Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrunda apardığı Vətən müharibəsinin gedişində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında şanlı Ordumuza hərbi əməliyyatları sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Nəticədə düşmənin 30 il ərzində möhkəmləndirdiyi müdafiə istehkamları yarıldı, hərbi texnikaları məhv edildi. Düşmənin işğalçı ordusunun əsgərləri döyüş mövqelərini qoyub qaçdılar. Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda, Yeni Bulvar ərazisində salınmış Hərbi Qənimətlər Parkında nümayiş etdirilən düşmən texnikası Azərbaycan Ordusunun gücünü və Müzəffər Ali Baş Komandanımızın düşməni diz çökdürən polad iradəsini bir daha bütün dünyaya göstərir.
Bunu Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.
Deputat bildirib ki, Hərbi Qənimətlər Parkı Azərbaycan tarixinin ən şərəfli səhifələrini özündə əks etdirən və açıq havada yaradılmış əsl muzey kompleksidir. Eyni zamanda, bu kompleks bundan sonra Azərbaycan torpaqlarına göz dikmək istəyən hər kəs üçün tarixi ibrət dərsi olacaq.
“30 ildən artıq müddət ərzində dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisəsi ilə bağlı baş verənlərə göz yumdu. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışmağa, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirməyə çalışdılar. Lakin Prezident İlham Əliyev tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində irimiqyaslı və məqsədyönlü iş aparıldı. Nəticədə, ötən ilin sentyabr ayının 27-dən başlayaraq 44 gün davam edən Vətən müharibəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi”, – deyən A.Naxçıvanlı qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu qazandığı parlaq Qələbə ilə tariximizin ən şərəfli səhifəsini yazdı. Təxminən 30 il işğal altında qalan torpaqlarımız azad edildi. Şanlı Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənistanın işğalçı ordusu hərbi texnikasını döyüş meydanında qoyaraq qaçdı. Ermənistan təslim oldu.
Deputatın sözlərinə görə, Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, xalqımızın sarsılmaz birliyi düşmənin belini qırdı. Bu möhtəşəm tarixi Zəfər Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı və bundan sonra artıq bütün dünya Azərbaycanın müəllifi olduğu bu reallıqlarla hesablaşmaq məcburiyyətindədir.
Yeni açılmış Hərbi Qənimətlər Parkının müstəsna əhəmiyyətindən bəhs edən deputat vurğulayıb ki, bu Parkın yaradılması milli qürurumuzun daha bir ifadəsidir. O deyib: “Heç şübhəsiz, Hərbi Qənimətlər Parkı Azərbaycanın qazandığı tarixi Zəfərin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Burada nümayiş olunan eksponatlarda Azərbaycan Ordusunun qüdrəti ilə yanaşı, Azərbaycan xalqının birliyinin gücü də əks olunur. Məhz buna görə də Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Hərbi Qənimətlər Parkı həm də milli birliyimizin daha da möhkəmləndirilməsi işinə ən böyük töhfədir”.
Vətən müharibəsi dövründə döyüş meydanında Ordumuzun qarşısında duruş gətirə bilməyən düşmənin insanlıq əleyhinə və müharibə cinayətləri törətdiyini, o cümlədən döyüş bölgəsindən uzaqda yerləşən ərazilərə raket zərbələri endirdiyini, dinc sakinləri qətlə yetirdiyini artıq bütün dünyanın bildiyini diqqətə çatdıran deputat bildirib ki, həmin faktları xronoloji ardıcıllıqla özündə əks etdirən lövhə Parkın giriş hissəsində yerləşdirilib. Burada Şuşaya atılmış “İskəndər M” raketinin qalıqları da var. Bu raketin qalıqları bizim necə bir azğın, vəhşi düşmənlə döyüşdüyümüzün ən bariz sübutlarından biridir. Prezident İlham Əliyev dediyi kimi, Şuşanı, bizim qədim şəhərimizi Ermənistan “İsgəndər-M” raketləri ilə məhv etməyə çalışırdı. Bu, erməni vəhşiliyinin, hərbi cinayətin növbəti əyani sübutudur. Lakin onlar məqsədlərinə nail ola bilmədilər. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Şuşanı düşməndən geri aldığı kimi, onu qorumağı da bilir.
Deputat vurğulayıb ki, buna görə də Hərbi Qənimətlər Parkı həm də bizim milli qürurumuzun mənəvi qida aldığı bir məkandır. Belə bir kompleksin yaradılması sözsüz ki, gənc nəslin vətənpərvər ruhda yetişməsi işinə misilsiz töhfəsini verəcək. Əminəm ki, artıq bundan sonra Hərbi Qənimətlər Parkı Bakı sakinləri və şəhərimizin qonaqları tərəfindən ən çox ziyarət edilən məkanlardan biri olacaq.
Yaşasın Müzəffər Ali Baş Komandan! Eşq olsun şanlı Azərbaycan Ordusuna!”.