“Onu bağışlamaq olarmı?” filminə çəkilməkdən imtina edən məşhur aktrisa niyə fikrini dəyişib?FOTOLAR

Yəqin ki, şəkildəki qadını tanıdınız… Məşhur “Onu bağışlamaq olarmı?” adlanan Azərbaycan kinofilmndəki bu qadın, ekranda epizodik görünsə də, filmin sonunda günahkar oğlunun cinayətini boynuna götürən və halına yandığını ifadə edən və məşhur “İndi siz deyin: Onu bağışlamaq olarmı?” müraciəti ilə tamaşaçını suallar burulğanına salan, mən deyərdim ki, həm də tamaşaçı rəğbəti qazanan həmin qadının həyatını Azərbaycan ictimaiyyəti demək olar ki, bilmir.
Bəlkə də kino həvəskarlarının bir çoxu onu digər sovet, daha çox isə gürcü filmlərində görüblər? Bəli, bu mənada onun məşhurluğu danılmazdır. Axı o, SSRİ Xalq artisti Veriko Ancaparidzedir!!! O həm də məşhur aktrisa-Gürcüstanın Xalq artisti Sofiko Çiaurelinin anasıdır… Həyat yoldaşı da zamanında məşhur rejissorlardan sayılan, İ.V.Stalinin sevimlisi hesab olunan SSRİ Xalq artisti Mixail Çiaurelidir!
Bəs indiki halda bizi bu aktrisa barəsində söz açmağa məcbur edən nədir?
Məsələ burasındadır ki, Mixail Çiaureli rejissor olmazdan əvvəl rəssamlıq üzrə təhsil alıb, Tiflisdəki rəssamlıq məktəbində oxuyub.Onun da bu məktəbdə üç yaxın dostu olub: gürcü Lado Qudiaşvili və Keto Maqalaşvili, bir də azərbaycanlı BƏHRUZ BƏY KƏNGƏRLİ!
2014-cü ildə Bəhruz bəy Kəngərli barəsində kitab yazarkən mən Tiflisdə oldum. Onların oxuduqları məktəbin binasına baş çəkdim, Lado Qudiaşvilinin muzeyini gördüm. Orada gəlişimin məqsədini bilən yaşlı bir muzey işçisinin dedikləri məni çox həyəcanlandırdı. O, dedi ki, mən Çiaurelilərin ailəsini yaxşı tanıyırdım və Verikonun 1959-cu ildə Azərbaycan filmində çəkilməyə dəvət aldığından da xəbərim vardı. Düzü məşhur aktrisa epizodik bir rola çəkilməkdə tərəddüd edirdi və bəhanə olaraq vaxtının olmadığını dilə gətirirdi. Özünə qalsaydı, bəlkə həmin kiçik rola çəkilməzdi.
Amma onun etiraz etməyə hazırlaşdığını görən əri Mixail Çiaureli işə qarışmalı oldu və heç kimin gözləmədiyi bir həqiqəti dilə gətirdi: “Mənim əzizim, sən vaxt tapıb bu filmə çəkilməlisən. Özü də mütləq! Sən hansısa sovet respublikasının çəkdiyi filmdə iştirak etməyə bilərsən! Amma Azərbaycanda çəkilən bu filmdə sən olmalısan! Bu mənim qərarıdır! Çünki, bu gənclik illərimdə sirdaşım olmuş, ən yaxın tələbə dostum azərbaycanlı-Naxçıvanlı balası Bəhruz Kəngərlinin xatirəsinə mənim və bizim ailənin böyük ehtiramı olacaq! Sən bu ehtiram hissini bizə qazandırmalısan!”
Bu sözdən sonra Veriko Ançaparidze heç nə demədi və Bakıya teleqram vurub, filmdə çəkilməyə razılıq verdiyini bildirdi.
Bəlkə də bu hadisə kimlərəsə adi görünə bilər. Amma düşünürəm ki, sən demə bir nəfərin Vətəndən uzaqda nümayiş etdirdiyi davranışla da nələrəsə qazanmaq olarmış. Ən azı xalqımıza ehtiramı! Zamanında Bəhruz bəy Kəngərlinin elədiklərinin nəticəsidir ki, onun vəfatından 37 il sonra da Mixail Çiaureli azərbaycanlı dostuna sədaqətini nümayiş etdirib! Odur bu məqamda onlara da, “Onu bağışlamaq olarmı?” filmini xalqa sevdirən Veriko Ançaparidzeyə də “Allah rəhmət eləsin!” deyirik!
Ziyadxan Əliyev / Əməkdar incəsənət xadimi, professor
Əvvəlki məqalə

Kreml Ermənistan və Azərbaycana çağırış edib –

Sonrakı məqalə

Gəncədə vəfatından sonra cəsədi 10 il otaqda qalmış qadının sümükləri araşdırılır –