“Azərenerji” ASC Laçın rayonu ərazisində yerləşən, 8 meqavat gücündə “Güləbird” Kiçik Su Elektrik Stansiyasında təmir-bərpa işləri aparır və işlər yekunlaşmaqdadır.
“Azərenerji” ASC-dən verilən məlumata görə, döyüşlər zamanı ziyan dəymiş avadanlıqlar – stansiyanın maşın zalları, aqreqatları, generatorları, idarəetmə panelləri, transformatorları yenisi ilə əvəzlənir və ya təmir edilir. Eyni zamanda Həkəri çayından gələn suyu hidroaqreqatlara ötürən və döyüşlər zamanı partlayaraq darmadağın olan boru da yenidən çəkilir.
Növbəlilik əsasında aparılan sürətli işlər nəticəsində “Güləbird” Kiçik Su Elektrik Stansiyasının yaxın müddətdə istismara verilməsi planlaşdırılıb. Bunun üçün işə xüsusi briqadalar, podratçı təşkilatlar və mütəxəssislər cəlb edilib.
İlkin olaraq “Güləbird” Kiçik Su Elektrik Stansiyasındakı generatorun 10 kV-luq tərəfindən çıxan gərginlik Laçın və Qubadlıdakı yaxın ərazilərdəki hərbi hissələrə, gələcəkdə isə yüksək gərginlik xətt vasitəsilə Qubadlıda tikiləcək yeni 110 kV-luq yarımstansiyaya ötürüləcək.
Məlumatda o da bildirilir ki, erməni qəsbkarları Azərbaycanın işğaldan azad olunan ərazilərində, ələlxüsus Kəlbəcər, Laçın və digər rayonlarda vaxtilə mövcud olan kiçik su elektrik stansiyalarını darmadağın edərək yararlı avadanlıqlarını söküb aparıb, apara bilmədiklərini yandırıb və ya partladıblar. Hazırda həmin elektrik stansiyalarından heç biri ümumiyyətlə yararlı vəziyyətdə deyil və tamamilə dağıdılıb.