“Rusiya Dağlıq Qarabağa birbaşa müdaxilədən çəkindi, Moskva taktikanı dəyişib” –

Pentaqon hesabat açıqladı
03 May 2021 - 21:09

“Gürcüstan, Ukrayna və Azərbaycanın NATO ilə təhlükəsizlik partnyorluğu Rusiyaya ərazidəki hegemonluğunu artırmaq imkanı vermir”.

Azpost.info bildirir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi Senat dinləməsi üçün hazırladığı “2021-ci ildə ümumdünya təhlükəsi” adlı hesabatında deyilir.

“Bu baxımdan Moskvanın Dağlıq Qarabağa birbaşa müdaxilədən çəkinməsi və Belarusdakı kütləvi etirazlara məhdud reaksiya verməsi göstərir ki, Moskva Çin, Türkiyə və Qərbin artmaqda olan təsirlərinin qarşılığında keçmiş sovet məkanında nəzarətini saxlamaq üçün taktikasını dəyişməkdədir”.

Hesabatda vurğulanır ki, Rusiyanın vasitəçiliyi Dağlıq Qarabağda müharibəyə son qoymaqla Moskvanın bu regiondakı hərbi-iqtisadi təsirini gücləndirib və indi artıq Rusiyanın bütün Cənubi Qafqaz ölkələrinin torpaqlarında qoşunları var.

Hesabatda deyilir ki, Rusiya bundan sonra Ermənistan və Azərbaycan arasında nəqliyyat və kommunikasiyaların açılmasından da öz təsirini artırmaq üçün davamlı istifadə edəcək.

Sənəddə bu da qeyd olunur ki, Rusiya Cənubi Qafqazdakı bu mövqeyindən regional təhlükəsizlik inteqrasiyasında və silah bazarında hegemon olmaq, kənar oyunçuların meydanını daraltmaq üçün faydalanacaq.

Hesabat müəlliflərinin qənaətinə görə, Rusiya hazırkı məqamda çətin ki, Birləşmiş Ştatlarla birbaşa toqquşmada maraqlı olsun, amma o Qərblə qarşıdurmasından geri çəkilmək niyyətində də deyil:

“Kreml daha çox Vaşinqtonu təxribata çəkməməyə çalışacaq, amma əmin olsa ki, ABŞ Rusiyanın daxili siyasətinə qarşırır və ya başqa hansısa bir şəkildə onun strateji maraqlarını təhdid edir, onda Birləşmiş Ştatlarla da qarşıdurmaya gedə bilər”.

Hesabatda deyilir ki, Rusiyanın “yaxın xaric” adlandırdığı ərazidə əsas təhlükəsizlik təminatçısı olaraq qalmaq ehtiyacı, bu regionda onun iqtisadi təsirlərinin azalmasına görə, indi daha da böyüyüb.

İzah edilir ki, Rusiyanın qonşu ölkələr üzərində iqtisadi təsiri Çin kimi daha böyük resurslara malik ölkələrin həmin bölgədəki fəaliyyətinə görə azalıb.

Hesabatda əsas diqqət ABŞ və onun müttəfiqləri üçün əsas hədə olan Rusiya və Çinə yönəldilib.

Sənəddə deyilir ki, dünya hazırda “qlobal strateji yarış” erasını yaşayır və burada ABŞ-ın əsas rəqibləri onun hegemonluğuna meydan oxuyan Çin və Rusiyadır.

Hesabatda həm də “boz sahə” deyilən sferaya toxunulur. Burada söhbət ilk növbədə muzdlulardan və əlaltılardan, kiberhücumlardan, informasiya manipulyasiyalarından, rəqibin iqtisadi qüdrətini sarsıtmaq cəhdlərindən gedir.

Sənəddə Rusiya silahlı qüvvələri ABŞ-ın mövcudluğu üçün potensial təhlükə adlandırılır.

Rusiya silahlı qüvvələrdən habelə sərhədləri boyunca yerləşən ölkələrdə nüfuzunun saxlanması üçün istifadə edir: “Moskva ABŞ və NATO-nu, Rusiyanın təhlükəsizliyi, geosiyasi ambisiyaları və hazırkı hakim rejim üçün ən mühüm təhlükə sayır. Moskva Qərblə yarışda qala bilmək üçün bir sıra siyasi, iqtisadi, diplomatik, kəşfiyyat, ictimai və hərbi vasitələrdən istifadə etməklə birbaşa münaqişədən yayınır”.

Hesabatda Rusiya silahlı qüvvələrinin nüvə və qeyri-nüvə silahlarının modernizasiyasından geniş söhbət açılır. (Azadlıq Radiosu)

Ehtimal olunur ki, Rusiya yaxın illərdə öz nüvə cəbbəxanasını qeyri-strateji vasitələrin hesabına əhəmiyyətli dərəcədə genişləndirəcək.

Hesabat Senatın müdafiə məsələləri üzrə komitəsinin saytında dərc olunub.