SOCAR və Amerika Neft İnstitutunun (API) rəhbərliyi arasında videogörüş keçirilib, sənaye proseslərinin təhlükəsizliyi və keyfiyyəti üzrə əməkdaşlıq barədə memorandum imzalanıb.
Şirkətdən bildirilib ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev 20-ci əsrin əvvəlində Azərbaycanın neft sənayesinin elmi-texniki nailiyyətləri, tarixi ilkləri haqqında məlumat verib. Deyib ki, SOCAR-ın yeni inkişaf strategiyası təkmilləşdirilmiş effektiv idarəetmə sistemi və beynəlxalq standartların tətbiqini labüdləşdirir: “Bu baxımdan davamlı inkişafın və texnologiyanın sürətli dinamikasına API çevik şəkildə öz töhfələrini verməkdədir. Dünyanın ən qabaqcıl neft-qaz korporasiyaları tərəfindən tətbiq olunan API Spesifikasiya Q1/Q2 Keyfiyyət İdarəetmə standartlarının SOCAR-da tətbiqinə başlanılması buna bariz nümunə olacaq. İnanırıq ki, bu məqsədlə API-nin qabaqcıl sənaye standartlarının tələblərinə uyğunluq və bütün işlərimizi müvafiq standartlar çərçivəsində qurub müasir təcrübələrin tətbiqi, əməkdaşlarımızın həyat və sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi ilə yanaşı, şirkətin əməliyyat effektivliyinin artırılmasına da mühüm töhfə verəcək”.
API-nin prezidenti Mayk Sommers institut haqqında təqdimatla çıxış edib. O bildirib ki, 2019-cu ildə 100 yaşını qeyd etmiş API hazırda dünyanın əksər ölkələrində tətbiq olunan 700-dən çox standarta sahibdir. API-nin fəaliyyətinin əhatə dairəsinə təlimlər və sertifikatlaşdırma da daxildir. Belə bir memorandumun imzalanması isə nəinki Azərbaycanda, ümumiyyətlə regionda ilk dəfə baş verir.
Sonra tərəflər arasında memorandum imzalanıb. Memoranduma əsasən, SOCAR-ın struktur vahidləri API standartlarına əsasən sertifikatlaşdırılacaq, emal, hasilat və nəqletmə qurumlarının texniki, keyfiyyət və SƏTƏMM idarəetmə sistemləri qabaqcıl təcrübədə olduğu kimi API standartlarına uyğunlaşdırılacaq.
Xatırladaq ki, API 1919-cu ildə ABŞ-ın Nyu-York şəhərində vəkillik, sənaye statistikasının aparılması, standartlaşdırma və vergi xidməti sahəsində fəaliyyət göstərən şirkət kimi qurulub. 1924-cü ildə Birinci Dünya müharibəsindən sonra şirkət qazma sənayesində geriləməni aradan qaldırmaq məqsədilə ilk sənaye standartının tətbiqinə başlayıb. API standartları bu gün dünyanın aparıcı şirkətlərində tətbiq olunur və şirkətlər arasında əməkdaşlığın əsasını təşkil edir. SOCAR-ın API standartlarına uyğunlaşması son dövrdə aparılan islahatların zəruri tərkib hissəsidir. Bu, SOCAR-ın aparıcı beynəlxalq enerji şirkətləri sırasında yer tutmaq və rəqabət qabiliyyətini artırmaq üçün zəruri şərtlərdən biridir.