İran və Azərbaycan arasında ticarət dövriyyəsi nə qədərdir? –

Qonşu ölkədən nə alırıq, nə veririk? (RƏQƏMLƏR)
14 İyun 2021 - 16:17

Cari İran ilinin 2 ayı (21 mart -21 may 2021) ərzində İranın Azərbaycanla ticarət dövriyyəsi 58,8 milyon dollar dəyərində, təxminən 137 min ton təşkil edib.

Bunu Trend-ə açıqlamasında İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib. Onun sözlərinə görə, qeyd olunan müddətdə İran Azərbaycana 56,3 milyon dollar dəyərində 135 min tondan çox məhsul ixrac edib.

Lətifi əlavə edib ki, İran Azərbaycana 14 milyon dollar dəyərində ərzaq və qida məhsulları, o cümlədən meyvə, tərəvəz, şirni və çərəz ixrac edib.

Gömrük rəsmisinin sözlərinə görə, 2 ay ərzində İran Azərbaycandan 2,5 milyon dollar dəyərində 1,67 min ton məhsul idxal edib. İdxal olunan məhsullar əsasən sıxılmış soya, izopropil spirti, avtobus və mikroavtobus, avtomobil ehtiyat hissələri, sənaye və torna dəzgahları avadanlıqları, qaz generatorları, qaynaq dəzgahı, qida əlavələri və sair olub.

Lətifi deyib ki, ötən İran ilində (20 mart 2020 – 20 mart 2021) İran Azərbaycana təxminən 511 milyon dollar dəyərində 1 milyon ton məhsul ixrac, Azərbaycandan 76,1 milyon dollar dəyərində 28,6 min ton məhsul idxal edib.