ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rütte Rusiya-Ukrayna müharibəsini, İran ətrafındakı münaqişəni, alyans ölkələrinin hərbi xərclərini və silah istehsalının artırılmasını müzakirə ediblər.

Azpost.info xəbər verir ki, bu barədə Tramp çərşənbə günü axşam Floridadakı Mar-a-Laqo iqamətgahında Rütte ilə görüşündən sonra “Truth Social” sosial şəbəkəsində dərc etdiyi birgə bəyanatda bildirib.

ABŞ Prezidentinin sözlərinə görə, görüş məhsuldar keçib. Əsas müzakirə mövzuları Rusiya-Ukrayna müharibəsi və İran ətrafındakı münaqişə olub. Tərəflər, həmçinin Haaqa və Ankarada keçirilən NATO sammitlərinin nəticələrini nəzərdən keçiriblər.

“Rusiya və Ukraynanın müharibənin genişlənməsinə qəsdən və ya bilmədən səbəb ola biləcək hər hansı addımdan çəkinməsinin vacibliyini, eləcə də mümkün qədər tez sülh yolu ilə nizamlanmaya nail olmaq zərurətini ətraflı müzakirə etdik”, – deyə bəyanatda bildirilir.

Tramp və Rütte müdafiə xərcləri, həmçinin ABŞ-da və NATO-nun digər ölkələrində hərbi sənaye kompleksinə investisiyalar məsələsini də müzakirə ediblər.

ABŞ Prezidenti müdafiə sənayesi üçün 20-dən çox yeni istehsal müəssisəsinin tikintisində əhəmiyyətli irəliləyiş əldə olunduğunu bildirib.

Onun sözlərinə görə, bu müəssisələr “Patriot” zenit-raket komplekslərinin, THAAD raketdən müdafiə sistemlərinin, “Tomahawk” qanadlı raketlərinin, eləcə də hələ geniş ictimaiyyətə və ya digər dövlətlərə təqdim edilməmiş digər hücum və müdafiə silahlarının istehsalına yönəlib.

“ABŞ indiyədək heç vaxt indiki qədər hərbi texnika və sursat istehsal etməyib. Tezliklə anbarlarımız dolacaq və bundan sonra bütün dünyadakı müttəfiqlərimiz və tərəfdaşlarımız əhəmiyyətli fayda əldə edəcəklər”, – deyə Tramp bildirib.

N.Talıblı