2 fevral- 1 mart 2024-cü il tarixlərində M.Cəlil adına Tatarstan Dövlət Akademik Opera və Balet Teatrında 42-ci Beynəlxalq Şalyapin Opera Festivalı keçirilir. Kazan Dövlət Opera Teatrının 150-liyinə həsr olunan bu ilki festivalda Rusiya, İtaliya, Azərbaycan və Belarusdan dəvət olunmuş tanınmış dirijor və solistlər yer alıb.
Festivalın açılış günü ilk klassik rus professional operası kimi tarixə düşən Mixail Qlinkanın “İvan Susanin” (“Çar üçün həyat”) operasının premyerası olub. Tanınmış rus rejissoru Yuri Aleksandrovun quruluş verdiyi tamaşaya rəhbərlik etmək üçün dünya şöhrətli dirijor, Rusiyanın Bolşoy və Mariinski Teatrlarının direktoru Valeri Gergiev dəvət olunub.
Premyeradan bir neçə gün sonra isə Moskvanın Bolşoy Teatrının solistləri, xoru və orkestrinin təqdimatında C.Puççinin “Bohema” operası (6-7 fevral) təqdim olunub.
Festivalın uğurlu və əlamətdar tamaşalarından biri isə 23 fevral C.Puççinin “Toska” operası oldu. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın əməkdar artisti Əyyub Quliyev rəhbərliyi və üç möhtəşəm teatr – Bolşoy, Mariinski və Belarusun Bolşoy Teatrlarının solistləri səhnədə yer alıb. Biletlər tamaşaya bir neçə həftə öncədən alınıb. Tamaşa tam anşlaqla keçib.
2022-ci ildə rusiyalı rejissor Yuriy Aleksandrovun quruluş verdigi tamaşa sonda tamaşaçıların ayaqüstü alqışları ilə qarşılayıb. Qeyd etmək lazımdır ki, dirijor Əyyub Quliyevin Kazan Dövlət Opera Teatrı ilə əməkdaşlığı 2021-ci ilin mayında dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “1001 gecə” baletinin premyerası ilə başlayıb. Bu ilki festivalın çərçivəsində C. Rossininin “Sevilya bərbəri”, C.Verdinin “Aida”, R. Leonkavallonun “Məzhəkəçilər”, M.Musorqskinin “Boris Qodunov”, P.Çaykovskinin ”Yevgeni Onegin” və Mariinski Teatrın Gənclər Vokal Akademiyasının 29 fevral-1 mart tarixlərində gerçəkləşəcək qala konsertləri nəzərdə tutulub.
Azpost.info
