“Ermənistanın mina xəritələrini verməməsi ciddi təhlükə yaradıb” –

XİN
04 Aprel 2021 - 10:19

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi 4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı Günü ilə bağlı bəyanat yayıb.

XİN-dən verilən məlumata görə, bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü kimi qeyd olunur. Bununla əlaqədar olaraq, Azərbaycan işğaldan azad edilmiş ərazilərinin Ermənistan tərəfindən kütləvi minalanması və Ermənistan hökumətinin bölgənin təhlükəsizliyini təmin etmək üçün mina yerləri ilə bağlı məlumatı bölüşməkdən imtina etməsindən qaynaqlanan təhlükə ilə bağlı ciddi narahatlığını bir daha bəyan edir.

Bəyanatda qeyd olunur ki, Azərbaycan azad edilmiş ərazilərinin kütləvi minalanması problemi ilə üzləşmişdir və bu, münaqişədən sonrakı dövrdə həm hərbi, həm də mülki şəxslərin həyatı, təhlükəsizliyi və yaşayış imkanları üçün ciddi təhlükədir: “Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 30 illik işğalı dövründə Ermənistanın bu ərazilərə məqsədli şəkildə minalar yerləşdirməsi Azərbaycan hərbçiləri və mülki vətəndaşları arasında çox sayda itkiyə səbəb olub. Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi geri çəkilmə mərhələsində də Ermənistan Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaq üçün məqsədli şəkildə həmin ərazilərdə kütləvi şəkildə minalar yerləşdirib. Ermənistan beynəlxalq öhdəliklərini açıq şəkildə pozaraq, minalanmış ərazilərin yeri barədə məlumatı təqdim etməkdən imtina edir. Bu, beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır”.