Şeyxülislam Şuşada erməni katolikosuna hansı xəbərdarlığı etdi?

14 İyul 2021 - 01:42

Şeyxülislam Allahşükür Paşazadənin və ölkədəki dini icma rəhbərlərinin Şuşaya səfəri ötən həftənin yaddaqalan hadisəsi oldu.

Düşməndən azad edilmiş mədəniyyət beşiyimiz Şuşaya ayrı-ayrı nümayəndə heyətlərinin etdiyi səfərlər zamanı bir daha Qarabağ münaqişəsinin acı tarixi xatırlanır, Azərbaycan ordusunun fövqəladə qəhrəmanlığı hesabına əldə etdiyi qələbəsi qeyd olunur.

Şuşa da bu qəhrəmanlıq tarixinin şanlı səhifəsidir.

Şəhəri azad edilən gün məsciddən verilən ilk azan bütün xalqı göz yaşlarına qərq etmişdi.

Din xadimlərinin Şuşaya səfəri mühüm addım sayılmalıdır. Qarabağın ən yüksək yerində bərqərar olan bu qala-şəhərdə ordumuz üçün, ölkəmizdə sülh və əmin-amanlıq üçün edilən dualar, Allah dərgahına uzanan əllər simvolik idi.

Səfər nə ilə əlamətdar oldu?

Azərbaycanda dini konfessiyaların Şuşaya birgə səfəri Qarabağ münaqişəsinə dinindən asılı olmayaraq din xadimlərinin vahid mövqeyinin nümayişi oldu. Ermənistanın Qarabağ münaqişəsinə dini çalar vermək cəhdi ilə “din qardaşlarının” ən azı neytral qalacaqları barədə xam xəyalları bir daha puç oldu. İslam, xristian, yəhudi, alban məbədlərini təmsil edən ruhani atalar Şuşadan verdikləri bəyanatlarında düşmənin vandalizmini pislədilər, Qarabağın Azərbaycanın ayrılmaz parçası olduğunu bəyan etdilər.

QMİ sədri A.Paşazadənin mesajları daha maraqlı idi. Qarabağın işğal ağrısının canlı şahidi olan Şeyxülislam qanlı davanın başladığı ilk günlərdən torpaqlarımızın azadlığı üçün aparılan hər iki Qarabağ müharibəsinin aparıcı simalarından olub.

“İşğaldan əvvəl iki dəfə Şuşaya gəlmişdim – bir dəfə açılışda, ikinci dəfə imam təyin olunanda. Ağlımıza gəlmirdi ki, torpaqlarımız işğal altına düşəcək”-deyə Şeyxülislam Şuşada jurnalistlərə açıqlamasında deyib.

Etnik düşmənçiliyi ilk gündən lənətləyən QMİ sədri Ermənistanın katolikosu ilə görüşlərində Qarabağa torpaq iddialarının erməni xalqını facilərə düçar edəcəyi barədə  xəbərdarlıq edirdi. 90-cı illərdən başlayaraq 2000-ci illərə qədər Erməni Apostol Kilsəsi ilə aparılan danışıqlarda katolikosun ikiüzlülüyü normal müzakirələrin aparılmasına sədd çəkib. Birinci Qarabağ savaşının məğlubiyyət yükünü çiynində hiss edən QMİ sədri bu təmaslarda sərt və ardıcıl olub. Şeyx “mövqe üstünlüyü”nü jestləri ilə bildirən katolikosa Azərbaycanın işğal edilmiş torpaqlarını azad edəcəyini daima bəyan edirdi.

A.Paşazadə bu acı yaddaşı Şuşada bir daha xatırlayıb: “Mənim də bu illər ərzində Şeyxülislam kimi öz apardığım işlər olub, erməni katolikoslarla da görüşmüşəm. O görüşlərdə özümü heç vaxt sındırmamışam, qürurlu dayanmışam, amma daxilimdə bir sınıqlıq vardı, çünki 1 milyona qədər qaçqın və məcburi köçkünümüz var idi”.

Amma indi tarix və şərait tamam fərqlidir. Azərbaycan öz torpaqlarını, o cümlədən Şuşanı mənfur düşməndən azad edib. Zamanında haqqı qulaq ardına vuran katolikos bu gün müxtəlif vasitəçilərlə Şeyxülislama görüşmək üçün xahiş edir. Dünənki təkəbbür və “qalib”ədasını bu gün fağırlıq və yalvarış əvəz edib. Amma bunlar əsas deyil. QMİ sədri bildirib ki, katolikosla görüş üçün tələbi var: “əgər öz ambisiyalarından əl çəksələr, Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etsələr, görüşməyə hazırıq”-deyə Şeyx bəyan edib.

QMİ sədri 44 günlük müharibədə qələbənin qazanılmasında dini vəhdətin rolunu xüsusi qeyd edib.

“Bu birlik, vəhdət bizə qələbə qazandırıb. Bizim qələbəmiz birliyimizdə idi, Prezident buyurdu ki, dəmir yumruğun güclənməsində dindarların da böyük zəhməti var. Həqiqətən də, bu, belə olub, müharibə dövründə həm müsəlman, həm xristian, həm də yəhudilər – bütün dini konfessiyalardan olan insanlar öz Vətənini bərabər qorudu, çünki Azərbaycan hamımızın Vətənidir”.

QMİ sədrinin bu sözləri Ermənistanda revanş arzulayan bəzi qruplara bir mesajdır. Azərbaycan dini konfessiyaları hər zaman dövlətin yanında olacaqlar.

Şuşada digər dini icma rəhbərlərinin verdikləri bəyanatlar Azərbaycanın yürütdüyü tolerantlıq siyasətinin uğurlu nümunəsi idi.

Şuşada Gövhər ağa məscidində qılınan namazda birgə dua edən dini icmalar dünyaya etiqad buketinin gözəl tablosunu nümayiş etdirdilər. Bu həm də bundan bir gün əvvəl xarici diplomatların Şuşaya səfəri zamanı yol verilən ikili standartına bir cavab idi. Məlum olduğu kimi ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərini təmsil edən səfirlər Şuşaya getməkdən imtina ediblər.

Şeyxülislamın rəhbərliyi ilə Şuşaya gedənlər isə bu ölkələrin dini etiqadının təmsilçiləri idi. Odur ki, Vatikanın, Rusiya pravoslav kilsəsinin təmsilçilərinin Şuşaya səfəri bu ölkələrin diplomatik demarşına tutarlı cavab sayıla bilər.

Cıdır düzündə Qarabağın cənnət mənzərələrini seyr edən din xadimləri təmir olunan provoslav kilsəsində də oldular. Ermənilərin tarixini saxtalaşdırdığı kilsə təmirdən sonra ibadət üçün din qardaşlarımızın ixtiyarına veriləcək.

Şuşa səfəri zamanı İranın ali dini rəhbəri Xamneyinin ölkəmizdə nümayəndəsi olan Ocaqnejadın nümayəndə heyəti sırasında olması ciddi amil oldu. Bu, bölgədə böyük qonşu, teokratik dövlət olan İranın Azərbaycanın ədalətli müharibəsinə dəstəyini, onun nəticələrini qəbul etdiyini göstərdi. İranda siyasi qərarların ali dini rəhbərin verdiyini nəzərə alsaq Ojaqnejadın Şuşa məscidində birgə namazda iştirakı Tehranın Bakıya siyasi dəstəyinin bir daha nümayişi hesab olunmalıdır. Lakin bəzi dairələrin belə ciddi məsələni gözardı edərək kiçik detalı şişirtmək cəhdi məsələnin siyasi əhəmiyyətini kiçiltmək məqsədi daşıyır. “Namaz” adı ilə süni ajiotaj yaradan bu bədniyyət cəhdlər dövlət üçün mühüm əhəmiyyət daşıyan səfərə kölgə salmağa xidmət edir. “Bulanıq suda balıq tutmaq” həvəskarlarının belə süni ajiotaj yaratmaq cəhdləri dövlətçilik prinsipləri baxımından zərərlidir.

Din xadimlərinin Şuşa səfəri bir daha regionda Azərbaycanın sülhə və sabitliyə qarant olduğunu, dinindən asılı olmayaraq ölkə ərazisində yaşayan xalqların, dini icmaların əməkdaşlığı üçün hər bir şərait yaratdığını nümayiş etdirdi.

Bu, müharibədən sonra münasibətlərin qurulmasında Bakının xoş məramının göstəricisidir. Din xadimləri Şuşada bu mesajı nümayiş etdirdilər.

Ağaddin ƏLİZADƏ