Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 26-da Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Azpost.info NAXCİVANXEBERLERİ.COM-a istinadən bildirir ki, Sərəncamda deyilir: "Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan şəhərində və muxtar respublikada icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması və müasir tələblərə uyğunlaşdırılması məqsədilə qərara alıram: 1. 2020-ci il yanvarın 1-dən Naxçıvan şəhərində icbari tibbi sığorta tətbiq edilsin. -Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasına; -Naxçıvan Muxtar Respublika Xəstəxanasına; -Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasına; -Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzinə; -Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinə publik hüquqi şəxs statusu verilsin və işçilərinin aylıq vəzifə maaşları 2020-ci il yanvarın 1-dən 50 faiz artırılsın. 2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamda nəzərdə tutulan publik hüquqi şəxslərin nizamnamələrini təsdiq etsin və 2020-ci il yanvarın 1-dən fəaliyyətlərini təmin etsin. 3. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Vergilər Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər".