“Ermənistanda Nikol Paşinyanı tənqid edən 802 nəfərə cinayət işi açılıb”- HESABAT

“Heç bir Qərb ölkəsinin lideri və ya hansısa qərbli jurnalist Ermənistanı demokratik ölkə adlandıra bilməz”.

“Report” xəbər verir ki, bunu hüquq müdafiəçisi Səidə Qocamanlı Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı hesabatın təqdim olunma mərasimində deyib.

O xatırladıb ki, 2020-ci ilin axırlarında Ermənistanda xalq baş nazir Nikol Paşinyana qarşı ayağa qalxmışdı: “Həmin vaxt Ermənistanda həbs olunan jurnalistlərə işgəncələr verilib. Nikol Paşinyana və onun hakimiyyətinə qarşı çıxan jurnalistlərin dilə gətirdikləri ağır təhqirlərə görə Ermənistanda 802 nəfərə cinayət işi açılıb. Bizim hesabatımız genişdir. Bunu Avropa İttifaqına və hüquq müdafiə sahəsində beynəlxalq təşkilatlara göndərəcəyik. Qərb siyasətçiləri və jurnalistlərinin Ermənistanı Qafqazın ən demokratik ölkəsi kimi təqdim etmələri əsassızdır. Çünki bu ölkədə insanların toplaşma azadlığına, söz azadlığına mane olur”.

S.Qocamanlı vurğulayıb ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın tərəfdarlarları həbs olunub, bir deputat qətlə yetirilib.

Onun sözlərinə görə, bütün bunlar Ermənistanın tam demokratik ölkə olmadığını deməyə imkan verir: “Hesabatlarımızı bütün aparıcı beynəlxalq təşkilatlara göndərəcəyik”.

Hüquq müdafiəçisi Azərbaycana qarşı ikili standartların aradan qaldırılmasını tələb edir: “Həmişə Ermənistanda insan hüquqlarının yüksək səviyyədə olduğunu iddia edirlər. Hardadır bu insan hüquqları? Bu hesabat göstərir ki, Ermənistanda olan insan hüquqları pozuntuları Azərbaycanla müqayisəedilməz dərəcədə çoxdur. Bu məsələdə Azərbaycanla Ermənistanı tərəzinin eyni gözünə qoymaq olmaz”.

Əvvəlki məqalə

Martın 18-də vaxtı başa çatan “taxıl sazişi”nin aqibəti necə olacaq?

Sonrakı məqalə

“Taxıl sazişi” daha 60 gün müddətinə uzadıldı