Lənkəran Dram Teatrı Lerikdə “Haqqın 44 günü” tamaşasını nümayiş etdirib –FOTOLAR

Noyabrın 25-də Lənkəran Dövlət Dram Teatrının truppası “Haqqın 44 günü” tamaşasını Lerikdə nümayiş etdirib.

Bu barədə Azpost.info-ya teatrın baş inzibatçısı Namiq Ağayev məlumat verib. Onun sözlərinə görə, Lerik Rayon Mədəniyyət Mərkəzində oynanılan tamaşadan əvvəl torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Lənkəran teatrının direktoru Tofiq Heydərov çıxış edərək yaradıcı kollektivin “Şuşa ili” ilə bağlı bir sıra layihələr üzərində çalışdığını bildirib və təqdim olunan “Haqqın 44 günü” tamaşasının bu layihə çərçivəsində hazırlandığını, indiyəcən tamaşanın Salyan, Neftçala, Cəlilabad, Biləsuvar və Masallı rayonlarında, habelə hərbi hissələrdə oynanıldığını qeyd edib.

Daha sonra tamaşaya baxış olub.

Vətən müharibəsində qazanılmış böyük zəfərimizi vəsf edən tamaşanı rayonun icra strukturlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri ilə yanaşı şəhid ailələri də seyr ediblər. Səhnə əsərində müharibələrin xalqların taleyində, gündəlik həyat və məişətində törətydiyi ağrı-acılardan bəhs olunur. Amma Müzəffər Milli Ordumuz özünün
yüksək əzmkarlığı ilə 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı 44 gün müddətində düşmən tapdağından xilas etməklə üzərinə düşən vəzifənin öhdəsindən ləyaqətlə gəlməyi bacarır.


Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Rollarda teatrın gənc aktyor və aktrisalardan Gülər Kərimlir, Səyad Əliyev, Emil Tağı, Şəbnəm Hüseynova, Aysel Cahangirova, Amil İbrahimli, Teymur Hacızadə və Günel Abbaszadə çıxış ediblər.

Əvvəlki məqalə

Neftçalaya yeni magistral su kəməri çəkilir –

Sonrakı məqalə

Seneqal Qətəri məğlub edib –