Hansı rayonlarda vətəndaşlar üçün güzəştli mənzillər tikilir? –SİYAHI

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıda və regionlarda ümumilikdə 11 güzəştli mənzil layihəsinin icrasına başlayıb.

Azpost.info bildirir ki, bu barədə MİDA-nın hesabatında deyilir.  Mənzillərin  layihələndirmə və tikinti işlərinin planlaşdırılması istiqamətində zəruri addımlar atılıb.

Hazırda icrası davam etdirilən layihələr hansılardır?

Hazırda icrası davam etdirilən layihələr Lənkəran Yaşayış Kompleksi, Sumqayıt Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksidir. Bu layihələrdə ümumilikdə 4000-ə yaxın (3 692) mənzilin, 2 məktəb və 3 uşaq bağçasının tikilməsi nəzərdə tutulub.

Binəqədi Yaşayış Kompleksinin ümumi sahəsi 9 hektar təşkil edir. Yaşayış kompleksi 28 binadan ibarətdir. Bu binalarda ümumilikdə 1 398 mənzil olacaq. Yaşayış binaları ilə yanaşı ərazidə sosial-məişət obyektlərinin, uşaq oyun meydançalarının, 80 yerlik 1 uşaq bağçasının və 960 şagird yerlik ümumtəhsil məktəbinin istifadəyə verilməsi nəzərdə tutulur.

Ümumi sahəsi 2 hektar olan Sumqayıt Yaşayış Kompleksi 11 binadan ibarətdir. Bu binalarda ümumilikdə 461 mənzil olacaq. Yaşayış binaları ilə yanaşı ərazidə sosial-məişət obyektlərinin, uşaq oyun meydançalarının, 80 yerlik bir uşaq bağçasının istifadəyə verilməsi nəzərdə tutulur.

Tikintisi yekunlaşmaqda olan Lənkəran Yaşayış Kompleksində doqquzmərtəbəli 5 bina inşa edilib. Binalarda ümumilikdə 240 mənzil var.

8 hektardan çox ərazidə inşa olunan Şirvan Yaşayış Kompleksi 25 binadan ibarətdir. Artıq kompleksin inşasına başlanılıb. 9 mərtəbəli və 12 mərtəbəli binalarda ümumilikdə 1 264 mənzil olacaq. Yaşayış binaları ilə yanaşı ərazidə sosial-məişət obyektlərinin, uşaq oyun meydançalarının, 80 yerlik olmaqla 1 uşaq bağçasının və 960 şagird yerlik ümumtəhsil məktəbinin istifadəyə verilməsi nəzərdə tutulur.

2 hektara yaxın ərazidə inşa olunan Yevlax Yaşayış Kompleksi 7 mərtəbəli olmaqla 6 binadan ibarətdir. Bu binalarda ümumilikdə 329 mənzil olacaq.

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən ölkənin digər regionlarında da güzəştli mənzillərin tikintisi məqsədilə müvafiq torpaq sahələrinin müəyyənləşdirilməsi və əhalinin mənzil ehtiyacının öyrənilməsi istiqamətində araşdırma işləri mütəmadi olaraq aparılır və nəticələrinə uyğun olaraq torpaq sahələri seçilərək tikinti işləri həyata keçirilir.

Əvvəlki məqalə

Şuşada bayram namazı qılınıb

Sonrakı məqalə

Çempionlar Liqasının dörddəbir finalı bu gün yekunlaşacaq