Səhiyyə Nazirliyi Bakıda silahlı insident zamanı yaralanan şəxslərin durumu ilə bağlı məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Yasamal rayonunda baş verən silahlı insident nəticəsində xəstəxanaya 2 kişi çatdırılıb. 22 dekabr saat 23:30-da döş qəfəsinin içəri keçməyən odlu silah yarası diaqnozu ilə 30 yaşlı, saat 00:40-da isə sağ baldırın odlu silah yarası diaqnozu ilə 32 yaşlı kişi Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hər iki yaralıya həkimlər lazımı tibbi yardım göstəriblər, vəziyyətləri orta-ağır kimi qiymətləndirilir. Qeyd edək ki, dekabrın 22-də Bakının Yasamal rayonunda güllələnmə hadisəsi baş verib. Hadisə Şərifzadə küçəsində qeydə alınıb. Binəqədi rayon sakini, 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu naməlum şəxs tərəfindən idarə etdiyi 10-OP-021 dövlət qeydiyyat nişanlı "VAZ 2121" ("Niva") markalı avtomobilində tapança ilə güllələnib. Ona ümumilikdə dörd güllə vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. "Niva" markalı avtomobildə olan daha bir nəfər - sərnişin İlkin Babayev də güllələnib. Bildirilir ki, o, xəsarətini diz nahiyəsindən alıb. İ.Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir. Fakt araşdırılır.