Qoyun sürüləri, arı pətəkləri və mal-qara Kəlbəcərə niyə və necə gətirilir? –

Sosial şəbəkədə yayılan videolarla bağlı AÇIQLAMA
11 İyun 2021 - 15:27

İyun ayının əvvələrindən sosial şəbəkələrin azərbaycan dilli səhifələri işğaldan azad olunmuş Kəlbəcər bölgəsinə köç və arı qutularının daşınmasını göstərən videolar yayır.

Həvəskar videolarda mal-qoyun sürüsünün və arı ailələrinin Kəlbəcərdəki yaylaqlara yollandığı bildirilir.  Azərbaycanda polis postlarından yayınaraq həmin ərazilərə gedənlər barədə qanuni cəzalar tətbiq edilir. Hökumət isə hələ ki, işğaldan azad olunmuş ərazilərə mülki şəxslərin nə zaman gedəcəyi planını açıqlamayıb.

Azərbaycan Arıçılar Assosiasının sədr müavini Sabir Mustafayev “BBC News”-a deyib ki, iyunun 7-dən onun arıları Kəlbəcərə gətirilib və onun özü də oradadır. “Bizim arılar İsmayıllıda idi və bir günə gəlib Kəlbəcərə çatdıq. Yolumuz uzun və ağır keçdi, amma gəlib çatdıq. Kəlbəcərdə tunel zonası deyilən ərazidəyik”, – Sabir Mustafayev deyib.

Sabir Mustafayev bildirib ki, arı təsərrüfatının, 30 il əvvəl buradan çıxandan sonra indi geri qayıda bilməsindən məmnundur. Təhlükəsizlik və mina məsələsi ilə bağlı o deyib ki, minalanmış ərazilər “döyüş gedən yerlərdə, Murov dağı istiqamətinə olur”.

“Ərazilər yoxlanılıb, biz öz istədiyimiz yerə gəlib düşməmişik – hərbçilərin göstərişi, nəzarətiylə hara təhlükəsizdir, ora gəlmişik. Təsərrüfatlarımızı qurduğumuz ərazi hərbçilərə yaxındır. Onlar təhlükəsizliyi təmin edirlər”, – Sabir Mustafayev deyib.

Onun sözlərinə görə, Kəlbəcər ərazisinə getmək üçün arıçılar müraciət edib və Kənd Təsərrüfatı Nazirliyi pilot layihə təşkil edib. Arıçı bildirib ki, hazırda Kəlbəcərdə beş arı, beş-altı da maldarlıq təsərrüfatı var: “Bu pilot layihədir, ola bilsin ki, hər şey normal keçsə, daha çox təsərrüfat gələ bilər. Təhlükəsizlik baxımından təsərrüfatlar yaxın yerlərdə yerləşiblər. Maldarlıq təsərrüfatları da çox uzaqda deyil. Bura müxtəlif vaxtlarda gəlmişik”, – cənab Mustafayev bildirib.

Daxili İşlər Nazirliyindən bildirilib ki, işğaldan azad edilmiş Kəlbəcər rayonuna aparılan və sosial şəbəkələrdəki videolarda təsvir olunan xırda və iribuynuzlu mal-qaranın bir qismi dövlətin balansındadır, bir hissəsi isə Kəlbəcər rayonundan olan fermerlərə məxsusdur.

DİN Mətbuat Xidmətinin əməkdaşı Anar Qafarov deyib ki, həmin fermerlərin sürünü yaylağa aparmaq barədə müvafiq dövlət qurumundan icazələri olub. Onun sözlərinə görə, onların icazəsi olduğundan mal-qara, eləcə də sürünün yanındakı şəxslərin polis və Daxili Qoşunların hərbi qulluqçularının müşayiəti ilə, təhlükəsizlik tədbirləri görülməklə qeyd edilən yaylağa aparılması təmin edilib.

Kənd Təsərrüfatı Nazirliyindən hələ ki, maldarlıq və arıçılıq təsərrüfatlarının işğaldan azad olunmuş bölgələrə aparılması məsələsinə rəsmi münasibət öyrənmək mümkün olmayıb.