musiqisevərlər arasında böyük marağa səbəb olan müsabiqə  telekanallar və Filarmoniyanın bütün platformalarında canlı olaraq yayımlanıb.

 

Əvvəlki məqalə

Britaniyada 11 il əvvəl itmiş pişik yaşadığı ailəyə qayıdıb

Sonrakı məqalə

Tibb Universitetinin 1941-ci il məzunlarının 25 il sonra görüşü –