“Meliorasiya və Su Təsərrüfatı” ASC-də nöqsanlar aşkarlanıb

Hesablama Palatası “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərdən istifadəyə dair apardığı auditin nəticəsini açıqlayıb.

“Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatda bildirilir ki, audit respublikanın regionlarında subartezian quyularının layihələndirilməsi və tikintisi üçün aparılıb.

Audit nəticəsində “Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 noyabr tarixli 647 nömrəli Sərəncamının 1-ci hissəsi ilə Ağdam rayonunda 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədi ilə 35 subartezian quyusunun layihələndirilməsi və qazılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə ayrılan 2500,0 min manat məbləğində vəsaitdən yalnız 700,0 min manat məbləğində maliyyələşmənin açılaraq icra olunması, qalan 1800,0 min manat məbləğində vəsaitin isə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 noyabr tarixli 647 nömrəli Sərəncamının 1-ci hissəsinə uyğun olmayaraq (vəsaitin mənbəyi və maliyyələşdirildiyi il) 2019-cu ilin dövlət büdcəsinin “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsində nəzərdə tutulmuş “İslahatlarla bağlı xərclər”dən açılması ilə bağlı Maliyyə Nazirliyinə məlumat verilib.

Eyni zamanda əkin sahələrinin suvarma suyuna və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə subartezian quyularının yeri və sayı barədə təkliflər hazırlanarkən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanının tələblərinə qismən əməl edilmədiyi, su çatışmazlığına görə bələdiyyə və əhali qruplarının şikayət və təklifləri üzrə dəqiq araşdırmaların aparılmaması, subartezian quyularının layihələndirilməsi zamanı quyu yerlərinin müəyyən edilməsinin Azərbaycan Respublikası Prezidentinin sərəncamlarında qoyulan məqsədlərə və müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun olmaqla daha çox su istehlakçılarının suya olan tələbatının ödənilməsinə və suya olan əlçatanlığın təmin edilməsinə, eləcə də texniki və hidrogeoloji şəraiti tam öyrənilməklə həyata keçirilməsinə ciddi nəzarət olunması ilə bağlı – Ağdam, Bərdə, Goranboy, Tərtər və Şəmkir rayonlarının icra hakimiyyətlərinə müraciət olunub.

Hesabat ilində, həmçinin, ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiyanın fəaliyyətinə dəstək göstərilməsi, əsaslı nəticələrin qəbulu məqsədilə müxtəlif mənbələr əsasında məlumatların müqayisəli təhlilinin təmin olunması üçün Azərbaycan Respublikasında 2015-2017-ci illərdə qazılmış subartezian quyularının layihələndirilməsi və tikintisinin vəziyyəti barədə Hesablama Palatası tərəfindən aparılmış təhlil əsasında tərtib edilmiş arayış Nazirlər Kabinetinə təqdim edilib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vəfat etmiş 40 məcburi köçkünə aylıq müavinət verildiyi üzə çıxıb

Sonrakı məqalə

Sabaha olan hava proqnozu