Fikrət Əmirovun “1001 gecə” baleti 4 gün dünya şöhrətli teatrda oynanılıb –FOTOLAR

Dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “1001 gecə” baleti 4 gün Sankt-Peterburqun məşhur Mariinski Teatrında nümayiş olunub. 

Azpost.info bildirir ki, 13-24 fevral tarixlərində Sankt-Peterburqun məşhur Mariinski Teatrının tarixi və yeni səhnələrində teatrın Primorski səhnəsinin balet truppasının geniş qış qastrol proqramı keçirilir. Dünya şöhrətli dirijor, Moskvanın Bolşoy Teatrı və Sankt-Peterburqun Mariinski Teatrının direktoru Valeri Gergiyevin dəvəti ilə gerçəkləşən tamaşaların sırasında dünya balet klassikası – P. Çaykovskinin “Şelkinçik”, A.Qlazunovun “Raymonda” və A.Adanın “Korsar” baletləri ilə bərabər dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “1001 gecə” baleti böyük əks -səda doğurub.

Tamaşaçıların xüsusi marağını nəzərə alaraq dörd gün nümayiş olunan “1001 gecə” baletini Azərbaycanın əməkdar artisti, Dövlət Akademik Opera və Balet teatrının baş dirijoru və musiqi rəhbəri Əyyub Quliyev idarə edib.

Tamaşanın quruluşçu xoreoqrafı Rusiyanın əməkdar incəsənət xadimi, Mariinski Teatrının baş baletmeysteri Eldar Əliyevdir. “1001 gecə” baletində Mariinski Teatrının Primorski səhnəsinin solistləri Sergey Umanets, Liliya Berejnova, Saki Nisida, Arina Naqase, Viktor Mulıqinlə bərabər Mariinski teatrının aparıcı solistləri  Timur Askerov, Renata Şakirova, Mariya Şırınkina, Ruslan Stenyuşkin və Anastasiya Lyukina baş rolları böyük uğurla ifa etmişlər.

Qeyd etmək lazımdır ki, dirijor Əyyub Quliyevin rəhbərlik etdiyi Mariinski Teatrın xoru və simfonik orkestrinin tərkibində Azərbaycan milli aləti tar da təqdim olunub. Azərbaycan Dövlət Akademik Opera Teatrının solisti Ramin Əzimov və Nadejda Medvedevanın tarda ifaları həmin tamaşalara xüsusi kolorit bəxş edib.

“1001 gecə” baletində səslənən soprano solosu isə Mariinski Teatrın solistləri Anastasiya Kikot və Samirə Qulamovaya həvalə olunmuşdu. Ayaqüstə alqışlarla qarşılanan və tamaşa bitdikdən sonra pərdə qarşısına çıxan azərbaycanlı dirijor və balet solistlərini yerli dinləyicilər uzunmüddət səhnədən buraxmayıblar.

Tamaşalarda qonaq qismində iştirak edən Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov, Macarıstanın baş konsulu Viktor Şederkenyi və digər xarici dipmissiyaların rəhbərləri tamaşa bitdikdən sonra ifaçılara xüsusi təbriklərini ünvanlayıb. Qeyd etmək lazımdır ki, Mariinski Teatrda nümayiş olunan Fikrət Əmirovun “1001 gecə” baleti keçən ilin dekabrında Qətərin paytaxtı Doha şəhərində böyük təntənələ ilə ifa olunub.

 

 

 

Əvvəlki məqalə

Xüsusi təlimlərdən keçən taksi sürücülərinin sayı açıqlanıb

Sonrakı məqalə

Azərbaycanın və Türkiyənin birinci xanımlarının görüşü olub