“Prezidentin bu çıxışından sonra cinayət işi açılmalıdır” –Natiq Cəfərli

Prezident İlham Əliyev iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr edilən müşavirədə deyib ki, bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib.

“Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir? O qədər böyük xərc çəkilir, boru xətləri çəkilir, vətəndaşlar buna sevinir. Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq. Buna son qoyulmalıdır ”, deyə o vurğulayıb.

O zaman sual yaranır, buna kim cavabdehdir və məsuliyyət kimin üzərindədir?

ReAL Pariyasının üzvü, iqtisadçı Natiq Cəfərli Azadlıq radiosuna açıqlamasında bildirib ki, illərdir içməli və suvarma su ilə bağlı həyəcan təbili çalınıb: “Ən azı 10 ildir mətbuatda müstəqil ekspertlər, iqtisadçılar danışıb, jurnalislər araşdırma aparıb, amma mövcud hökumət bunlardan bir nəticə çıxarmadı. Büdcədən ayrılan vəsailərin korrupsiyaya yem olması haqqında yazılanları toplasaq, cildlərlə kitab çıxar. Amma bunları yalan və böhtan adlandırır, korrupsiyanın həcmini heç vaxt etiraf etmirdilər. İndi məlum olur ki, müstəqillikdən sonra milyardlarla vəsait ayrılmış melorasiya, su, kanalizasiya sistemində böyük probləmlər var. Problemlərin səbəbi məhz korrupsiya və ayrılan vəsaitin qeyri-şəffaf xərclənməsidir”.

Natiq Cəfərli hesab edir ki, ayrılan vəsaitlərə və onların xərclənməsinə nəzarəti Dövlət Hesablama Palatası, hüquq-mühafizə orqanları etməlidir:

“Çünki mətbuatda vəsaitlərin səmərəsiz xərclənməsi haqqında kifayət qədər materiallar olub. Həmin materiallar cinayət işlərinin açılması üçün əsasdır. İkinci, xərcləmələrə Milli Məclisin Büdcə Komitəsi nəzarət etməlidir, qanunverici orqanda bu məsələlər qaldırılıb müzakirə oluunmalıdır. Ancaq nəzarət mexanizmləri yox dərəcəsindədir. Səbəblər müxtəlif maraqlarla izah olunur. Nəticədə mövcud problemlər yaranıb və problemlər yalnız su sahəsində deyil”.

İqtisadçı hesab edir ki, prezidentin çıxışından sonra cinayət işi açılmalı və cavabdeh şəxslər məsuliyyətə cəlb edilməlidir: “Ciddi araşdırmalar aparılmalıdır ki, ayrılan vəsaitlərin bu qədər xərclənməsinin səbəbi nədir.”

Bu fikirlərə, hələlik, “Azərsu” və “Meliorasiya və Su Təsərrüfatı” açıq səhmdar cəmiyyətlərinin rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xabarovskda Kremlə qarşı etirazlar davam edir –

Sonrakı məqalə

Yüzlərlə erməni Nyu-Yorkda prospektə toplaşaraq azərbaycanlıları təxribata çəkmək istəyiblər