Gülməli başlayıb ağlamalı bitən məşhur fim –34 il əvvəl "Lətifə" hamını necə təəccübləndirib?/ VİDEO

Yefim Abramovla Nizami Musayevin birlikdə quruluş verdiyi “Lətifə” filmi 1980-ci illərin sonuna dair parlaq, eyni zamanda qaranlıq mənzərələr canlandırmağı bacarır. Ssenarisini Rövşən Ağayevin yazdığı filmdə hadisələr, partiya komitəsi katibinin otağında səhnə işıqlarının yanması ilə başlayır. Qaranlıq aydınlanır, ilk söz də çəkilişə başladıqlarını işarə edən “işıq” olur. Beləliklə, artıq qaranlıqda qalan nəsə yoxdur, çünki işıq yanır və kamera çəkir. Bu xəbərdarlıq ilə yenidənqurma, şəffaflıq, korrupsiya, özbaşınalıq, azadlıq və dağılmaqda olan SSRİ hissə-hissə, parça-parça görünməyə başlayır.

Kərimov qaçaraq arxasınca gələn kütlədən canını qurtarmaq istəyir, yeganə ümidi partiyanın birinci katibinin qəbuluna düşərək onu məhv etmək istəyən kütlədən canını qurtarmaqdır. Partiya katibi isə otağının qəbulunda gözləyənlərin bilmədiyi sirli bir işlə məşğuldur. Müxtəlif zavod və fabriklərdən gənclər özlərini təqdim edir, partiya üçün hər şeyə hazır olduqlarını bildirirlər. Katib də onları çox intizarda saxlamır, müxtəlif musiqiləri rəqs etməyi öyrətmək arzusunda olduğunu bildirir. Bu rəqslər isə elə-belə, ənənəvi rəqslər deyil. Metal, pank, rok və başqa bir çox “zərərli” burjua vərdişlərini yamsılamalı, onlardan fərqlənməyənə qədər məşqə davam etməli və onların arasına girərək həmin rəzil insanları içəridən parçalamalıdırlar. Qəbul otağında olanların isə içəridə nə baş verdiyindən xəbərləri yoxdur.

Qəbul otağı və katibin kabinetinə əlavə olunan sonuncu məkan isə yuxarı mərtəbəyə qalxmaq arzusunda olan iki nəfərin bir qadını görərək birlikdə liftə daxil olması ilə tamamlanır. Bu üç nəfər liftlə yuxarı qalxmaq istəyərkən akt yarıda kəsilir və onlar liftin içində qısılıb qalırlar. Obrazlardan biri belə deyir: “Elə lift də, bunların hökuməti kimi işləyir”. Film anti-Sovet olduğunu hər fürsətdə dilə gətirməkdən çəkinmir. Cəmi üç məkanla kifayətlənən film isə getdikcə klaustrofobik bir atmosferə malik olmağa başlayır. Liftdə ilişib qalanlarla birlikdə qəbul otağında gözləməli olanlar nə edəcəklərini bilmirlər. Küçədə isə insanlar mitinq edir, şüarlar səsləndirirlər. Bu şüarlar hələlik heç bir siyasi məna kəsb etmir, onlar sadəcə yeni tikilən mikrorayonda kanalizasiya sisteminin olmamasından şikayətçidirlər. Rəhimov (Rasim Balayev) deyir ki, bunların hər işi belədir, mikrorayon tikirlər, amma kanalizasiya qoymurlar.

Katibin otağında baş verənlər, əsasən, rəqs səhnələri ilə, liftdə baş verənlər isə oradan xilas olmaq üçün yalvarışlar ilə xarakterizə edilir. Mamed və Əhmədin özü ilə binanı partlatmaq üçün bomba gətirdiyini də xatırlatmaqda fayda var. Onlarla birlikdə liftdə qalan Rimma isə hələlik naməlumdur. Bu qurulan tanışlıq səhnələrindən sonra isə əsas fokus katibin qəbul otağına yönəlir. Burada müxtəlif peşələrə uyğun insanlar var: prokuror, xaricə getmək istəyən lal-kar, məktəb direktoru, oğluna görə özünü öldürmək istəyən ana. Arabir tikinti rəhbəri də otağa daxil olur, polis də vəziyyətə nəzarəti itirməkdə olduğunu bildirmək üçün içəri girir. Vəziyyət lətifələrdəki kimidir: Bir gün üç nəfər liftdə qalır. Bir gün katibin qəbul otağında adamlar yığışır və sair.

Oğlu haqsız yerə həbs olunan ananın otağa daxil olması, o ana qədər səbirlə növbələrini gözləyən şəxslərin əhvalını tamam alt-üst edir, bütün gərginlik ortaya çıxır. Ananın özünü öldürmək istəməsi, birbaşa “tüpürüm belə hökumətə” deməsi filmin ümumi narrativi ilə eyniləşir. Prokuror onu inandırmağa, Rəhimov isə onu intihar fikrindən daşındırmağa çalışır. Ana, oğlunun azadlığa çıxacağı təminatı alandan sonra isə sakitləşir. Burada müəlliflər obrazları daha yaxşı tanıtmaq üçün maraqlı fəndə əl atırlar. Görüntüdə rəng dəyişikliyi ilə (bəzən sarı, bəzən qırmızı, bəzən də ağ-qara) hər bir qəhrəmanın arzu və qorxularını görməyə başlayırıq. Birinin arzusu kürsüyə çıxıb nitq söyləmək, biri millət vəkili olmaq və fransızca danışmaq, lal-karın arzusu isə onları öz avtomatı ilə qətlə yetirməkdir.

Katibin qəbul otağı birdən-birə Tarkovskinin “Zona”sına çevrilir. Burada hər kəs öz arzuları, qorxuları və xəyalları ilə üzləşməlidir. Lakin bu üzləşmə fəlsəfi sorğulamadan daha çox funksionallıq daşıyır. Məhz bu yolla qəhrəmanları daxilən tanıtmaq istənilir. Əks halda onların sıxılıb qaldığı bu otaqda keçmişləri, kimlikləri barədə məlumat almaq üçün yetərli konflikt yoxdur. Hərdən Mamed (Yaşar Nuri) və Əhməd (Əjdər Həmidov) çarəsizcəsinə yuxarıya doğru qışqırırlar. Hətta kameraya baxıb “Azadlıq, azadlıq!” deyə çığırdıqları da olur. Bu yolla müəlliflər dövrün sosial çağırışlarını kinoya birbaşa inyeksiya edirlər.

Filmin əvvəlində olan şux əhval-ruhiyyə, zarafat anlayışı siyasi çağırışların və sosial mesajların altında əzilməyə başlayır. Bəstəkar Cavanşir Quliyevin ciddi, gərgin atmosferi tamamlayan musiqisi də gülmək üçün yer saxlamır. Belə olduğu halda, elə qəhrəmanlar kimi, izləyicilərə də rahat olmaq üçün yer qalmır. Nəticədə filmin yumor/faciə balansı faciənin xeyrinə pozulur və dialoqlar güldürməməyə, ən əsası isə düşündürməməyə başlayır. Obrazların başına gələnlər, onların riyakarlığı və əxlaqlarının tamamilə aşınmaya məruz qalaraq kimliklərini itirməsi faciə elementləri ilə özünü daha qabarıq formada göstərir.

“Lətifə”nin məkanları arasında da vertikallıq mövcuddur, eynilə cəmiyyətin özündə olduğu kimi. Əgər insanlar kanalizasiya olmadığı üçün etiraz edirlərsə, liftdə ilişib qalan Əhmədin də tualet ehtiyacı var. Əhməd tualetə ehtiyacı olan kütlənin təmsilçisidir, onun heç də böyük arzuları, xəyalları yoxdur. Sadəcə pula ehtiyacı var və bu ehtiyac onu binaya bomba gətirməyə sövq edib. Mamed də elə Əhməd ilə eyni taleyi bölüşür və onlar çarəsiz proletarları təmsil edir. Katibin qəbul otağında olanlar isə orta sinfin nümayəndələridir. Nə qədər liftdəki vəziyyətdən, aşağıdakı mitinqdən xəbərdar olsalar da, həmin problemi həll etmək üçün kəskin addım atmırlar. Sadəcə, müvəqqəti olaraq yalanlar uydurur, sadə insanların onlara inanmasını gözləyirlər. Rəhimovun danışığından sonra camaatın dağılıb getməsi də bu ideyanı tamamilə aydınlığa çıxarır. O, yalandan birinci katibin işdən qovulduğunu deyir. Katibin isə heç nə marağında deyil. Onun üçün əsas problem rok və metal dinləyən gənclərdir. Əgər onları məhv edə bilsə, bütün problemlər bir anda həll olunacaq. Hakim sinfin aşağılardan xəbəri yoxdur, buna ehtiyac da duymurlar. Tapdıqları həllərə inanırlar, insanların həyatına heç bir müsbət təsiri olmasa belə…

Qapalı məkanlara ilişib qalmış insanlar çökməkdə olan SSRİ-nin təsvirini tamaşaçıya çatdırır. Hətta bütün bu simvol və metaforlarla örtülmüş hekayənin anlaşılmayacağından qorxan müəlliflər, sonda Mamedə yenə birbaşa tamaşaçılara müraciət etmək üçün şans yaradırlar. O isə insanları xəbərdar edir və deyir ki, belə davam edərsə, hər şey yerlə-yeksan olacaq və məhv olacağıq. Əlbəttə, qəhrəman burada partlamağına saniyələr qalmış bomba barədə danışır, lakin digər tərəfdən cəmiyyətə diaqnoz da qoyur.

Filmin sonluğu isə müəlliflərin özlərini ifşa etməsi və ölümə göndərməsi ilə yadda qalır. Hakimiyyəti ələ keçirən hərbi qüvvələrdən sonra, ekranda Stalin görünür və o, inqilab barəsində, daxildəki düşmənlər barəsində nitq söyləyir. Son olaraq filmin yaradıcı heyətinin məhkum geyimində olan fotoları ilə onlara açılan cinayət işləri deyilir. Beləliklə, yaradıcı heyət etdiyi bütün açıq, sərt tənqidlərə görə özlərini sığortalamaq üçün bu yolu seçirlər. Şəffaflıq və yenidənqurma dövrü olmasına baxmayaraq, 1937-ci ilin yaradıcı şəxslərin kollektiv yaddaşında qoyduğu izlər özünü bu cür göstərir. Film bitəndə isə bomba partlayır, filmin əvvəlində yanan işıq sönür və qaranlıq cəmiyyəti öz yenə öz ağuşuna alır.

Hacı Səfərov/Kinoyazar.az

Əvvəlki məqalə

Gürcüstan Aİ-nin tələbi ilə korrupsiyaya qarşı mübarizəni gücləndirir

Sonrakı məqalə

“Qərbin məqsədi Rusiyanın hərbi potensialını məhv etməkdir” –