“Mən siyasi məhbus deyiləm…” –Sabiq deputat Nazim Bəydəmirlinin məhkəməsi /FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Azpost.info bildirir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin şəxsi məlumatları dəqiqləşdirilib.

Bəydəmirlinin vəkili Aqil Lahıç bildirib ki, müvəkkilinə qarşı irəli sürülən ittihamlar çox absurddur: “1996-cı ildə Lipetskdə baş verən hadisəyə görə adamı günahlandırmaq absurddur. Müvəkkilim cinayət işində təqsirləndirilən şəxs olmasa da, mühakimə olunur. Nazim Bəydəmirlinin Ədalət Bağırovla mənimsəmə və vergidən yayınma ilə bağlı məhkəmə çəkişmələri var. Müvəkkilim cəmiyyətdə tanınan şəxsdir, ziyalıdır”.

Daha sonra Bəydəmirlinin özü çıxış edib, o, heç bir cinayət törətmədiyini bildirib: “Mən Ədalət Bağırovdan heç nə tələb etməmişəm, həbsini istəməmişəm. Mən sadəcə ona başa salmaq istədim ki, biz tərəfdaşıq və səhmlərin 30 faizi mənə məxsusdur. Bundan müstəntiqin də xəbəri var idi. Mən Bağırovu hədələməmişəm, təhqir etməmişəm və videosunu yaymamışam. Sadəcə olaraq bu şəxslə bağlı aidiyyatı dövlət qurumlarına müraciət etdim”.

Təqsirləndirilən şəxs siyasi məhbus olmadığını da bildirib: “Adımdan istifadə etməyə ehtiyac yoxdur. Mən siyasi məhbus deyiləm, heç bir siyasi qüvvəyə mənsub deyiləm, siyasi fəaliyyətə görə həbs olunmamışam. Məni ancaq ekoloji məhbus adlandırmaq olar, bəlkə də Gədəbəydəki çıxışlarım kiminsə xoşuna gəlməyib. Müəyyən qrupların mənim adımdan istifadə etməsini istəmirəm. Mən iqtidardan da, müxalifətdən də eyni məsafədəyəm. Dövlətə, vətənə bağlıyam. Mənim işimə əgər baxılırsa günahsızlığımı sübut etmək üçün imkanı verilməsini xahiş edirəm. Sizdən xahiş edirəm ki, həbsim alternativ həbs-qətimkan tədbiri ilə əvəz olunsun”.

Məhkəmə Bəydəmirlinin vəsatətini təmin etməyib. Vəsatətlərdən biri həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, ikincisi isə iddia edilən cinayət işi üzrə iddia müddətinin başa çatması ilə bağlı olub. Vəkilin sözlərinə görə, cinayət işində iddia edilən cinayət 30 il əvvəl baş verib. Bu səbəbdən cinayət təqibinə xitam verilməlidir.

Məhkəmə prosesi mayın 13-nə təyin edilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində Mürsəl İbrahimov və Ədalət Bağırov tanınıb.

Əvvəlki məqalə

İstanbulun Taksim meydanında 1 May nümayişi qadağan edilib

Sonrakı məqalə

NATO Baş katibi Zelenski ilə görüşüb