ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Çində apardığı danışıqlar zamanı onu Avropa ərazisində hərbi əməliyyatları dayandırmağa çağırdığını bildirib. O, Rusiya ilə Ukrayna arasında tezliklə razılaşma əldə olunacağına ümid etdiyini vurğulayıb.
Azpost.info xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki paylaşımında yazıb.
“Çində Rusiya Prezidenti Vladimir Putinlə apardığım danışıqlar zamanı Rusiyanın Avropa ərazisində bütün hərbi əməliyyatları dayandırmasını istədiyimi uzun müddət müzakirə etdim. Ümid edirəm ki, Rusiya ilə Ukrayna arasında tezliklə razılaşma əldə etmək mümkün olacaq”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp belə bir razılaşmanın əldə olunmasının tamamilə mümkün olduğuna inandığını qeyd edib və müharibədəki insan itkilərinin miqyasına diqqət çəkib.
“Hər ay minlərlə insan həlak olur. Bu, əsl qanlı qırğındır və onun dayandırılması hamıya böyük ehtiramın ifadəsi olacaq”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti həmçinin Floridadakı Mar-a-Laqo iqamətgahında NATO-nun baş katibi Mark Rütte ilə görüşdüyünü bildirib. Onun sözlərinə görə, görüşdə bir sıra məsələlər müzakirə olunub və o, Rütteyə Putinlə apardığı danışıqlar barədə məlumat verib.