Ölkədə pensiya yaşı niyə artırılır? –Bir çox insan staja görə təqaüd ala bilməyəcək (EKSPERT RƏYLƏRİ)

Gələn aydan Azərbaycanda qadınların pensiya yaş həddi 6 ay artırılacaq. Dəyişiklik “Əmək pensiyaları haqqında” Qanuna əsasən aparılır.

2017-ci il iyulun 1-dən Azərbaycanda pensiya yaşı artırılıb. Dəyişikliyə əsasən, kişi və qadınların pensiya yaşı 65-ə qaldırılıb. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulub ki, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2020-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək hər il 6 ay mərhələli şəkildə artırılacaq. Buna qədər kişilərdə pensiya yaşı 63, qadınlarda isə 60 olub.

Bəzi ekspertlərin fikrincə, dəyişikliklər yaşlı insanların rifahına mənfi təsir göstərir və məqsəd büdcə vəsaitinə qənaət etməkdir. Bu iddialar nə dərəcədə doğrudur?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Turan”a bildirilib ki, yaş həddinin mərhələli şəkildə hər il 6 ay artırılması nəticəsində kişilərdə artıq ötən il iyulun 1-də 65 yaş tamamlanıb və proses dayanıb: “Qadınlarda isə bu il həmin yaş 62-dir. Hər il 6 ay artırılacaq və 65 yaşa qədər proses davam edəcək”.

Nazirlikdən o da deyilir ki, bütün dünyada eyni proses gedir: “Hazırda Azərbaycanda əhalinin pensiya yaş həddi yüksək deyil. Nazirlik tərəfindən mütəmadi olaraq sosial-iqtisadi inkişaf tərzi baxımından Azərbaycana yaxın ölkələrlə bağlı araşdırmalar və təhlillər aparılır”.

Nazirlikdən verilən cavabda qeyd olunur ki, elm və texnikanın, səhiyyənin, təhsilin inkişafı da insanların həyat səviyyəsinin uzanmasına imkan yaradır və ilbəil insanların həyat səviyyəsi artır. “Ömür uzunluğunun artması nəticəsində bütün dünya ölkələrində pensiyanın yaş həddi mərhələli şəkildə artırılır”.

Bununla yanaşı, bir çox kateqoriyalar üzrə kifayət qədər erkən pensiyaya çıxmaq hüququnun olduğu da vurğulanır: “Məsələn, zərərli işlərdə işləyənlər, əlilliyi olan şəxslər, çoxuşaqlı və ya sağlamlıq imkanları məhdud uşağı olan analar pensiya hüququnu daha öncə qazanırlar”.

Rəqəmlər nə deyir?

Nazirlikdən bildirilir ki, 2021-ci ilin yanvar-may aylarında pensiyaçılara 1 milyard 958 milyon 600 min manat ödənilib, bu da ötən ilin müvafiq dövrünə nisbətən 84.1 milyon manat və ya 4.5 faiz çoxdur: “Pensiyalarda artım dinamikasının davamı kimi, bu ilin əvvəlindən pensiyaların sığorta hissəsi 11.4 faiz indeksasiya edilərək artırılıb və artım 1.14 milyon pensiyaçını əhatə edib. Həmçinin, araşdırmalar nəticəsində 12 min 809 şəxsin pensiyasının qanunvericilikdə nəzərdə tutulandan aşağı məbləğdə hesablandığı müəyyən edilərək həmin şəxslərin pensiyaları artırılıb”.

İqtisadçı Toğrul Vəliyev isə Azadlıq radiosuna deyib ki, Azərbaycanda bir müddət əvvəl qadınlarla kişilərin pensiya yaşının 65 yaşa qaldırılması haqda qərar verilib: “Buna səbəb kimi ölkədə insanların ölüm yaşının artması göstərilib”.

O qeyd edib ki, qanunvericiliyə görə, Azərbaycanda pensiyanın minimal dövrü 12 ildir və iqtisadçının qənaətincə, “bu, problem yaşadırdı, vəsait kifayət etmirdi, çünki yaşlı insanların sayı artır”.

T.Vəliyevin sözlərinə görə, Avropa ölkələrində pensiya yaşı müxtəlifdir: “65 yaşı da var, 68 də. Amma orada insanlar daha çox yaşayır. Azərbaycanda isə real vəziyyəti götürsək, indi pensiyaya çıxan şəxslərin böyük hissəsi heç 65 yaşa çatmır. Azərbaycanda 65 yaşında pensiyaya çıxan şəxslər pensiya alandan sonra ən yaxşı halda 8-9 il yaşayırlar. Yəni, qanunvericilikdə göstərilən minimal pensiya dövrü 12 il yox, ən yaxşı halda 8-9 ilə enir”.

İqtisadçı pensiya yaşının artırılması nəticəsində bir çox insanın, ümumiyyətlə, pensiya ala bilməyəcəyi qənaətindədir: “Qanunvericiliyə edilən dəyişikliklərdən sonra iş stajı böyük rol oynayır. Yalnız 25 illik stajı olan və pensiya kapitalı yetərli olan şəxslər pensiya ala biləcəklər. O da bir çox insanı pensiyanı yox, müavinət almağa məcbur edəcək. Müavinət isə 130 manatdır”.

T.Vəliyevin fikrincə, mövcud olan pensiya sisteminin əsas məğzi hökumətin daha az vəsait xərcləmək istəməsidir: “Statistikaya baxsanız, görə bilərsiz ki, yaş üzrə müavinət alan insanların sayı vaxtilə 16 min olubsa, indi artıq 100 mini keçib. Yəni, daha çox insan pensiya hüququndan məhrum olunub. Çünki onların ya 25 illik stajı yoxdur, ya da pensiya kapitalı azdır”.

Mütəxəssislərə görə, bu cür yanaşma yaşlı insanları daha ağır həyat yaşamağa məhkum edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qidalanma zamanı yol verilən səhvlər –

Sonrakı məqalə

ABŞ prezidenti Bayden və Britaniyanın baş naziri görüşüb