Fermerlər niyə ərzaq buğdası əkmək istəmir?

04 Yanvar 2022 - 18:21
Unun qiymətinin bahalaşması ciddi məsələdir. Azərbaycan buğdanın 98 faizini Rusiyadan alır. Ölkə özünü buğda ilə tam edə bilmir. Özünü təminetmə səviyyəsi 58 faizdir.
Amma idxalda yalnız bir ölkədən asılı olmaq nə dərəcədə doğrudur?
Rəsmi məlumatlara görə, bu il Azərbaycan buğdanın 97,61 %-ni Rusiyadan alıb. Ötənilki tədarükümüzdə onun payı 99,32 % olub.
Taxılçılıq ölkə üçün strateji sahədir.
Prezidentin 6 dekabr 2016-cı ildə təsdiq etdiyi “Kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi” ndə buğda idxalından asılılığın aradan qaldırılması tələbi qoyulub.
“Xəritədə” ərzaq buğdasının istehsalının artırılması nəzərdə tutulur.
Ölkədə adambaşına istehlak norması isə 180 kq təşkil edir.
Araşdırmalara görə, ölkəmizdə daxili tələbatın artması fonunda taxıl istehsalı geri qalır. Bu sahədə kiçik fermer təsərrüfatları üstünlük təşkil edir, kiçik torpaq sahibləri könüllü kooperasiya yaratmağa meyl eləmir, bunun üçün stimullaşdırıcı tədbirlər effekt vermir.
Ekspertlərin fikri maraqlı olar: Ölkədə ərzaqlıq buğda əkilməsi, tələbatı heç olmasa 70 faizə çatdırmaq imkanları varmı?
Rusiya ilə yanaşı Qazaxstan və Ukraynadan nə üçün buğda alınmır?
Azərbaycanlı fermerlər nə üçün ərzaq buğdası əkmək marağında deyil?
Bu məsələlər müzakirə olunmalıdır.
Taxıl məsələsini dünya bazarının konyunkturasının ixtiyarına buraxmaq doğru yol deyil. Taxılın qiymətlərində baş verəcək yüksək dəyişikliklər daim riskləri daşıyır.
Odur ki, maraq qruplarının daxili istehsalda monopolist cəhdlərlə, kartel sövdələşmələri ilə hərəkət etməsinə imkan vermək olmaz.
Çörək həmişə ölkələr üçün qırmızı indikator olub.
Xaqani SƏFƏROĞLU
Azpost.info