İslahatların indikatoru olan “Strateji Yol Xəritəsi” necə icra olunur? –Qubad İbadoğlunun TƏHLİLİ

Qubad İbadoğlu

İqtisadçı – ekspert

“Turan İA, “ASTNA” Analitik Mərkəzi

Azərbaycanda iqtisadi islahatlar mövzusuna müxtəlif prizmalardan fərqli baxışlar bu yazının ərsəyə gəlməsində əhəmiyyətli rol oynayıb.  Bu məsələyə münasibətdə bir-birinə zidd olan  2 yanaşma hökm sürür.

Rəsmilər ölkədə islahatların sürətlə getdiyi və əhəmiyyətli nəticələr verdiyi qənaətindədir. Müstəqil və müxalif dəyərləndimələrdə isə islahatın imitasiya xarakteri daşıdığı iddia olunur. Bizim məqsədimiz iqtisadi islahatlar üçün konseptual baza hesab edilən sənədlərdə müəyyənləşdirilmiş  hədəfləri aralıq dövrün göstəriciləri vasitəsilə qiymətləndirməklə islahat adı ilə aparılan struktur və kadr dəyişikliklərinin  ilkin nəticələrini ölçməkdir.

3 il bundan əvvəl  06 dekabr 2016-cı ildə  Azərbaycan Respublikası Prezidenti  “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Fərman” imzalayıb.  “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”[2]ndə (bundan sonra Strateji Yol Xəritəsi-SYX)  milli iqtisadiyyat perspektivi çərçivəsində dörd strateji hədəf seçilib. Bu hədəflərin və 11 sektor üzrə strateji yol xəritələrinin həyata keçirilməsi nəticəsində real və maliyyə sektorları arasında tarazlığın təmin edilməsi yolu ilə qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı gözlənilir.

SYX-də ilk strateji məqsədə uyğun olaraq Azərbaycanda fiskal dayanıqlılıq təmin edilməsi və monetar siyasət üzən məzənnə rejimi üzərində qurulması planlaşdırılıb.  Milli iqtisadiyyat perspektivində ikinci strateji məqsəd kimi  paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin  fəaliyyətində səmərəliliyin artırılması və özəlləşdirmənin həyata keçirilməsi yolu ilə iqtisadi dinamikliyi təmin edilməsi müəyyənləşdirilib. Üçüncü strateji məqsəd insan kapitalının inkişafı ilə bağlıdır ki, bununla da hökümət əmək bazarının inkişafı etdirməklə onu milli iqtisadiyyat perspektivinə uyğunlaşdırılacaqdır. Nəhayət, dördüncü strateji məqsəd biznes mühitinin daha da yaxşılaşdırılmasını nəzərdə tutur.

Birinci yazıda  son üç ildə 4 strateji  məqsədə nə dərəcədə nail olmağa çatmağı  qiymətləndirməyə çalışacağıq.  Bunun üçün öncə keyfiyyət dəyişikləri üzərində qurulan strateji məqsədlərə əlçatanlığı ölçək.

1) Fiskal dayanıqlılıq təmin edilməsi üçün monetar siyasətin üzən məzənnə rejimi üzərində qurulması planlaşdırılsa da ABŞ dollarının məzənnəsi uzun müddətdir ki, 1,7001 AZN/USD səviyyəsində sabit saxlanılır.  Bunun səbəbini izah edən  Mərkəzi Bankın sədri Elman Rüstəmov  deyib ki,  manatın tam üzən məzənnə rejiminə keçidi mərhələli şəkildə baş verməlidir, bu proses müəyyən vaxt və bir sıra tənzimləyici qərarların qəbul olunmasını tələb edir.  O həmçinin onu da qeyd edib ki, “əhalinin və iş adamlarının marağını nəzərə alaraq, manatın kəskin ucuzlaşması və yaxud bahalaşmasını istəmirik. Məzənnə siyasətində “üzən məzənnə” rejiminin tərkib hissəsi olan “aralıq rejim” tətbiq edilir.

SYX-də bu strateji məqsədin müəyyənləşdirilməsində 3 ildən çox vaxt ötməsinə baxmayaraq ona çatmaq istiqamətində əhəmiyyətli addım atılmamışdır, əslində Mərkəzi Bankın “aralıq rejim” adlandırılan rejim  idarə olunan sabit məzənnə rejimindən heç nə ilə fərqlənmir. Halbuki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 2017-ci il üzrə monitorinq və qiymətləndirmə nəticələrinə əsasən tərtib etdiyi hesabatda deyilirdi ki,  2020-ci ildən Azərbaycanda tam üzən məzənnə rejimi tətbiq olunacaq.  Lakin,  son 3 ildə Mərkəzi Bank məzənnə siyasətində dəyişiklik etmədiyindən qarşıya qoyulan məqsədə nail olunmamışdır. Bu da öz növbəsində iqtisadiyyatın, xüsusilə də xarici ticarət və investisiya sahəsinin milli valyutanın tənzimləmə və stimullaşdırma funksiyalarından faydalanmadığını deməyə əsas verir.

2) İqtisadi dinamikliyi təmin edilməsi hədəfinə çatmaq üçün paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin  fəaliyyətində səmərəliliyin artırılması və özəlləşdirmənin həyata keçirilməsi  nəzərdə tutulsa da ötən dövr ərzində  bu prosesdə də xüsusi  dəyişiklik müşahidə olunmayıb. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin  açıqlamalarına görə, dövlət müəssisələri bazasında yaradılmış səhmdar cəmiyyətlərinin  sayı 1607  olub ki, onlardan da yalnız 3-ü son 2 ildə formalaşıb.  Bununla yanaşı  “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” ölkə prezidentinin 2015-ci il 15 iyul tarixli Fərmanının icrası tam  təmin olunmayıb. Fərmanda nəzərdə tutulan “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin sağlamlaşdırılması sahəsində addımlar atılsa da, onun özəlləşdirilməyə hazırlığı ləng aparılır. Belə ki,  Fərmanla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və Azərbaycan Respublikası Mərkəzi Bankının rəyləri nəzərə alınmaqla “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nizamnamə kapitalında dövlətə məxsus səhmlərin özəlləşdirilməsi üzrə tədbirlər planını altı ay müddətində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməli idi. Lakin, həmin vaxtdan ötən 4 il ərzində bu barədə görülən işlərə dair məlumat açıqlanmayıb. Yalnız Maliyyə naziri Samir Şərifov 2018-ci ildə mətbuata verdiyi açıqlamasında bildirib ki, Beynəlxalq Bankın dövlətə məxsus səhmlərinin özəlləşdirilməsində marağı olan şirkətlər var. O əlavə edib ki,  “Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi ilə bağlı ilk növbədə məsləhətçi cəlb olunmalı, bankın biznes strategiyası hazırlanmalıdır. Yəni bu proseslər hələ də gedir. Potensial investorlar Bankın aktivlərini əldə etməzdən əvvəl onun bazardakı roluna, yerinə, xüsusi çəkisinə, biznes modelinə diqqət yetirəcək və bütün bunların əsasında yekun qərar qəbul edəcəklər”.

Bu strateji məqsədin ikinci  hədəfi dövlət müəssisələrinin islahat proqramının həyata keçirilməsi nəticəsində dövlət sektorunun iqtisadiyyatdakı səmərəliliyinin yaxşılaşdırılmasıdır. Bununla əlaqədar olaraq onu bildirmək istərdim ki, son 3 ildə dövlət mülkiyyətində olan şirkətlərin yenidən strukturlaşdırılması və ya özəlləşdirilməsi istiqamətində heç bir addım atılmayıb.  Odur ki, Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış  və dövlət mülkiyyətində olan şirkətlərə icraçı kimi ötürülmüş kreditlər üzrə daxilolmalar üzrə icra səviyyəsi aşağı olaraq qalır. Odur ki, onların xarici kreditlər üzrə  yaranmış borclara xidmətinin əsas maliyyə mənbəyi dövlət büdcəsinin  gəlirləri təşkil edir.   Beləliklə də hesabat ilində xarici dövlət borcuna xidmətlə əlaqədar 2017 və  2018-ci  ilin dövlət büdcəsindən  müvafiq olaraq 9,2 və 9,9 faiz olmuşdur.

2019-cu il üçün xarici dövlət borcu üzrə ödənişlər 2162171,0 min manat məbləğində proqnozlaşdırılmışdır ki, bu da dövlət borcuna xidmətlə bağlı xərclərin ümumi məbləğinin 92,6 faizinə, dövlət büdcəsi gəlirlərinin 9,4 faizə, dövlət büdcəsi xərclərinin 8,7 faizinə bərabərdir.

Baxmayaraq ki,  xarici dövlət borcuna xidmətlə əlaqədar göstəricilər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” da təsbit edilmiş limitdən (Strategiya  ilə  müəyyən  olunmuş  limit 15 faizdir) aşağı olub, lakin büdcə vəsaiti hesabına ödənilən xarici borcların əsasən dövlət mülkiyyətində olan müəssisələrin payına düşməsi bu sektorda idarəçiliyin  düzgün qurulmadığını və islahat potensialının yükək olmasını deməyə əsas verir.  Bununla yanaşı, hesabat dövründə dövlət mülkiyyətində olan şirkətlər büdcə ssudaları və subsidiyalarının da əsas istifadəçiləri olaraq qalıb.

 

3) Hökümətin əmək bazarını inkişafı etdirmək hədəfinə çatmaq üçün insan kapitalına sərmayələrinə gəlincə,  bu sahədə aparıcı rola malik olan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” müddəti bitdikrən  sonra uzadılmamışdır. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən maliyyələşdirilməsi başa çatan  “Xaricdə təhsil üzrə Dövlət Proqramı”na indiyədək 212,7 milyon manat vəsait xərclənsə də bu məbləğ 12 ildə insan kapitalına qoyulan sərmayə olaraq yetərli sayıla bilməz.  2016-cı ildən 2020-ci ilədək bu məqsədlə xərcləmələr yalnız yarımçıq qalmış xaricdə təhsil layihələri çərçivəsində olmuşdur. Yalnız ARDNF-nin 26 dekabr 2019-cu ildə təsdiq olunmuş 2020-ci il büdcəsində  “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 10 milyon manat vəsait ayrılması nəzərdə tutulub.   Bütövlükdə təhsil və səhiyyə sahəsində insan kapitalına yönələn dəyişiklərə gəlincə, hesabat dövründə pilot qaydada sınaqdan keçirilən icbari tibbi sığortanın tətbiqinə 2020-ci ildən mərhələlər üzrə başlanması təqdir olunur.  İnsan kapitalının inkişafında əhəmiyyətli rol oynayan elm xərclərinə gəlincə, 2018-ci ildə elm  xərcləri  üzrə  müəyyən  olunmuş  122949,4  min manat  vəsait  hesabat  ilində  117793,9  min  manat  məbləğində  və  ya  95,8 faiz səviyyəsində  icra  olunub, həmin il üzrə dövlət büdcəsinin xərclərində elm xərclərinin xüsusi çəkisi 2016-cı və 2017-ci ilin müvafiq  göstəriciləri  ilə müqayisədə  0,1 faiz  bəndi  az  olub.  Təhsil xərclərinə gəlincə, 2019-cu ildə dövlət büdcəsindən bu məqsədlə 2274570,2 min manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2017-ci ilin icrasından 531879,8 min manat və ya 30,5 faiz, 2018-ci ilin müvafiq göstəricisindən isə 230580,7 min manat və ya 11,3 faiz çoxdur.

 

4) Nəhayət, dördüncü strateji məqsəd üzrə biznes mühitinin daha da yaxşılaşdırılmasına gəlincə, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti 2 iyun 2017-ci ildə sərəncam imzalamışdır. Lakin, 2019-cu ildə Dünya Bankının “Biznesə başlamalı” hesabatında  Azərbaycanın  mövqeyi əvvəlki illə müqayisədə 9 pillə pisləşib.  Eyni zamanda dövr ərzində Dünya İqtisadi Forumunun (WEF) dərc etdiyi qlobal rəqabət qabiliyyəti hesabatında Azərbaycanın mövqeyi 2017-ci ildəki 39-cu yerdən 2018-ci ild  69-cu yerə enib və 2019-cu ildə isə 11 pillə qalxaraq 58-ci olub. Göründüyü kimi, hesabat dövründə biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı işlər rəvan getməmişdir. Azərbaycanın hələ də dünyanın rəqabətqabliyyətli 50 ölkəsindən biri olmaması bu sahədə islahatların  gedişinin zəif olmasının göstəricidir.

Bununla yanaşı hesabat dövründə diqqəti çəkən məqamlarda biri də “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli prezident fərmanında  sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması nəzərdə tutulsa da bu iş də ləngiyir.

Əlavə olaraq onu da qeyd etmək istərdim ki, hesabat dövrü ərzində vergitutma şərtlərinin, vergi dərəcələrinin tez-tez dəyişməsi yerli investorların əlavə investisiya qoyub biznesini böyütməsinə və xarici investorların ölkəyə gəlişinə əngəl yaradan ən böyük səbəblərdəndir. Vergi Məcəlləsinə edilən dəyişikliklər o qədər çox  və sürətlə olur ki, sahibkar köhnə dəyişikliklərini mənimsəməmiş  qaydalar yenidən dəyişir.

Yekunda bildirmək istərdim ki, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə “Strateji Yol Xəritəsi”ndə müəyyələşdirilmiş  4 strateji məqsədin  birinci ikisi ilə bağlı irəliləyiş qeydə alınmamış, 3-cü və 4-cü məqsədlər üzrə  nəzərdə tutulan tədbirlər qismən icra olunmuşdur. Odur ki, strateji məqslədlərə nail olmaq üçün  qarşıdakı 5 il ərzində  görüləsi  daha çox işlər vardır. Bu isə hakimiyyətdə çevik struktur dəyişiklikləri və institutsional islahatlar tələb edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Angela Merkel Rusiyaya gedir

Sonrakı məqalə

“Oqtay Gülalıyev özü qida qəbul edir, danışanları eşidir” –