“Sahibkarlar qurbağa əti yetişdirmək üçün bizə müraciətlər edirlər” –AMEA Zoologiya İnstitutu

Son illərdə Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutuna göl qurbağasının (Pelophylax ridibundus) təsərrüfatlarda yetişdirilməsi ilə bağlı müraciətlər edilib.

Bunu Trend-ə İnstitutun “Quru onurğalıları” laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Gülbəniz Qasımova deyib.

Onun sözlərinə görə, müraciət əsasında süni göldə qurbağa yetişdirmək məqsədilə təbii su hövzələrindən göl qurbağasının törədici fərdlərinin tədarük edilməsinə dair elmi rəy verilib.

G.Qasımova əlavə edib ki, Azərbaycan faunasına 11 növ amfibi daxildir. Bunlardan 6 növ üzrə say azaldığından onlar Azərbaycanın “Qırmızı Kitabı”nın II nəşrinə müxtəlif kateqoriyalar üzrə daxil edilib:

“Digər 5 növdən ən geniş yayılanı göl qurbağasıdır. Bu qurbağa növünün ətindən bir sıra ölkələrdə qida kimi istifadə olunur. Türkiyənin müəyyən ərazilərində – Adana, Afyon, Balıkəsir, Bingöl, Bursa, Edirnə, Hatay, Mersin və Yalova vilayətlərində qanunvericiliklə əti yeyilə bilən qurbağaların təbiətdən ovlanaraq ixrac olunmasına icazə verilir. Qeyd edək ki, “Balıq və digər su bioresusrlarının ovunun ümumi yol verilən miqdarı (kvota)”nın və “Balıq və digər su bioresusrlarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsü”nün təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2019-cu il tarixli 104 nömrəli qərarında göl qurbağasına akvakultura məqsədləri üçün kvota ayrılıb”.

G.Qasımova qeyd edib ki, tədarük zamanı göl qurbağası populyasiyalarının təbii artımına və reproduktiv məhsuldarlığına ziyan vurmamaq üçün say normativi gözlənilməli və qurbağaların təbii sıxlığına ziyan vurulmamalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda külək, rayonlarda yağış olacaq –

Sonrakı məqalə

İranda son sutkada COVID-19-dan 217 nəfər vəfat edib