“Şirkətlər yaradırlar, qalib olur, sonra ləğv edirlər” –Tenderlər niyə narazılıq doğurur?

 Avqustun 9-dan dövlət satınalma portalına xaricdən giriş məhdudlaşdırılıb. Hələlik, bu hadisə ilə bağlı rəsmi açıqlama verilmir.

Bu dövlət elektron satınalma portalı Azərbaycanda 50 min manatdan çox məbləğdə rəqabətli elektron və digər alışlar haqqında praktik olaraq yeganə məlumat mənbəyi sayılır. Bəzi ekspertlərin fikrincə, portala girişin məhdudlaşdırılması ilə xarici şirkətlər dövlət satınalmalarında iştirakdan faktiki olaraq kənarda qala bilər.

İqtisadçı Hafiz Babalı problemin nədən yarandığını söyləməyin çətin olduğunu deyir: “Bir həftədir ki, problem davam edir, amma portal idarəçiləri bu barədə açıqlama vermirlər”,- deyə o Azadlıq Radiosuna söyləyib.

H.Babalının fikrincə, indiki halda haqqında danışılan problemlə bağlı xarici şirkətlərin tenderlərdə iştirak edə bilməmələri Azərbaycanın büdcə şəffaflığı, dövlət vəsaitlərindən səmərəli istifadə kimi hökumətin beynəlxalq təşkilatlar qarşısında götürdyü öhdəliklərə ziddir, bərabərhüquqlu iştirak təmin edilmir.

“Güman edirəm ki, bu hansısa böyük satınalma tenderilə bağlıdır və kiminsə qalib gəlməsini əngəlləmək üçün belə bir variantdan istifadə ediblər. Əks halda, bu problemlə bağlı açıqlama verilməli idi, hələ ki, bu yoxdur”.

Babalı hesab edir ki, hətta dövlət satınalmaları eketronlaşandan sonra belə şəffaflıq, bərabərhüquqluluq, satınalamaların səmərəliliyi həllini tapmayıb: “ Saxta şirkətlər yenə də tenderlərə buraxılırlar, çox zaman da qalib gəlirlər. Şirkətlərə olan ixtisas uyğunluğu tələbi ciddiyə alınmır, bunlar isə çox ciddi problemlərdir”.

Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin (İB) icraçı direktoru Əliməmməd Nuriyev isə mövzu ilə bağlı “Turan” agentliyinə deyib ki, xaricdən portala girişin məhdudlaşması texniki məsələdir, həllini tapar. Ə. Nuriyev əlavə edib ki, 3 milyon dollara qədər vəsaitlər elektron qaydada həyata keçirilir. Onun vurğulamasına görə, portalda dövlət satınalma planları tam olaraq yerləşdirilimir, bu isə çox ciddi problemdir.

“Tenderin həcmi 50 milyon manatdan yuxarı olduqda açıq keçrilməlidir. Müxtəlif şirkətlər o rəqəmi elə parçalayırlar ki, vəsait 50 milyondan aşağı düşür və açıq tender keçirilmir”, deyə Ə.Nuriyev qeyd edib.

O, hesab edir ki, tenderlərdə şəffaflıqla bağlı problemlər var: Ə.Nuriyev daha sonra da deyib: “Böyük tenderləri həyata keçirən nazirliklərə, şirkətlərə baxsaq il ərzində 100-ə qədər tender keçirilirsə bunun 60-70-i 4-5 şirkətə məxsus olur”.

Ə.Nuriyev deyib ki, bir neçə günlük şirkətlər yaradırlar, qalib olur, sonra ləğv edirlər, barəsində məlumat belə almaq olmur .

Bu fikirlərə və portala xaricdən girişin məhdudlaşdırılmasına, hələlik, İqtisadiyyat Nazirliyi yanında Antinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, habelə “ASAN- xidmət” yanında Elktron Hökumətin İnkişafı Mərkəzindən münasibət öyrənmək mümkün olmayıb.

Elektron satınalma portalı 2019-cu ilin mart ayından fəaliyyət göstərir. Onu Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Elektron Hökümətin İnkişafı Mərkəzi birgə idarə edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lukaşenko və Putin Belarusdakı vəziyyəti müzakirə edib

Sonrakı məqalə

Kreml Putinlə Lukaşenkonun telefon danışığının detallarını açıqlayıb