İlon Maskın “SpaceX” şirkəti ABŞ Federal Rabitə Komissiyasından (FCC) süni intellekt data mərkəzləri üçün nəhəng peyk şəbəkəsinin yaradılmasını nəzərdə tutan “Starmind” layihəsini həyata keçirmək icazəsi alıb. Plana əsasən, 2035-ci ilə qədər orbitə 100 min peyk çıxarılmalıdır. Gələcəkdə Yer ətrafında peyklərin sayı 1 milyona qədər arta bilər. Şirkət layihəni texnoloji sıçrayış hesab etsə də, alimlər bunun Yer üçün təhlükəyə çevrilə biləcəyindən ehtiyat edirlər.

Azpost.info xəbər verir ki, kosmosda data mərkəzlərinin yerləşdirilməsi günəş enerjisindən istifadə etmək və təbii soyutma imkanlarından yararlanmaq məqsədi daşıyır. “SpaceX” hesab edir ki, bu yolla Yer üzündəki infrastruktura düşən həddindən artıq yükü azaltmaq mümkündür.

Kosmik data mərkəzlərinin lehinə olan digər arqument isə suya qənaətdir. Yerüstü server kompleksləri soyutma üçün hər il yüz milyardlarla litr su sərf edir. Bu, çox vaxt su ehtiyatlarının qıt olduğu bölgələrdə baş verir.

Ekspertlərin əsas şübhələri layihənin ideyasından daha çox onun miqyası və mümkün ekoloji nəticələri ilə bağlıdır. Hesablamalara görə, “SpaceX” 2040-cı ilə qədər orta hesabla hər saat təxminən 8 peyk buraxmalı olacaq. Bu, ozon qatına ciddi zərər vura bilər.

Kosmik tullantıların artması da narahatlıq doğurur. Bu, Yerə yaxın kosmosun gələcəkdə istifadəyə yararsız hala düşməsi riskini yarada bilər.

N.Talıblı