Yay aylarında temperaturun yüksəlməsi ilə insanların çoxu sərinləmək üçün buzlu su, qazlı içkilər və soyuq qəhvəyə üstünlük verir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, həddindən artıq soyuq içkilər bəzi hallarda sağlamlıq problemlərinə səbəb ola bilər.
Azpost.info xəbər verir ki, ABŞ-ın Mayo Clinic və Böyük Britaniyanın NHS mütəxəssisləri isti havalarda kifayət qədər maye qəbulunun vacibliyini vurğulasalar da, buz kimi soyuq içkilərin sürətlə və çox miqdarda qəbul edilməsini tövsiyə etmirlər.
Həkimlərin sözlərinə görə, çox soyuq maye boğazda qan damarlarının daralmasına səbəb ola bilər. Xroniki boğaz və ya sinus problemi olan insanlarda bu, narahatlıq yarada bilər. Bəzi insanlarda isə buzlu içkilər baş ağrısını tətikləyən amillərdən biri hesab olunur.
Mütəxəssislər bildirirlər ki, isti havalarda ən yaxşı seçim otaq temperaturunda və ya yüngül sərin sudur. Belə su orqanizm tərəfindən daha rahat mənimsənilir və susuzluğu effektiv şəkildə aradan qaldırır.
Dietoloqlar qeyd edirlər ki, tərləmə nəticəsində yalnız su deyil, natrium və kalium kimi minerallar da itirilir. Buna görə uzun müddət günəş altında qalan şəxslər mineral tərkibli sulara və kaliumla zəngin meyvələrə üstünlük verməlidirlər.
Həkimlər xüsusilə yaşlı insanlara, uşaqlara və ürək-damar xəstəliyi olan şəxslərə günün ən isti saatlarında açıq havada uzun müddət qalmamağı, mütəmadi maye qəbul etməyi və susuzluq hissini gözləmədən su içməyi tövsiyə edirlər.
Sunay Aydın