İcbari tibbi sığorta çərçivəsində göstərilən bir sıra tibbi xidmətlərin çeşidi artırılacaq

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Xidmətlər Zərfinin yenilənməsi məqsədilə ictimai müzakirələrə başlayıb.

Bu barədə agentlikdən məlumat verilib.

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, ictimai müzakirələrin əhəmiyyəti, yalnız mütəxəssislərin fikirlərini dinləməklə bitmir: “Bu, eyni zamanda, cəmiyyətin tələblərini, gözləntilərini və fikirlərini öyrənmək, tibbi xidmətləri daha əlçatan və effektiv etmək üçün bir platformadır. Təminata alınan tibbi xidmətlərin çeşidinin artırılması və tənzimlənməsi vətəndaşlarımızın rifahına müsbət təsir göstərəcək”.

Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva bildirib ki, ürək-damar xəstəlikləri dünyada ən çox yayılan xəstəliklər statistikasında ilk üçlüyə daxildir: “İnvaziv müdaxilələr erkən mərhələdə problemlərin daha dəqiq aşkarlanması və müalicəsi üçün zəmin yaradır. Məqsədimiz yenilənəcək Xidmətlər Zərfində invaziv kardiologiya və kardiocərrahi xidmətlərlə bağlı mütəxəssislərin rəy və təkliflərini nəzərə almaqla tibbi xidmətlərin vətəndaşlar üçün əlçatan olmasını təmin etməkdir”.

Tibbi xidmətlərin tənzimlənməsi və texniki qaydaları şöbəsinin müdiri Səlim Hüseynzadə təklif olunan dəyişikliklərlə bağlı təqdimatla çıxış edib: “Təklif edilən dəyişikliklərdə ürək çatışmazlığı, qəfil ürək dayanması, beyin infarktı, böyrək çatışmazlığı, portal hipertenziya ilə bağlı Xidmətlər Zərfində mövcud olan bir sıra tibbi xidmətlərin çeşidinin artırılması da nəzərdə tutulur. Bura beyin və boyun anevrizmalarının endovaskulyar embolizasiyası, qan damarının sintetik qreftlə bərpası, ürək damarlarında aparılan digər əməliyyatlar, intraabdominal venoz şuntlama, hemodializ üçün arteriovenoz şuntlamanın reviziyası və başqa xidmətlər aiddir. Bundan başqa, hazırlanan yeni Xidmətlər Zərfində tibbi xidmətlərin adı daha izahlı və ətraflı yazılıb. Məsələn, ürək cihazlarının implantasiyası ilə bağlı xidmətlərdə elektrokardiostimulyatorun növləri, əməliyyata daxil olan prosedurların təfərrüatlı ifadəsi, trombolizis terapiyası zamanı istifadə olunan fibrinolitik maddələrin adları qeyd olunub”.

Tibbi yardımın maya dəyərinin hesablanması xidmətinin rəhbəri Orxan Qənbərov xidmətlər üzrə tariflərin hesablanması üçün qiymətə təsir edən xüsusi tibbi sərfiyyat və tibbi ləvazimatların siyahısını tərtib etməyi təklif edib.

Həmçinin gələcək illərdə baza tariflərlə yanaşı yaş, cins və digər amilləri nəzərə alan risk əsaslı əmsalların tətbiqinin mümkünlüyünü qeyd edib.

Qeyd edək ki, analoji müzakirələrin həmçinin neyrocərrahiyyə, travmatologiya, oftalmologiya və digər xidmətlərə dair aparılması da nəzərdə tutulub.

Əvvəlki məqalə

Xalq şairi Xəlil Rza Ulutürkün doğum günüdür

Sonrakı məqalə

Pentaqon rəhbəri Kiyevə gəlib