Azərbaycan tarixən mədəniyyətlərin qarşılıqlı təsir arenası olmuş, ölkənin milli mədəniyyətinin inkişafı Yaxın və Orta Şərqin qonşu ölkələrinin mədəniyyəti ilə sıx əlaqədə inkişaf etmişdir. Azərbaycançılıq nəzəriyyəsinin və ideologiyasının tarixi köklərinin araşdırılması ilk növbədə “Azərbaycan” toponiminin meydana gəlməsi və tarixi inkişafı, Azərbaycanın tarixi coğrafiyası və dövlətçilik tarixi məsələlərinə aydınlıq gətirilməsini tələb edir.
Çünki uzun illərdir ki, bədxahlarımız bu məsələdən bizə qarşı istifadə etməyə çalışır, “Azərbaycan” istilahının yalnız İranın şimal əyalətlərinə alid olduğunu, Araz çayından şimaldakı ərazinin heç zaman Azərbaycan adlanmadığını, yalnız 1918-ci ildə burada Cümhuriyyət yarandıqdan sonra ortaya atıldığını, indiki Azərbaycan Respublikasının ərazisinin tarix boyu əsasən Arran, Muğan və Şirvan kimi coğrafi adlar daşıdığını, hətta daha uzağa gedərək “Azərbaycanlı” adlı millətin mövcud olmadığını iddia edirlər. Bununla da onlar azərbaycanlıların dövlətçilik ənənələrinin olmadığını sübut etməyə çalışırlar.
Biz kitab və məqalələrimizdə ərəb və farsdilli mənbələrdə Azərbaycanın tarixi əraziləri haqqında mövcud olan məlumatlar haqqında yazmışdıq. Bu məqalədə isə rus müəlliflərinin əsərlərində Azərbaycanın adı və ərazisi ilə bağlı məlumatları qısa şəkildə də olsa oxucularla bölüşmək istərdik. Qeyd etmək istərdik ki, ənənəvi olaraq İran və Ermənistan müəllifləri ilə yanaşı bəzi rusiyalı müəlliflər də Azərbaycanın tarixi coğrafiyasını saxtalaşdırmaqda davam edirlər. Bunu son illərdə Rusiyada Azərbaycanın, Cənubi Qafqazın tarixinə, etnik vəziyyətinə həsr edilmiş əsərlərdə, internet materialları da təsdiq edir.
Məsələn M.Meltyuxov və A.Ter-Sarkisyan soyadlı müəlliflər yazırlar: “Tatix elminə ancaq bir Azərbaycan məlumdur– qədim İran əyaləti olan və irandilli və digər xalqlarla məskunlaşmış Azərbaycan məlumdur. XI sərdən başlayaraq bu əyalət türk tayfalarının hücumlarına məruz qalmış, onraların bir hissəsi sonralar burada qalmış və müəyyən dərəcədə yerli irandilli əhalini assimiliyasya etmişdir ki, onların böyük hissəsi indi türk dialektlərində danışsalar da, milli İran köklərini və İran özşüurunu saxlamışlar. XIX əsrə qədər hər hansı dildə olursa olsun heç bir tarixi mənbədə Zaqafqaziya hüdudları daxilində (Arazdan şimalda) Azərbaycanın mövcudluğundan bəhs edilmir… 1920-ci ildə Azərbaycan SSR-ə daxil edilmiş ərazilərə münasibətdə “Azərbaycan” sözü yalnız XX əsrin əvvəllərində, daha dəqiq I Dünya müharibəsinin son ilində bu ərazilərdə Türkiyə işğal rejiminin qurulmasından və sözdə “Azərbaycan Demokratik Respublikası”nın elan edilməsindən sonra işlədilməyə başlanmışdır”.
Tamara Vardanyan Moskvada nəşr etdirdiyi kitabında daha da uzağa gedərək guya “Azərbaycan və bəzi xarici müəlliflərin alternativsiz olaraq istifadə etdikləri” “Azərbaycan etnosu”, “etnik azərbaycanlı”, “azərbaycanlıların etnik ərazisi” kimi tarixi-etnoloji terminləri “təhlil edir”. Azərbaycan millətini “başa çatdırılmamış etnik layihə” adlandıran müəllifin nəzərincə, “Azərbaycan etnosu” və ya “azərbaycanlıların etnik ərazisi” kimi terminlər ideologemlər olub etnomilli mifə xidmət edirlər, ona görə də akademik və publisistik mətnlərdə bu terminlərin XX əsrə aid edilməsi qeyri-peşəkarlıqdır və elmi cəhətdən əsassızdır.
Maraqlıdır ki, Azərbaycan müəlliflərini “Azərbaycan” terminindən qeyri-autentik şəkildə istifadə etməkdə günahlandıran, 1918-ci ilə qədər “Azərbaycan”, “Azərbaycan türkləri”, “azərbaycanlılar”, “Azərbaycan türkcəsi”, “Azərbaycan dili” kimi məfhumların mövcud olmadığını iddia edən T.Vardanyan elə öz kitabının 28-ci səhifəsində III Dövlət Dumasının deputatı N.L.Markovun 1909-cu ildəki çıxışından sitat gətirməklə özü özünü təkzib edir: “Müsəlmanlar arasında maarifin yayılması cəmiyyəti Qafqaz dağlılarının müxtəlif tayfalarını – çeçenləri, ləzgiləri, yanlış olaraq tatar adlandırılan Azərbaycan türklərini və digər başqa tayfaları birləşdirir, onları birləşdirən türk dilidir, çünki Azərbayacan dili türk dilinin dialektidir”.
Adı çəkilən müəlliflərin, eləcə də bu kitaba ön söz yazmış V.Zaxarovun, həmçinin Azərbaycana nifrətini gizlətməyən digər müəlliflərin (S.Tarasov, V.Stupişin, A.Şahnazarov və başqaları) qeyri-elmi yanaşmaları əslində Ermənistanın və bəzi İran ideoloqlarının Azərbaycan xalqının mənşəyinə, dövlətçilik tarixinə dair konsepsiyaları üçün tipikdir. Antitürk və antiazərbaycan mahiyyət daşıyan bu konsepsiya guya tarixi Albaniya, Arran və Şirvan vilayətlərini Şimali Azərbaycan, həqiqi Azərbaycan olan İran Azərbaycanını isə Cənubi Azərbaycan adlandırılmasına qarşı çıxaraq azərbaycanlıların ari mənşəli olduqlarını, sonradan türkləşdiklərini iddia edir, bununla da şimallı-cənublu Azərbaycan xalqının vahidliyini inkar etmək məqsədi güdür.
Lakin tarixi mənbələr Azərbaycan məfhumunun qədimliyini və hər iki əraziyə aid edildiyini tamamilə təsdiq edir. Hələ sovet dövründə Azərbaycan tarixçiləri bu saxtalaşdırmalara tutarlı elmi dəlillərlə cavab vermişlər. 1978- ci ildə işıq üzü görmş “Azərbaycanın tarix və mədəniyyətinin burjua saxtalaşdırıcılarına qarşı” adlı məqalələr toplusunda Azərbaycanın tanınmış tarixçiləri Ş.Tağıyeva, O.Əfəndiyev, T.Musəvi, M.Azərli, V.Piriyev, H.Dəlili, M.Əliyev və başqaları Azərbaycanın etnik tarixi və tarixi coğrafiyası ilə bağlı qərəzli fikirlərini faktlarla və elmi dəlillərlə təkzib etmişlər. Sovet dövründə nəşr edilmiş digər əsərlərdə də bu məsələlər öz əksini tapmışdır.
Müasir Azərbaycan tarixçiləri də erməni, İran və bəzi rus tarixçilərinin Azərbaycanın tarixi coğrafiyası, etnik və siyasi tarixi haqqında qərəzli fikirlərini ifşa edən bir çox əsərlər ortaya qoymuşlar Onlar yüzlərlə tarixi mənbələrə istinad edərək ən qədim dövrlərdən Araz çayının şimalındakı ərazinin də Azərbaycan adlandırıldığını sübut etmişlər. Azərbaycan alimləri “Albaniya”, “Aran”, “Şirvan”, “Cənubi Azərbaycan”, “Şimali Azərbaycan” və digər tarixi-coğrafi adların mövcudluğunu heç zaman inkar etməmişlər. XIX əsrin əvvəllərində tarixi Azərbaycan Çar Rusiyası və Qacarlar İranı arasında parçalandıqdann sonra iki hissəyə bölünmüş və nəticədə “Cənubi Azərbaycan” və “Şimali Azərbaycan” kimi istilahlar yaranmışdır. İki hissəyə parçalanması nəticəsində şimallı və cənublu azərbaycanlılar arasında həyat tərzlərində, dünyagörüşlərində, siyasi, iqtisadi, mədəni inkişaflarında, təhsil səviyyələrində müəyyən fərqlərin yaranmasına baxmayaraq onlar arasında əlaqələr tam itməmiş, Azərbaycan xalqı öz etnik-milli vahidliyini qoruyub saxlamışdır. Yalnız XX əsrin 20-ci illərində Sovet və Pəhləvi rejimlərinin hər iki tərəfdən sərhədləri bağlamaları ilə Azərbaycanın şimalı ilə cənubu arasında əlaqələr məhdudlaşmış, bu da hər iki ərazidə yaşayan əhalinin təmaslarına öz mənfi təsir göstərmişdir.
Qeyd edildiyi kimi, ölkəmizin ərazisinin hələ qədimdən Azərbaycan adlandırılmasını təsdiq edən yüzlərlə tarixi mənbə mövcuddur ki, onların mötəbərliyi heç kimdə şübhə doğurmur. Qədim, orta əsrlərə və və yeni dövrə aid müxtəlif dillərdə yazılmış çoxsaylı tarixi qaynaqlar “Azərbaycan” istilahının Arazın hər iki tayındakı əraziləri əhatə etdiyini sübut edir.
Azərbaycan toponiminin Şimali Azərbaycan torpaqlarını əhatə etdiyini rus mənbələri də təsdiq edirlər.
Əfşarlar dövlətində rus dövlətinin rezidenti olmuş Kaluşkin Nadir şahın öz qardaşı İbrahim xanın başçılığı altında Car-Balakənə qoşun dəstəsi göndərdiyi barədə məlumat verərək 1737-ci ildə yazırdı ki, İbrahim xan yolboyu öz komandasına “bütün Azərbaycan tərəfdə: Şirvanda, Muğanda, Ərdəbildə, İrəvanda, Gəncədə olan qoşunu” birləşdirir. Carlılar döyüşdə İbrahim xanı yaraladıqdan sonra Qarabağ bəylərbəyi qardaşı Hüseynqulu xana deyir: İbrahim xanı dəhşətdən çıxar, Allah eləməsin onun başına bir iş gəlsə, sabah bütün Azərbaycan məmləkəti Nadirin qəzəbinin qurbanı olar və od içində yanar. İran tarixçisi Məhəmməd Kazım onun dediklərini təsdiq edir: “İbrahim xan öldürüldükdən sonra rus diplomat Peterburqa xəbər verirdi ki, İbrahim xanın darmadağın edilməsi ilə bütün Azərbaycanda, yəni İrəvandan Dərbəndin özünə qədər heç yerdə qoşun yoxdur”.
Rusiya dövlətinin Gürcü çarı II İraklinin (1762-1798) yanında səlahiyyətli nümayəndəsi olmuş polkovnik S.Burnaşev 1793-cü ildə Kurskda çap etdirdiyi «Persiyadakı Azərbaycan vilayətlərinin təsviri və onların siyasi vəziyyəti» adlı kitabcasında Azərbaycan bölgələri Bakı, Quba, Nuxa, Şirvan, Gəncə, Şuşa, Naxçıvan, Təbriz, Marağa, Urmiyə, Xoy, Ərdəbil, Meşgin və başqaları haqqında məlumat vermişdir.
Qafqazda rus qoşunlarının baş komandanı Sisianov imperator I Aleksandra göndәrdiyi raportda (12 mart 1803-cü il) yazırdı ki, Azәrbaycan xanlarının böyük hissәsinin açıq-aşkar İran müstәbid idarәsindәn zәhlәsi gedir. Gәncә şәhәrinin işğalı ərəfəsində o qraf Voronsova yazırdı: “Asiyalıların basılmaz saydıqları Gәncә qalası bütün Azәrbaycanı vahimәdә saxlayır”. Hәr iki halda Sisianov şübhәsiz, konkret olaraq Şimali Azәrbaycanı, geniş mәnada isә şimallı-cәnublu bütün Azәrbaycanı nәzәrdә tutmuşdu. Gәncәnin zәbt olunması münasibәtilә Rusiya imperatoru I Aleksandr 1804-cü il fevralın 5-dә Sisianova “Ali reskript” göndәrmişdi. Reskriptdә Sisianova tapşırılmışdı ki, İran şahının “diqqәtini Azәrbaycandan (mәtndә: «Адзербейджан»“Adzerbeydjan” ) vә Xәzәr dәnizinin qәrb sahilindәki vilayәtlәrdәn yayındırsın”. Heç şübhәsiz, burada da birinci növbәdә Şimali Azәrbaycan nәzәrdә tutulmuşdur. İ.V.Qudoviç 1808-ci il martın 7-dә Peterburqa mәlumat verirdi: “Farslar özlәri etiraf edirlәr ki, Azәrbaycanın indi Rusiya hakimiyyәti altında olan hissәsi hәmişә İrana etibarsız olub”.
1843-cü ildә “Журнал Министерства народного образования” “Azәrbaycan lәhcәsinin elastik vә xoşavaz” olmasını vurğulamışdı. Mirzә Kazım bәy 1853-cü ildә Peterburq Universiteti Şәrq dillәri fakültәsinin açılışında izah etmişdi: “Adәrbican-tatar dili Rusiyanın Zaqafqaziya әrazilәrindә işlәdilәn türk lәhcәsidir. Bu dil ölkәnin (Adәrbican) öz adı ilә adlanır. Tәbriz (Tavriz) şәhәri bu ölkәnin paytaxtı hesab olunurdu”. Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur.
Fransız səyyahı Jan Şarden də (XVII əsr) Azərbaycanın hüdudlarından danışarkən göstərirdi ki, Səfəvi imperiyasının böyük torpaqlarından biri olan Azərbaycan şimalda Dərbəndlə həmsərhəddir. A.Berje 1867-ci ildə Аlmaniyada «Əşari-şuərayi-Azərbaycan» (Аzərbaycan şairlərini şerləri) adında kitab nəşr etdirmiş, həmin kitabda həm Şimali Azərbaycan, həm də Cənubi Azərbaycan şairlərinin şerləri toplanmışdı.
Göründüyü kimi, rus və avropalı müəlliflər Azərbaycan adı altında şimallı-cənublu hər iki Azərbaycanı nəzərdə tuturdular. Artıq qeyd edildiyi kimi, Azərbaycanın şimalı Rusiya tərəfindən işğal edildikdən sonra “İran Azәrbaycanı” vә “Rusiya Azәrbaycanı” və ya “Qafqaz Azәrbaycanı” toponimləri meydana gəlmişdir.
Beləliklə tarixi mənbələr, o cümlədən rus müəlliflərinin əsərləri «Azərbaycan» toponiminin Şimali Azərbaycana yalnız 1918-ci ildə, Azərbaycan Cümhuriyyətinin elan olunmasından sonra tərbiq edilməsi haqqında iddiaları tamamilə yalanlayır.
Kamran İsmayılov
“Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri,
AMEA Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent