Qardaşının ölümündən sonra AzTV-ni birdəfəlik tərk etdi-36 yaşında qürbətdə vəfat edən məşhur diktorumuz

 “Beş kişidən biri”nin həzin hekayəsi

Uşaq olanda – danışıram beş-altı yaşlarımdan, elə bilirdim, televizordakı adamlar bizi görür. Planşetlə böyüyən indiki uşaqlara bunu başa salmaq artıq çox çətindir, amma yaşa dolub bu məzəli xatirəni digər həmyaşıdlarımla bölüşəndə məlum olmuşdu ki, belə düşüncədə tək deyilmişəm.

Biz uşaq olanda televizor insanların həyatında kütləvi informasiya vasitəliyindən daha böyük məna daşıyırdı. Böyüdüyüm aran kəndindəki adamların, əgər yaxın həftələrdə Bakıya yolları düşəcəkdisə, əvvəlcə yaxınlıqdakı rayon mərkəzlərindən birinin univermağına gedib ucuzvarı pal-paltarla imkan daxilində əyin-başlarını düzəldərdilər. Amma bundan da əvvəl mütləq televizorda “Günün ekranı”nın hava proqnozu deyilən hissəsində Bakının mərkəzi küçələrində addımlayan adamların paltarlarına diqqət yetirərdilər ki, görəsən ilin-günün bu vədələrində camaat paytaxtda əyninə nə geyinir.

Qadınlar parça alıb dərziyə aparanda xanım diktorlardan hansınınsa ötən axşam efirdə geyindiyi donun fasonundan istəyərdilər, o da tam alındıra bilməsə belə, yenə sınıq-salxaq əl maşınını çaqqıldadıb bəqədəri-qüvvə nəsə oxşatmağa çalışardı.

Söz etdiyim illərdə, konkret desəm, Qarabağ probleminin başlandığı 1987-ci ilə qədər, kasıbçılıq, sovetin bəzi axmaq qadağa və məhdudiyyətləri adamları sıxsa da, onların həyatında qəribə bir xoşbəxtlik, rahatlıq, hüzur da vardı və Azərbaycan televiziyasının mavi ekranı bu xoşbəxtliyin, rahatlığın, hüzurun tam ortasında yanıb- sönürdü.

Efirdə yeni sima

Onda Azərbaycan teleməkanında nəsil dəyişikliyi başlanmışdı. Ölkədə televiziya yaranandan efirdə olan təcrübəli diktorlar artıq yavaş-yavaş yaşlanırdılar və onlarla yanaşı, buraxılışlarda artıq gənc simalar görünürdü.

Həmin gənclərdən biri də Akif Nərimanoğlu…

O dövrün diktorları üçün əsas meyarlar sayılan yaraşıqlı, gülümsər çöhrəsi, səlis nitqi, səliqəli geyimi ilə bu xallı oğlan qısa müddətdə tamaşaçıların sevgisini qazanmışdı. Onun efirdə yenicə göründüyü vaxtlardan az sonra Azərbaycanda aləm bir-birinə dəydi: Qarabağ münaqişəsi, meydan hərəkatı, faciələr, ard-arda çevrilişlər, ümidlər, məyusluqlar, gözləntilər…

Televiziya diktorları indi əvvəlkindən də çox diqqət mərkəzində idilər. Amma bu dəfə geyimlərindən, saç düzümlərindən, görkəmlərindən çox, səsləndirəcəkləri taleyüklü mətnlər onları baxış bucağında saxlayırdı.

1992-ci ilin 15 may çevrilişindən sonrakı gecə Akif Nərimanoğlunun apardığı efir indiki kimi yadımdadır. Yuxusuzluqdan, yorğunluqdan çuxura düşmüş, amma yenə də dərinlikdən gülümsəyən gözləri ilə səhərə qədər hər saatdan bir hadisələrin axarını elan edirdi.

O illərdə televiziyanın formatı tez-tez, sürətlə dəyişirdi. Efirdə görünən diktorların, veriliş aparıcılarının sayı da, mən bilən, xeyli çoxalmışdı. Kənddə işıq böyük fasilələrlə verildiyindən daha televizora əvvəlki qədər baxa bilmirdik. Üstəlik, test üsulu tətbiq olunandan sonra bir neçə il irəlicədən qəbul imtahanlarına hazırlaşdığımdan televizora baxmağa bir elə vaxt da qalmırdı. Amma belə qarışıqlıqda yenə də bir tamaşaçı kimi hiss edirdim ki, Akif Nərimanoğlu daha efirdə gözə dəymir.

O, bax beləcə birdən-birə qeybə çəkilmişdi.

Tələbə vaxtı eşitdiyim xəbər

90-cı illərin sonlarında tələbə vaxtı kirayədə qaldığım həyətə Azərbaycan televiziyasının əməkdaşı olan bir xanım gəlirdi arabir. Rəfiqəsi bizim həyətdə yaşayırdı. Bir dəfə ondan Akif Nərimanoğlunun indi haralarda olduğunu soruşdum. Bir il əvvəl Tümendə zəhərlənərək vəfat etdiyini xəbər verdi və mən bu gözlənilməz xəbərdən çox sarsıldım.

O vaxtdan bəri Akif Nərimanoğlu haqqında bildiklərim, bir neçə illik efir xatirələrindən və keçmiş həmkarının 1998-ci ildə verdiyi acı xəbərdən artıq deyildi.  Haqqında nələrsə öyrənmək ümidi ilə bir-iki dəfə internetdə apardığım axtarışlar da bir nəticə verməmişdi. Həmişə xatırlayanda fikirləşirdim ki, uşaqlıq illərimizin belə işıqlı insanları haqqında əhatəli yazıların yazılması onlara yeni həyat qazandırar.

Oxumaq istədiyim yazını özümün yazmağım varmış qismətdə.

Hər şey dəyərli jurnalist həmkarım, ilk ixtisası olan tarixçi marağı ilə hərdənbir Facebookda ötən əsrin sonlarına dair nostalji havalı maraqlı paylaşımlar edən Xaqani Səfəroğlunun bu günlərdə öz səhifəsində yerləşdirdiyi fotodan və belə bir statusdan başlandı.

“Uzaq 80-lər… AzTV-nin diktoru Akif Nərimanoğlu.

“Günün Ekranı”nı əsas diktorlarından idi. Qarmaqarışıq 90-larda gözdən itdi.

Faciəli şəkildə vəfat etdiyi deyilirdi” – yazmışdı Xaqani.

Tələbə yoldaşlarının, nə vaxtsa Azərbaycan televiziyasında birlikdə çalışdıqları həmkarlarının, mənim kimi adicə tamaşaçıların bu statusa yazdıqları şərhlər Akifin yaddaşlarda necə gözəl, nəcib, ləyaqətli bir insan kimi qaldığından xəbər verirdi. Sevinc Rüstəmova adlı bir xanım bu şərhlərə cavab yazmağa başlayanda isə məlum oldu ki, mərhumun doğmalarından biri, daha dəqiq yazsam, bacısı ilə rastlaşmışam.

Beləliklə, hazırda Londonda yaşayan Sevinc xanımla sosial şəbəkə üzərindən qısa ünsiyyətimiz, onun suallarıma verdiyi cavablar bu yazının ərsəyə gəlməsinə kömək göstərdi.

Öyrəndim ki, Akif Nəriman oğlu Rüstəmov 1961-ci ildə Bakının Lökbatan qəsəbəsində anadan olub – keçmiş milis zabiti, istefaya çıxandan sonra jurnalistika ilə məşğul olan, bir müddət Azərbaycan radiosunda müxbir, sonra “Açıq söz” qəzetində baş redaktorun müavini kimi çalışan və ömrünün sonuna qədər keçmiş “Təfəkkür” Universitetində hüquqdan dərs deyən Nəriman Rüstəmovun ailəsində.

Üç qardaş, bir bacı olublar: Arif, Akif, Asif və Sevinc. Ataları əslən Şəmkirdən, anaları Ağstafadanmış. Sevinc xanım xüsusilə atalarının hərtərəfli adam olduğunu yada salır. “İngiltərədə kiməsə atam haqqında danışanda elə bilirəm yalan danışdığımı düşünürlər. Çünki söhbətin mövzusundan asılı olaraq atamın gah polis rəisi, gah jurnalist, gah hüquqşünas, gah tərcüməçi, gah şair, gah da universitet müəllimi olduğunu deyirəm və qəribəsi budur ki, dediklərimin hamısı da doğrudur. Atam bir insan ömrünə sığmayacaq qədər rəngarəng həyat yaşadı və 2006-cı ildə rəhmətə getdi. Anamsa mühasib idi. Atamı Qaradağ milis şöbəsinə rəis müavini təyin edəndən sonra onlara Sahil qəsəbəsində ev veriblər. Qardaşlarım Bakıda doğulmuşdular. Mən isə Sahildəki evimizdə dünyaya gəlmişəm. Qardaşlarım, o cümlədən Akif Sahil qəsəbəsindəki 253 nömrəli məktəbdə təhsil almışdılar”.

Elşad Quliyev hər ikisini yanına çağırıb deyir öz aranızda qərara gəlin

Akif orta məktəbi bitirəndən sonra o vaxtkı İncəsənət İnstitutunun Kino və dram aktyorluğu fakültəsinə daxil olur. 1987-ci ildə institutu bitirir. Aktyor olmaq uşaqlıq arzusu imiş. Hətta instituta qəbul olunmazdan əvvəl “Babək” filmində Babəkin oğlu Buğday rolunun sınaq çəkilişlərində də iştirak edərək rola təsdiqlənibmiş. Di gəl ki, təsdiqə qədər Leninqradda hərbi xidmətə yollandığından bu rola başqasını çəkəsi olurlar. Tələbə vaxtı şair Rəsul Həmzətov haqqında, bundan başqa, Nəbi Xəzrinin eyni adlı şeirinin motivləri əsasında çəkilmiş “Dəniz, göy, məhəbbət” televiziya filmində rol alır. Mən, düzü, 1986-cı il istehsalı olan “İşarəni dənizdən gözləyin” filminə baxmamışam, amma siz baxmısınızsa, bilin ki, burada balıqçının oğullarından üçünün rolunu oynayanlar Arif, Akif və Asif qardaşlarıdır.

Buna baxmayaraq aktyorluq arzusu axıra qədər alınmır, tale ömür yolunda müəyyən redaktələrini edir. İnstitutu bitirdiyi il Azərbaycan televiziyasında diktorluq müsabiqəsi elan olunur. Akif də, özündən bir yaş kiçik qardaşı Asiflə birgə bu müsabiqəyə qatılır. Maraqlısı odur ki, çoxsaylı iştirakçılar arasından finala ikisi qalır və iki qardaş bir-birinə rəqib olur. Diktorluğa isə cəmi bircə nəfər seçilməli imiş. Burdan o tərəfi bir qədər də məşhur alman rəssamı Albrext Dürerlə qardaşının püşk əhvalatını xatırladır. O vaxt Azərbaycan televiziyasının rəhbəri olan mərhum Elşad Quliyev hər ikisini yanına çağırıb deyir ki, nə yaxşı ki, qardaşsınız, bu, məni çətin seçimdən qurtarır. İkiniz də diktor olmağa layiqsiniz, finala qədər gəlib çıxmısınız, indi isə özünüz öz aranızda qərara gəlin ki, qalib hansınız olursunuz. Onda Asif böyük qardaşının qalmasını təkif edir. Beləliklə, Akifi diktor kimi işə götürürlər. Bir il sonra Moskvaya ezamiyyətə gedib, 1988-89-cu illərdə keçmiş SSRİ-nin birinci kanalında çalışır. Elə Rüstəmov soyadını da Nərimanoğlu təxəllüsü ilə onda əvəzləyir. Deyirmiş ki, Rüstəmov milliyyətimi göstərmir. Nərimanoğlu təxəllüsü iləsə azərbaycanlı olduğumu dərhal bilirlər.

Qardaşı Asifə gəlincə, o, Azərbaycan Pedaqoji İnstitutunu fizika-riyaziyyat ixtisası üzrə bitiribmiş. “Müəllim işləmədi, ictimai işlərdə çox fəal idi” – deyir Sevinc xanım – “Diktorluq müsabiqəsinə qatılanda Dərin Özüllər Zavodunda Baş direktorun müşaviri işləyirdi. Bir il sonra özəl biznes qurmağa icazə verilən kimi ölkənin ilk iş adamlarından oldu. Əvvəlcə kooperativ açmışdı. Orada birlikdə çalışırdıq. Tezliklə işi böyüdüb şirkətə çevirdik. Əsasən alqı-satqı ilə məşğul idik. Rusiyadan vaqonlarla tikinti materialları, şəkər tozu, Türkiyə və İrandan ərzaq, pal-paltar gətirirdik. Son üç ildə Asif Moskvada və Novosibirskdə də şirkətin filiallarını qurmuşdu. Özü də çox vaxt Moskvada olurdu. Bakıdakı işləri mən idarə edirdim. 1993-cü ildə Asif avtomobil qəzasında həlak oldu. Cəmi 32 yaşı vardı. Ondan sonra müəyyən səbəblərə görə şirkəti bağlamalı olduq”.

Asifin ölümündən sonra Bakıda özünə yer tapa bilmirdi

Aralarında cəmi bircə yaş fərqi olduğundan Akiflə Asif əkiz kimi böyüyüblərmiş. “Bir-birinə çox bağlı idilər. Asifin ölümündən sonra o, Bakıda özünə yer tapa bilmirdi. Həmişə deyirdi ki, hara baxıram, Asifi görürəm”.

Qardaşının ili çıxandan sonra 1994-cü ilin sentyabrında televiziyadakı işindən ayrılıb, Sibirə yollanır. İşdən çıxmağını istəmirlər. Hətta gedəndən sonra bir il də işdən çıxma haqqında əmrini verməyib, öz hesabına məzuniyyət yazırlar ki, bəlkə fikrini dəyişib qayıdar. Diktor həmkarları Roza xanım, Şərqiyyə xanım, Ofeliya xanım tez-tez zəng edib geri qayıtmasını xahiş edirlər. Amma qərarını dəyişmir. Tümendə qalıb diaspor fəaliyyəti ilə məşğul olmağa başlayır.

Onda xarici ölkələrdə, o cümlədən soydaşlarımızın sıx yaşadıqları Rusiyada azərbaycan diasporu yox idi, rəsmi cəmiyyətlər hələ yaradılmamışdı. Azərbaycanlılar bir-biri ilə daha çox xeyir-şər məclislərində ünsiyyət qururdular. Akif Tümendə Azərbaycan cəmiyyətinin yaradılması üçün çalışır. Akiflə həmyaşıd və yaxın dost olan, həmin vaxtlar Xantı-Mansi vilayət dairəsində prokuror köməkçisi işləyən əmisi oğlu da ona bacardığı köməyi göstərir.

“Akif tarixlə çox maraqlanırdı, tarixə aid hər şey onu özünə cəlb edirdi. Xüsusilə türk xalqlarının tarixi ilə bağlı çox oxuyurdu. Sovet dövründə akademik Ziya Bünyadovun gəlini ona bir neçə əlyazma bağışlamışdı, onları evdə hamımız böyük maraqla mütaliə edirdik. Ona elə gəlirdi ki, dünya azərbaycanlıları birləşsələr, Qarabağ problemini qısa müddətdə yoluna qoymaq olar. Azərbaycanın bütövlüyü də Akifin ən böyük arzularından idi” deyən Sevinc xanım  20 yanvar faciəsi ərəfəsində qardaşının Şıxov ərazisindəki barrikadalarda gecələdiyi vaxtları xatırlayır. Evə ancaq oradakı yoldaşlarına yemək aparmaq üçün gələrmiş. 20 Yanvar faciəsinin baş verdiyi, televiziyanın enerji blokunun partladıldığı gecə isə o, iş yerində növbədə olub.

Davada aldığı yaraya görə iki həftə efirə buraxmadılar

Sevinc xanım deyir ki, Akif çox ədalətli və özünəinam hissi güclü biri imiş. “Qardaşlarımın üçü də idmanla məşğul olurdular, özlərinə arxayın idilər. Küçədə, yolda heç tanımadıqları qıza kiminsə sataşdığını görsələr, mütləq həmin adamın dərsini verərdilər. Ehtiyac görsələr, qızı evlərinə qədər ötürərdilər.

Heç yadımdan çıxmaz, Akifin diktorluğa yenicə başladığı vaxtlar idi. Avtobusda yol gedəndə, hansısa xuliqanın qızı narahat etdiyini görüb, məsələyə qarışıb, əlbəyaxa olanda oğlan ülgüclə onun çənəsini çox dərin kəsmişdi. Yarasına görə iki həftə efirə buraxmadılar. Buna görə atam onu evdə möhkəmcə danladı ki, axı sən artıq beş kişidən birisən (onda televiziyada həqiqətən cəmi beş kişi diktor vardı Y.C.), hərəkətlərinə diqqət eləməlisən, özünü, sifətini qorumalısan. Akifsə cavab verdi ki, məgər yanımda kimsə bacım Sevincə sataşsa, səssiz durub baxmalıyammı?! Küçədə gördüyüm qızlar da kiminsə bacılarıdırlar”.

Dostcanlı bir insan olub, dostlarının, tələbə yoldaşlarının çoxu indiyə qədər doğmaları ilə əlaqəni kəsməyiblər. Kin saxlamağı, kiminləsə küsülü qalmağı da bacarmazmış. “Evin kiçiyi və üç qardaşın tək bacısı olduğumdan evin ən küsəyəni, təbii ki, mən idim. Ən çox da Akiflə mübahisəmiz düşərdi. Mən inciyib otağıma çəkiləndə o, bundan narahat olardı. Dərhal həyətdən güldən, ağac budağından nəsə tapıb süfrəni onunla bəzəyərdi. Çəngəl-bıçaq düzərdi, sonra da məni çağırardı”, – bacısı qeyri-adi uşaqlıq əyləncələrini xoş hisslərlə xatırlayır: “Biz uşaq vaxtı zadəgan evlərindəki davranış qaydaları haqqında kitablar oxuyardıq. Çalışardıq ki, bu qaydalara gündəlik məişətdə mümkün qədər əməl edək. Akif incidiyim vaxtlarda süfrəni bu qaydalara uyğun qurandan sonra gəlib qapımı döyərdi ki, bacı, bax sən istəyən süfrəni açmışam, indi gəl görək hansımız yeməyini səhvsiz yeyə biləcək”.

Sevinc xanımın qardaşı haqqında ən xoş xatirələrindən biri də Akifin Leninqradda əsgərlikdən ona yazdığı ilk məktublardan birinin arasındakı inciçiçəkləridir. “Əsgər gedəndə 10 yaşım vardı. Bilirdi ki, inciçiçəyini çox sevirəm. Bu çiçəklər Bakıda ancaq 1 may və 9 may paradları vaxtı satılırdı. O isə əsgərliyə apreldə getmişdi. İlk məktublarının birinin arasında mənə meşədən yığdığı inciçiçəklərini göndərmişdi. Məktub çatana qədər çiçəklər qurumuşdu. Amma ətri yenə həminki idi. Uzun illər həmin çiçəkləri oxuduğum kitabların vərəqlərinin arasında saxladım”.

Akif 24 yaşında olanda xalası qızı ilə ailə qurur. Bu, daha çox valideynlərin tövsiyəsi olsa da, seçimi yenə özü edir. İki oğul, bir qız övladları dünyaya gəlir. Ailəsini Tümenə aparmayıbmış, ara-sıra Bakıya gəlib-gedirmiş.

“Həkimlər demişdilər ki, bazar ertəsinə qədər sağ saxlamaq olsa…”

Səhhətindən heç bir şikayəti yoxmuş. Tümendə olanda qəfil mədəsi ağrımağa başlayır. Tezliklə keçəcəyini düşünüb bir neçə gün həkimə getmir. Ağrılar şiddətləndiyindən onu xəstəxanaya çatdırırlar. Müayinə zamanı məlum olur ki, artıq iş-işdən keçib, mədə xorası qana zəhərlənmə verib. “Qanı müsbət 1-ci qrup idi. Tələbə vaxtlarından könüllü donor kimi hər iki-üç aydan bir gedib qan verirdi. Baş həkimin müavini ailəmizə yaxın adam idi, bir gün mənə dedi ki, atangilə de, Akifi qoymasınlar belə tez-tez qan verməyə, ziyandır. Amma Akif belə şeylərə məhəl qoyan idimi?! Deyirdi, gör qan verməklə nə qədər adamı ölümdən qurtara bilərəm. Əgər belə imkan varsa, niyə eləməyim ki?!”.

Qürbətdə ölüm yatağında ikən özünə qan lazım olanda cümə günüymüş. Eşidib bilən bütün azərbaycanlılar qan vermək üçün xəstəxananın qarşısına yığışırlar. Həmin gün bədəninə xeyli qan köçürüb qanı təmizləyirlər. Amma zəhərlənmə artıq böyrəkləri sıradan çıxarıbmış. “Həkimlər demişdilər ki, bazar ertəsinə qədər sağ saxlamaq mümkün olsa, böyük qardaşımın böyrəyini yoxlayıb bir böyrəyini dəyişə bilərlər. Amma alınmadı, bazar günü dünyasını dəyişdi”.

Vəfat edəndə övladlarından böyüyünün 12, ən balacasının 3 yaşı olub. Ailəsi indi də Lökbatandakı ata evlərində hələ həyatda olan anası ilə birgə yaşayır. Oğlanlarından biri restoranda inzibatçı işləyir, digəri aşpazdır. Qızı isə mağazalar şəbəkəsində çalışır.

Unutsaq, unudularıq

Universitetin hardasa üçüncü kursunda oxuduğum günlərin biri idi. Çox sərt, prinsipial, tələbkar, amma bir o qədər də gözəl müəllimlərimizdən olan Yalçın Əlizadə dərsdən sonra mənə bir neçə vərəqlik yazı verib, “Azərbaycan” nəşriyyatındakı iş yerimə gedəndə onları “Azərbaycan müəllimi” qəzeti redaksiyasına çatdırmağımı xahiş elədi.

Onda elektron poçt filan hələ çox yayılmamışdı, redaksiyalara çatdırılası nəsə olanda gərək kiminləsə göndərəydin. Həmin yazını, heç şübhəsiz, yolüstü oxudum. Amma indi nə qədər çaşlışsam da, məzmunundan heç nə xatırlaya bilmirəm. Deyəsən tanımadığım hansısa alim haqqında yaddaş yazısı idi. Amma ilk səhifənin yuxarı künc tərəfindəki kəlmələr o vaxtdan bəri yaddaşıma mismarlandı: “Unutsaq, unudularıq”. Sonra bildim ki, köhnə ənənələri olan qəzetlərdə belə daimi rubrika olur. Akif Nərimanoğlu – uşaqlıq illərimin bu doğma siması haqqında qeydlərimi tamama yetirərkən, indi o iki kəlməni xatırlayıram.

Ölmək yox olmaqdır, yox olmaqsa, tamam unudulmaq.

İnsanlar onları daha heç kim xatırlamayanda yox olub gedirlər.

Kim deyir ki, ancaq “Sağlığında qiymət verin insanlara”?!

Tarixin bir parçası olan yaxşı insanlar haqqında sağlıqlarında da, dünyadan köçəndən sonra da mümkün qədər çox yazılmalıdır.

Belə yazılar nə vaxtsa elektron resurslarda, saralmış qəzet səhifələrində, kitab vərəqlərində oxucuların rastına çıxıb öz qəhrəmanlarını yaddaşlarda yaşadacaq.

Hələlik məndən bu qədər…

Unutmayaq ki, unudulmayaq!

Yadigar CƏFƏRLİ

Əvvəlki məqalə

Birdəfəlik ödəmə verilən I Qarabağ müharibəsi əlillərinin sayı

Sonrakı məqalə

“COVID-19-la bağlı rəqəmlər artıq aşağı düşüb və vəziyyət əvvəlkinə qayıdıb”