Prezident İlham Əliyevin “Valday” Klubunda ÇIXIŞI:

“Biz rəqib deyilik” (TAM MƏTN) 
04 Oktyabr 2019 - 23:42

Oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak edib.

Azpost.info Prezident İlham Əliyevin çıxışının mətnini oxuculara təqdim edir:

 

– Hörmətli Vladimir Vladimiroviç.
Hörmətli xanımlar və cənablar.

İlk növbədə, “Valday” Diskussiya Klubunun növbəti iclasında iştirak etməyə dəvət üçün Vladimir Vladimiroviç Putinə dərin təşəkkürümü bildirmək istərdim. Qeyd etmək istərdim ki, klubun fəaliyyətini Azərbaycanda böyük maraqla izləyirlər. O, müasir dünyanın aktual məsələlərinin müzakirə edildiyi və əməkdaşlığın dərinləşməsi üçün tövsiyələr verilən ən mühüm beynəlxalq məkanlardan birinə çevrilib.

Mən Vladimir Vladimiroviçin çıxışını böyük maraqla dinlədim və hər məsələdə onunla razıyam. Minilliklərin sərhədində Rusiyada yaranmış vəziyyətdən bəhs edərkən onun demədiyi yeganə məsələ budur ki, Rusiyanın çox ağır sınaqlardan şərəflə çıxmasında əsas amil Vladimir Putin amilidir. Bu, həqiqətdir, bunu hamı bilməlidir. Məhz onun cəsarəti, qətiyyəti, müdrikliyi, vətənpərvərliyi sayəsində Rusiya ən çətin sınaqlardan çıxdı və bu gün dünyanın aparıcı böyük dövlətidir. Bu gün Vladimir Vladimiroviçlə bizim görüşümüz oldu. Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır və hətta bir neçə aylıq kiçik fasilə bizə pauza kimi təsir bağışlayır. Ölkələrimiz arasında münasibətlər strateji əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, biz bir-birimizi strateji tərəfdaşlar adlandırırıq. Bu gün biz ikitərəfli münasibətlərin çox geniş gündəliyini nəzərdən keçirdik və gələcək qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirdik. Ölkələrimiz arasında çox fəal siyasi dialoq mövcuddur. Dövlət başçılarının və digər rəsmi şəxslərin müntəzəm görüşləri əməkdaşlığımızın dərinləşməsinə şərait yaradır. Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayırıq, ən mühüm, ümdə məsələlərdə ənənəvi olaraq bir-birimizi dəstəkləyirik. Avropa Şurası Parlament Assambleyasının iyun sessiyasında Rusiyanın bu təşkilata qayıtması məsələsi müzakirə edilərkən Azərbaycan nümayəndə heyəti tam tərkibdə çıxış edərək Rusiyanın AŞPA-ya qayıtmasının lehinə səs verdi. Mən bu münasibətlə həmkarlarımızı təbrik etmək istərdim.

Ticari-iqtisadi münasibətlərimizin inkişafında müsbət dinamika müşahidə olunur. Biz əmtəə dövriyyəsini hər il artırırıq. Bu, get-gedə çətinləşir, çünki keçən il biz təqribən 20 faiz artım barədə danışırdıqsa, bu il artım daha çox olub. Beş “Yol xəritəsi” çərçivəsində əməkdaşlığın prioritet istiqamətlərinin müəyyən edilməsi, şübhəsiz ki, ticari əlaqələrin daha da genişlənməsinə səbəb olacaq. Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycan Rusiyada 1,2 milyard dollar, Rusiya Azərbaycanda 4,6 milyard dollar həcmində sərmayə qoyub. Burada biz geri qalırıq, lakin bunun obyektiv səbəbləri var. Onu da qeyd etmək istərdim ki, sənayeləşmə məsələsində Rusiya bankları bizə çox kömək edir. Onlar iqtisadiyyatın real sektorunda həyata keçirilən layihələr üçün təqribən 1 milyard dollar kredit ayırıblar.

Hərbi-texniki əməkdaşlıq fəal inkişaf edir. Bu gün biz bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəldik. Hərçənd, Rusiyadan texnika alınması çərçivəsində bizim aramızda artıq imzalanmış kontraktların məbləği 5 milyard dollar təşkil edir, bunun 3 milyard dolları artıq reallaşıb. Dediyim kimi, biz bu istiqamətdə işi davam etdirmək niyyətindəyik.

Bizim əməkdaşlığımızın mühüm istiqamətlərindən biri də nəqliyyat sahəsidir. 2018-ci ildə Şimal-Cənub dəhlizi vasitəsilə daşınmış yüklərin həcmi əvvəlki ildəkindən 8 dəfə çox olub. Həcmlər hələlik böyük deyil, lakin dinamika güclü təsir bağışlayır. Onu da qeyd etmək istərdim ki, Şimal-Qərb dəhlizi də işə düşüb. Rusiyadan yüklər Azərbaycan ərazisindən keçməklə, həm cənub, həm də qərb istiqamətində göndərilir. Bu, çox cəhətdən onun sayəsində mümkün olur ki, biz tarif siyasətimizi razılaşdırmışıq və son vaxtlar Azərbaycanda müasir nəqliyyat infrastrukturuna böyük sərmayə yatırılıb.

Bizim əlaqələrimizin bir göstəricisi həm ölkələrimiz, həm də xalqlarımız arasında münasibətlərin ruhu və xarakteri barədə parlaq təsəvvür yaradır. Keçən il 880 min rusiyalı Azərbaycana səfər edib. Bu il onların sayı daha çoxdur. Sirr deyil ki, turistlər təkcə görməli yerlərə baxmaq və milli mətbəx təamlarını dadmaq üçün getmirlər. Onlar o yerə gedirlər ki, orada özlərini təhlükəsiz, rahat, öz evlərində olduğu kimi hiss edirlər. Zənnimcə, bu fakt turizmin sürətlə artmasına dəlalət edir.

Təhsil sahəsində böyük uğurları qeyd etmək istərdim. Artıq neçə ildir ki, Azərbaycanda Moskva Dövlət Universitetinin filialı, habelə Birinci Moskva Dövlət Tibb Universitetinin filialı fəaliyyət göstərir. Azərbaycanın bütün dövlət ali məktəblərində rus dili bölmələri var. Ölkəmizdə 25 min tələbə rus dilində təhsil alır. Təhsilin rus dilində olduğu 338 məktəbdə 130 min şagird də rus dilində oxuyur.

Daimi diskussiyaların mövzularından biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsidir. Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir. Onun vasitəçilik üçün mandatı var. Qeyd etməliyəm ki, Dağlıq Qarabağ və Azərbaycanın digər 7 rayonu 25 ildən çoxdur erməni işğalı altındadır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Qeyd etməliyəm ki, bu münaqişə ilə əlaqədar çox vaxt reallığı əks etdirməyən geniş fikir müxtəlifliyi var. Bu məsələyə aydınlıq gətirmək üçün deməliyəm ki, 1921-ci ildə Qafqaz bürosunun qərarında Dağlıq Qarabağın çox vaxt erməni tərəfinin interpretasiya etdiyi kimi, Azərbaycana verilməsi deyil, onun Azərbaycanın tərkibində qalması göstərilmişdir. Münaqişə başlayana qədər Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan azərbaycanlı və erməni əhalinin say nisbəti 25:75 faiz kimi olub. Münaqişə nəticəsində Dağlıq Qarabağdan, həmçinin digər 7 rayondan bütün azərbaycanlı əhali qovulub, başqa sözlə desək, orada etnik təmizləmə aparılıb.

Bu gün də işğal olunmuş ərazilərdə azərbaycanlı əhali yoxdur və işğal olunmuş ərazilər, onların böyük bir hissəsi yandırılmış, dağıdılmış torpaqlar, viran qoyulmuş evlər, məktəblər, ictimai binalardır. Münaqişə nəticəsində Azərbaycan humanitar fəlakətlə üzləşib. Dağlıq Qarabağdan və Azərbaycanın işğal olunmuş digər ərazilərindən olan 700 mindən çox məcburi köçkün, üstəgəl müasir Ermənistanın ərazisindəki öz tarixi torpaqlarından qovulmuş 250 min azərbaycanlı. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. İyirmi beş ildən çoxdur ki, bu qətnamələr yerinə yetirilmir.

Burada biz mühüm məsələyə – qəbul olunmuş qərarların yerinə yetirilməsinə gəlirik. BMT Təhlükəsizlik Şurası ali beynəlxalq orqandır. Əgər 25 ildən çox müddətdə Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar yerinə yetirilmirsə, onda bu, həmin təşkilatın səmərəliliyi ilə bağlı bir çox suallar doğurur. Azərbaycanda bizi qətnamələrin yerinə yetirilməsinin reallaşdırılmasının seçmə xarakteri narahat edir. Bəzən onlar bir neçə gün ərzində yerinə yetirilir, bəzən isə müəyyən hərbi əməliyyatların həyata keçirilməsində onlara, ümumiyyətlə, ehtiyac qalmır. Bizimlə bağlı məsələdə isə qətnamələr kağız üzərində qalır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır. Ermənistanın baş naziri son vaxtlar tez-tez təkrarlayır ki, münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır.

İndi deməliyəm ki, “Dağlıq Qarabağ xalqı” məfhumu mövcud deyil. Dağlıq Qarabağın əhalisi var, münaqişə başlayana qədər bu, bərabər hüquqlara malik olan Azərbaycan və erməni əhalisindən ibarət idi. Azərbaycan üçün hansı həll variantının məqbul olmasına gəldikdə isə, o, Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunması, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından ibarətdir. Bu, Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur.

Deməliyəm ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü bu gün də davam edir. Dünən erməni snayperi tərəfindən dinc sakin, münaqişə zonasından uzaqda, Ermənistanın Azərbaycanla sərhədində yerləşən Qazax rayonunun sakini qətlə yetirilib. Həmçinin deməliyəm ki, 2016-cı ilin aprelində hərbi təxribat zamanı altı dinc sakin, o cümlədən balaca qız qətlə yetirilib.

Həmçinin Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də “Valday” forumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi.

İşğala, 1990-cı illərin əvvəlində ölkəmizdə hər səkkiz nəfərdən birinin qaçqın olduğu humanitar fəlakətə baxmayaraq, Azərbaycan böyük inkişaf və quruculuq yolu qət edib. Ölkədə oyuncaq, xalqazidd, satqın Xalq Cəbhəsi rejiminin hakimiyyətdə olduğu müstəqilliyin ilk illəri istisna olmaqla, 26 ildir Azərbaycan sabitlik şəraitində yaşayır və burada əsas xidmət vətəndaş müharibəsinin qarşısını almış, işğalı dayandırmış, xaosun, dağıntının öhdəsindən gəlmiş və Azərbaycanı quruculuq yoluna çıxarmış Prezident Heydər Əliyevə məxsusdur. Beləliklə, 26 ildir ki, Azərbaycan xalqı sabitlik və inkişaf şəraitində yaşayır. Ölkəmizin beynəlxalq mövqeləri möhkəmlənir. Bunun göstəricilərindən biri bir neçə il əvvəl ölkəmizin 155 dövlətin səsi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir. Bu, o qədər də asan deyildi, bizim üçün 3 gün və 16 tur tələb olundu, lakin ədalət zəfər çaldı. Həmçinin qeyd etmək istərdim ki, Rusiya Federasiyası və digər 154 ölkə bizə böyük dəstək verdi.

Bizi sevindirir ki, Bakı artıq bir neçə ildir Rusiya və NATO-nun ali hərbi komandanlıqlarının görüş yeri seçilir. Bunu bizə göstərilən etimadın ifadəsi kimi qiymətləndiririk. Bu ayın sonunda Bakıda Qoşulmama Hərəkatının sammiti keçiriləcək. Azərbaycan 3 il müddətinə bu təşkilatın sədri olacaq.

Qarşımızda duran beynəlxalq gündəliklə yanaşı, əlbəttə, biz diqqətimizi iqtisadi inkişafla bağlı daxili problemlərə yönəldirik. Bu istiqamətdə böyük nəticələr əldə olunub. Azərbaycan xarici borcu az olan dövlətdir. Bu göstəriciyə görə biz 9-cu yerdəyik, xarici borc Ümumi Daxili Məhsulun 17 faizini təşkil edir. Məlumat üçün deyim ki, Rusiya 6-cı yerdədir. Biz rəqib deyilik, lakin həmişə ən yaxşı nəticələrə istiqamətlənirik. Yoxsulluğun azaldılması üzrə böyük işlər görülür və bu göstərici 2003-cü ildəki 49 faizdən 5 faizə endirilib. İqtisadi artım sosial problemlərin həllinə də imkan verir. Bu il minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faiz artıb. Biz müasir texnologiyalara sərmayə qoyuruq, əhalimizin 80 faizi internet istifadəçisidir. Azərbaycan 3 peyki olan ölkədir. Bunlardan ikisi telekommunikasiya, biri isə Yer səthini müşahidə edən peykdir.
Son olaraq Vladimir Vladimiroviçin nəqliyyat layihələrinin təkcə ticarətin inkişafına kömək etməməsi, həmçinin xalqlar arasında körpü olması barədə tezisinə dəstək olaraq demək istəyirəm ki, bu istiqamətdə bizim ölkəmizdən keçən Şimal-Cənub və Şərq-Qərb dəhlizləri məhz beynəlxalq əməkdaşlığın genişləndirilməsi və risklərin azaldılması istiqamətində addımlardır, layihələrdir.

Diqqətinizə görə təşəkkür edirəm.

x x x

Sonra Prezident İlham Əliyev və tədbir iştirakçıları sualları cavablandırıblar.

– Sualım Prezident Əliyevədir. Bizim ölkələrimizin iştirakı ilə iqtisadiyyat sahəsində inteqrasiya layihələri, o cümlədən Şimal-Cənub ticarət marşrutu, Sizin xatırlatdığınız Şimal-Qərb nəqliyyat dəhlizi regional təhlükəsizlik üçün nadir əsaslar yaradır. Bu sistemin parametrləri Bakıdan necə görünür? Təhlükəsizlik sahəsində Rusiya-Azərbaycan əlaqələri onun qurulmasına necə kömək edir?

– Şübhəsiz ki, bu məsələlər qarşılıqlı əlaqəlidir. Mən öz şərhlərimdə demişəm ki, nəqliyyat layihələri yük göndərənlər, yaxud tranzit ölkələr üçün təkcə gəlir qazanmaq üçün əlavə imkanlar yaratmır, bunlar ölkələri qarşılıqlı asılı vəziyyətə salır. İstənilən tranzit ölkə öz qonşuları ilə yaxşı münasibətlərə malik olmalıdır, yoxsa bu tranzit sadəcə baş tutmayacaq. Azərbaycana gəlincə, biz artıq çoxdandır həm müasir nəqliyyat infrastrukturunun, həm də regionumuzda etimad mühitinin yaradılmasına investisiya qoyuruq. Düşünürəm ki, biz tərəfdaş ölkələrin birgə səyləri ilə nadir əməkdaşlıq formatı yaratmağa nail olmuşuq. Həmin format bu gün xalqlarımızın rifahına, eləcə də təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. Hesab edirəm ki, beynəlxalq təcrübədə qarşılıqlı asılılıq və qarşılıqlı tamamlama bütövlükdə sabitlik və təhlükəsizlik amillərindən biridir.

Azərbaycan nəqliyyat infrastrukturuna xeyli vəsait qoyub. Biz Bakı yaxınlığında çox böyük ticarət limanını istifadəyə vermişik. Həmçinin dəmir yolları bizi üç qonşumuzla birləşdirir. Avtomobil yolları da yük axınının artmasına təkan verir. Coğrafi yerləşmə təbii ki, geosiyasi vəziyyətdən asılıdır. Onun həm müsbət, həm də mənfi cəhətləri ola bilər. Fikrimcə, hər bir hökumətin vəzifəsi ölkəsinin coğrafiyasını müsbətə yönəltməkdir. Zənnimcə, biz buna nail olmuşuq. Azərbaycan “Bir kəmər, bir yol” layihəsinin fəal iştirakçısıdır və bu ilin aprelində Pekin konfransında Cənubi Qafqazın yeganə ölkəsi kimi iştirak edib. Biz, həmçinin Şimal-Cənub layihəsinin mühüm tərəfdaşıyıq. Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərində iştirak edən yeganə ölkədir. Mən bu gün dedim ki, biz artıq Şimal-Qərb dəhlizinin işə düşməsinə şadıq. Beləliklə həmin layihələr, təbii ki, regional təhlükəsizliyin möhkəmlənməsinə kömək edəcək.

Sizin sualınızın ikinci hissəsinə – Azərbaycanla Rusiya arasında münasibətlərin təhlükəsizliyə necə kömək etməsi məsələsinə gəlincə, düşünürəm ki, toqquşmaların, xaosun, vətəndaş müharibələrinin, münaqişələrin, dini ekstremizmin tüğyan etdiyi dənizdə Rusiya və Azərbaycanın sabit ictimai-siyasi vəziyyətdə olan və o cümlədən beynəlxalq terrorizmə, ekstremizmə qarşı mübarizədə qarşılıqlı fəaliyyət göstərən ölkələr olduğunu görmək üçün bizim regiona baxmaq kifayətdir. Həm Rusiya, həm də Azərbaycan Qafqaz ölkələridir. Təbii ki, bizi Qafqaz birləşdirir. Bizi Xəzər dənizi birləşdirir. Qeyd etməliyəm ki, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi işində ötən ilin avqustunda Aktauda Xəzər dənizinin hüquqi statusunun tənzimlənməsi haqqında konvensiyanın imzalanması böyük rol oynadı. Beləliklə, Rusiya-Azərbaycan münasibətləri artıq çoxdan ikitərəfli çərçivədən çıxaraq regionumuzda sabitliyin mühüm amilinə çevrilib.

x x x

Fransa Beynəlxalq Münasibətlər İnstitutunun eksperti Tatyana Kostuyeva Janın ekologiya ilə bağlı sualını cavablandıran Prezident Vladimir Putin bu barədə Prezident İlham Əliyevin də öz münasibətini bildirməsini xahiş edərək deyib:

– Ümumiyyətlə, ekologiya məsələləri yəqin ki, hamını narahat edir. İlham Heydər oğlu, bəlkə, həqiqətən, bu barədə fikrinizi bildirəsiniz?

– Mən Vladimir Vladimiroviçin tezislərini tam dəstəkləyirəm. Öz tərəfimdən demək istərdim ki, Azərbaycanda da elektrik enerjisinin istehsalında qaz və hidroresurslardan istifadə edirik. Bu planda biz, həmçinin tullantılar üzrə öhdəliklərimizi yerinə yetiririk. Mövzu qlobal xarakter daşıyır və əlbəttə, əsas, həlledici sözü iqlimin istiləşməsində başlıca töhfə verən ölkələr deməlidir. Bizim ölkəmiz ərazi baxımından kiçikdir və əhalisi də azdır, ona görə də biz qlobal proseslərə ciddi təsir etmirik. Lakin beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi öz tərəfimizdən həm ölkəmizdə, həm də Xəzər regionunda ekoloji şəraiti yaxşılaşdırmaq üçün zəruri tədbirlər görürük. Çünki bu, təkcə bizə yox, həm də digər sahilyanı ölkələrə və bütövlükdə regiona aiddir.