İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Türkiyə Respublikasına rəsmi səfəri davam edir.
Ombudsman Aparatından bildirilib ki, səfər çərçivəsində Səbinə Əliyevanın Türkiyə Böyük Millət Məclisinin (TBMM-in) sədri Mustafa Şəntop, TBMM-in İnsan Hüquqları üzrə Araşdırma Komissiyasının rəhbəri Hakan Çavuşoğlu, Müraciətlər üzrə Komissiyasının rəhbəri Mihrimah Belma Satır və bir sıra millət vəkilləri ilə görüşü baş tutub. Görüş zamanı Mustafa Şəntop iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin dərin tarixi köklərə və qarşılıqlı etimada əsaslandığını qeyd edərək, Azərbaycan və Türkiyə parlamentlərarası əməkdaşlığının ən yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Müharibə dövründə nümayəndə heyəti ilə birgə Azərbaycana rəsmi səfər etdiyini, Ermənistan tərəfindən mülki şəxslərə qarşı insanlıq əleyhinə törədilən cinayətlərin şahidi olduğunu bildirib.
TBMM-in İnsan Hüquqları üzrə Araşdırma Komissiyanın rəhbəri Hakan Çavuşoğlu komissiyanın fəaliyyəti, insan hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə məlumat verib. H.Çavuşoğlu Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında Türkiyə Cümhuriyyətinin mənəvi və siyasi dəstək göstərdiyini, qardaş Türkiyə xalqının hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib.
Görüşdə iştirak edən Türkiyə parlamentinin rəsmiləri Azərbaycan xalqını qazanılmış zəfər münasibətilə ürəkdən təbrik edərək bu tarixi zəfərin bütün türk dünyasının qələbəsi olduğunu, türk dünyası adına qürur duyduqlarını bildiriblər.
Səbinə Əliyeva Vətən müharibəsinin ilk saatlarından qardaş Türkiyə dövlətinin Azərbaycanın yanında olduğunu, ölkəmizin haqq işinə öz dəstəyini göstərdiyini ifadə edib. Azərbaycan Ombudsmanı Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Gəncə şəhərində faktaraşdırıcı missiyanın həyata keçirildiyini, yerində araşdırmalar zamanı toplanmış faktlar əsasında Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş insan hüquqları pozuntularına dair hesabatın hazırlanaraq beynəlxalq təşkilatlara göndərildiyini nəzərə çatdırıb.
Ombudsman Səbinə Əliyeva Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən islahatlar, qəbul edilən normativ hüquqi aktlar, o cümlədən Ombudsmanın bu sahədə parlamentlə əməkdaşlığı barədə geniş məlumat verib.
Görüşdə TBMM-in İnsan Hüquqları üzrə Araşdırma Komissiyasının üzvləri, millət vəkilləri Atay Uslu, Osman Nuri Gülaçar, Oya Eronat, Pakize Mutlu Aydemir, Mehmet Bülent Karataş, Servet Ünsal, Müraciətlər üzrə Komissiyasının üzvləri, millət vəkilləri Fehmi Küpçü, Mustafa Kendirli, Arzu Aydın çıxış ediblər. Millət vəkilləri Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistan tərəfindən törədilmiş insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında görülən işlər barədə danışaraq, bunun “bir millət, iki dövlət” ifadəsinin təzahürü olduğunu vurğulayıblar.
Görüşdə həmçinin qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişaf perspektivləri barədə müzakirə aparılıb.