Özəlləşdirmə və icarədən dövlət büdcəsinə 51,1 milyon manat ödənilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının özəlləşdirilməsi məqsədilə 2023-cü ilin yanvar-aprel ayları ərzində 16 hərrac keçirilib.

Dövlət Xidməti bildirir ki, hərraclarda 2 səhmdar cəmiyyətin səhm paketi, 8 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi, 198 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu müddətdə hərraca çıxarılmış dövlət əmlakları üzrə 130 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 26 onlayn qoşulma reallaşıb.

Bu ilin ilk 4 ayı ərzində hərrac vasitəsilə 13 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.

Cari ilin yanvar-aprel ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə 40,3 milyon manat daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.

Bu ilin yanvar-aprel ayları ərzində 1045 yeni icarə müqaviləsi bağlanılıb. Bunlardan 223-ü qeyri-yaşayış sahələri üzrə, 822-si isə torpaq sahələrinə dair olub.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsinə 10,8 milyon manat vəsaitin ödənilməsi təmin olunub. Dövlət əmlakının icarəsindən daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 25,2 faiz artıb.

Beləliklə, bu ilin yanvar-aprel ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən, ümumilikdə, büdcəyə 51,1 milyon manat daxil olub.

Əvvəlki məqalə

Azərbaycan nefti bahalaşıb

Sonrakı məqalə

Niderland Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib