“Ermənilərin Qarabağı kütləvi tərk etməsi hansısa plandan xəbər verir” –SƏRDAR CƏLALOĞLU

“Ermənistan tərəfinin təkidi ilə ABŞ Konqresindəki dinləmələr və Azərbaycan əleyhinə verilən qərarlar təəssüf doğurur. Hesab edirəm ki, həmin qərarlar çox ciddidir”.

Bu sözləri Azpost.info-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ABŞ Konqresinin ölkəmiz əleyhinə çıxardığı qərarları şərh edərkən deyib.

ADP sədrinin sözlərinə görə, bundan əvvəl də Azərbaycan əleyhinə Konqresdə dinləmələr keçirilib. Amma budəfəki dinləmələr həddən artıq ciddir: “Çünki qərarlar verildi, təkliflər səsləndirildi. Hətta təkliflərdən biri Avropanın Azərbaycanla enerji layihələrini dayandırması məsələsidir. Eyni zamanda, yüksək rütbəli məmurlarımızın ABŞ-a səfərinin arzuolunmaz hesab edilməsidir. Mən bunu ABŞ-ın Azərbaycana qarşı qərəzli münasibəti sayıram və başdan-ayağa qınayıram. Amma bunun səbəbləri də var”.

ADP sədri bildirib ki, antiterror əməliyyatlarından sonra Qarabağı ermənilərin  kütləvi şəkildə tərk etməsi Azərbaycana qarşı hansısa planların qurulmasından xəbər verirdi: “Bu oyunun da mahiyyəti o idi ki, guya Azərbaycan “etnik təmizləmə” siyasəti aparıb. İndi yaşananlar həmin planın icrasıdır. Nəzərə almaq lazımdır ki, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) ermənilərin şikayətinə baxdı, etnik təmizləməni təsdiqləmədi. ABŞ Konqresinin mövqeyi BƏM-in qərarlarına baxdıqda görünür ki, əsassızdır. Ermənistan BƏM qarşısında 10 maddəlik iddia qaldırdı ki, onun yeddisi rədd edildi. Rədd edilən iddiaların içərisində “etnik təmizləmə” iddiası da var idi”.

“Düşünürəm ki, ABŞ qərarlar verərkən, BƏM-in çıxardığı qərarlara diqqət etməlidir. Qarabağın Azərbaycan ərazisi olduğu beynəlxalq hüquqla da təsbit olunub. Artıq Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin edib. Bütün dövlətlər buna hörmətlə yanaşmalıdırlar”, – ADP sədri fikrini tamamlayıb.

Anar ABDULLA

Azpost.info

 

Əvvəlki məqalə

Azərbaycanın qida emalı avadanlığı köhnəlib –

Sonrakı məqalə

“Xarici qüvvələr sülh sazişinin imzalanmasını ləngitməyə çalışır” –