Şamaxıda traktordakı yanğın meşə ərazisinə keçib- FOTO

Şamaxı rayonu ərazisindəki meşə zolağında yanğın başlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 17:00 radələrində Şamaxı rayonunun Məlhəm kəndi ərazisində hərəkətdə olan traktorun qoşqulu yük yerində qəflətən yanğın baş verib.

Traktorun təkərinin nasazlığı səbəbindən yaranan qığılcım nəticəsində baş verən yanğın zamanı traktordakı 160 ədəd ot bağlaması yanıb. Hadisə zamanı alov yol kənarındakı meşə zolağına keçib. İndiyədək təxminən 2 hektar ərazidə meşə ağacları, quru ot və kol-kos yanıb. Əraziyə Şamaxı Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Hazırda davam edən yanğının söndürülməsi üçün tədbirlər görülür. Yolun ortasında qalan traktorun yük yerində baş verən yanğın səbəbindən turizm bölgəsi olan Şamaxı-Pirqulu yolunun bir hərəkət zolağı bağlandığı üçün hazırda nəqliyyatın hərəkətində çətinlik yaranıb. Əraziyə nəzarət üçün DYP əməkdaşları cəlb olunub.

Əvvəlki məqalə

Elton Con daha konsert fəaliyyəti ilə məşğul olmayacaq

Sonrakı məqalə

Nazarbayevin qardaşı xəstəxanada ağır vəziyyətdədir