İranın xarici işlər naziri Cavad Zərif Naxçıvana səfər edib

Yanvarın 30-da İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.

Ali Məclisin Sədri qonağı Naxçıvanda görməkdən məmnunluğunu bildirmiş və muxtar respublikaya səfərinin  əhəmiyyətini vurğulayıb.

Məhəmməd Cavad Zərif göstərilən səmimi münasibətə görə minnətdarlıq edərək deyib: “İran İslam Respublikası Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrə mühüm əhəmiyyət verir. Sevinirəm ki, Azərbaycana budəfəki səfərimi   Naxçıvan Muxtar Respublikasında başa çatdırıram. İran İslam Respublikası Qarabağın işğaldan azad olunmasına çox şaddır. Səfərimin məqsədi region ölkələri arasında sülhün bərqərar olunması və  yeni əməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparmaqdır. Ümid edirik ki, yaxın gələcəkdə  bölgədə çoxtərəfli əməkdaşlığın təşkilinə nail olunacaq. Bu mənada, Naxçıvan Muxtar Respublikasının regionun birləşməsində çox mühüm əhəmiyyəti var”.

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasındakı əlaqələrdən danışan Ali Məclisin Sədri bildirib ki, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması bölgə üçün geniş imkanlar açır. Naxçıvan isə bölgənin logistik mərkəzidir. Regional əməkdaşlığa 30 il bundan əvvəl də başlamaq olardı. Lakin Ermənistanın uzun illər həyata keçirdiyi işğalçılıq siyasəti bölgənin inkişafına böyük maneçilik törətdi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi və Naxçıvandakı Baş konsulu Seyid Əhməd Hüseyni görüşdə iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezidentin və Birinci vitse-prezidentin tapşırıqlarının icrasına elektron qaydada nəzarət olunacaq –

Sonrakı məqalə

Zakir Həsənov Türkiyə Müdafiə nazirinin müavini ilə görüşüb –