Kremlin mətbuat katibi Dmitri Peskov Qərbin Qarabağ məsələsində pozuculuq fəaliyyəti göstərdiyini bildirib. Rusiya rəsmisinin sözlərinə görə, Qərb Azərbaycanla Ermənistan arasında sülh prosesini irəli apara bilməz, vasitəçilik edə bilməz.
Məlumdur ki, Azərbaycan da Qərbin vasitəçiliyindən son dönəmlər imtina siyasəti aparır. Belə olan halda istər-istəməz Bakı ilə Moskvanın yanaşması eyniləşir.
Mövzu ilə bağlı Azpost-info-ya danışan deputat Ceyhun Məmmədov bildirib ki, bu gün bölgədə Qərb-Rusiya qarşıdurması müşahidə edilir.
Millət vəkilinin sözlərinə görə, baş verən proseslər bu qarşıdurmanın təzahürləridir: “Bu gün Qərbin Cənubi Qafqazla bağlı konkret planları var. Moskvavın planları məlumdur. Belə ki, Rusiya heç vaxt bölgədən çıxmaq istəmir. Amma bu gün Qərb bölgədə Rusiyaya qarşı yeni cəbhənin açılmasında maraqlıdır. Hazırda dünyada çox ciddi mübarizə gedir. Yaxın Şərqdə, Ukraynada qarşıdurmalar bəllidir. Yeni cəbhə kimi Qərb Cənubi Qafqazı görür. Bunun üçün də Ermənistandan istifadə etməkdədirlər”.
“Ermənistan bir alətdir. İrəvanın Qərb qarşısında konkret öhdəlikləri var. Faktiki olaraq, Ermənistandan bu gün Rusiyaya qarşı da, İrana qarşı da, Türkiyəyə qarşı da istifadə edilir. Azərbaycana qarşı istifadə isə göz önündədir. Yəni bölgədə sabitliyi pozacaq dövlətə ehtiyac var idi ki, bu dövlət də Ermənistandır, Ermənistanın siyasi hakimiyyətidir”, – deputat əlavə edib.
C.Məmmədov qeyd edib ki, artıq Rusiya da anlayır ki, bölgə ətrafındakı proseslər fərqli istiqamətə gedir: “Fransanın Ermənistanı silahlandırması, Ermənistanda anti-Rusiya ritorikasının güclənməsi, İrəvanın KTMT-ni açıq-aşkar rədd etməsi məsələləri var ki, Rusiya bunu müşahidə etməkdədir. Moskva anlayır ki, Qərb Cənubi Qafqazda proseslərə nəzarət etmək niyyətindədir. Qərbin niyyəti odur ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi ya birbaşa onun vasitəçiliyi ilə imzalansın, ya da ki, münaqişə ocağı qalsın. Rusiya isə Qərbin Cənubi Qafqazı nəzarətə götürmək istəyinə müqavimət göstərir”.
“Məsələ burasındadır ki, Azərbaycan Qərbin sülhlə bağlı vasitəçiliyindən imtina etmirdi. Lakin son bəyanatlar, Azərbaycana qarşı kampaniyalar onu göstərdi ki, Qərb Ermənistana tərəfkeşlik edir, İrəvanı dəstəkləyir. Onlar son davranışları ilə açıq şəkildə Ermənistanın tərəfini saxladılar. Qərb tərəfdirsə, o zaman onun ədalətli vasitəçiliyindən söhbət gedə bilməz. Ona görə də bu məsələdə Azərbaycanla Rusiyanın mövqeləri üst-üstə düşən kimi görünür. Rusiya Qərbin vasitəçiliyini öz marağı baxımından istəmir. Qərbin yanaşması həm də Azərbaycanın maraqlarına uyğun deyil. Bir sözlə, hərənin öz marağı var və o marağı müdafiə edir. Bu gün Qərbin təklif etdiyi variantların mahiyyəti ondan ibarətdir ki, Azərbaycan işğaldan azad etdiyi əraziləri yenidən Ermənistana versin. Buna rəsmi Bakının razı olmasından söhbət gedə bilməz”, – deyə millət vəkili fikrini tamamlayıb.
Anar ABDULLA
Azpost.info