Karbon emissiyalarını azaltmaq üçün Azərbaycana 44 milyard dollar lazımdır

İqlim maliyyəsi axınları son on il ərzində yüksələn templə artmaqdadır. Lakin bu həcm Paris Sazişinin məqsədlərinə çatmaq üçün tələb olunan səviyyədən çox geri qalır.

Bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev Bakıda keçirilən “Yaşıl maliyyə və dayanıqlı inkişaf forumu”nda çıxışı zamanı deyib.

O bildirib ki, araşdırmalara görə, 2030-cu ilədək illik olaraq 8-9 trilyon dollar, 2050-ci ilə qədər isə illik 10-11 trilyon dollar iqlim maliyyəsi tələb olunur.

“Bu məbləğ “net sıfır” üçün ümumilikdə təxminən 270 trilyon dollar təşkil edir. Müqayisə üçün, bu gün qlobal ÜDM isə təqribən 100 trilyon dollarıdır. Bununla belə, izlənilən qlobal iqlim maliyyəsi ilk dəfə 2022-ci ildə 1 trilyon dolları ötüb və 1,3 trilyon dollara çatıb. Müxtəlif tədqiqatlar mövcud siyasətlərin davam etdiyi təqdirdə, istiləşmənin 3°C-ni aşacağını və bunun 2050-ci ilədək ÜDM-in ən azı 18 faizi, 2100-cü ilə qədər isə 20 faizi qədər makroiqtisadi itkilərə səbəb olacağını göstərir. Məsələyə ölkə miqyasında baxdıqda isə Dünya Bankı Qrupunun İqlim və İnkişaf Hesabatında Azərbaycanın karbon emissiyalarını sürətlə azaltmaq üçün 2060-cı ilə qədər 44 milyard dollar məbləğində investisiyaya ehtiyac olduğu bildirilir. Bu investisiyaların əhəmiyyətli bir hissəsi özəl sektorun, eləcə də bank sektorunun iştirakı ilə – 60 faizi hökumət və ictimai qurumlar tərəfindən, qalan 40 faizi isə banklar tərəfindən maliyyələşdirilməsi təmin edilə bilər”, – deyə Zakir Nuriyev əlavə edib.

ABA sədri onu da vurğulayıb ki, bu çağırışların öhdəsindən gəlmək üçün həm dövlət sektoru, həm də özəl sektor tərəfindən investisiyaların cəlb edilməsinə dəstək verilməlidir: “Dövlət və beynəlxalq maliyyə qurumları, eləcə də xarici investorlar ilə əməkdaşlıq gücləndirilməli, banklar tərəfindən yaşıl kreditlər və digər iqlim maliyyə alətləri təqdim edilməlidir. Yaşıl maliyyə üçün dövlət-özəl tərəfdaşlıqları genişlənməli, banklar yaşıl kreditlər və dayanıqlı maliyyə alətləri ilə bazara dəstək verməlidir. Gələcək 36 il ərzində banklar tərəfindən yaşıl maliyyəyə yönləndirilməsi məqsədə uyğun hesab edilən həcm 17.6 milyard dollardır. Yəni növbəti dövrdə təqribən bank sektorumuz hazırkı kredit portfeli böyüklüyündə vəsaiti sırf yaşıl layihələrə yönləndirməlidir – bu, olduqca böyük bir çağırışdır”.

Əvvəlki məqalə

Milli Məclisin iclası başlayıb

Sonrakı məqalə

ABŞ səfirliyi Azərbaycanda Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib