“S&P Global Ratings” reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli suveren kredit reytinqini “BB+/B” səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə “mənfi”dən “stabil”ə yüksəldib.
“APA-Economics”in reytinq agentliyinin istinadən verdiyi məlumata görə, Azərbaycanın beynəlxalq kredit reytinqinin və reytinq üzrə proqnozunun yaxşılaşdırmasını “S&P”nin Qarabağ müharibəsinin bitməsi və üçtərəfli atəşkəs razılaşmanın imzalanması nəticəsində ölkədə ümumi təhlükəsizliyin, maliyyə sektorunun və tədiyyə balansının risklərinin azalması ilə əsaslandırıb.
Agentliyin reytinq üzrə proqnozu “mənfi”dən “stabil”ə qaldırılması “S&P”nin Azərbaycanda iqtisadi aktivliyin artması və karbohidrogen qiymətlərinin nisbətən yüksək olmasının növbəti 1 il ərzində ölkənin güclü maliyyə və xarici mövqelərinin pisləşməsinin qarşısını alacağı üzrə proqnozunu əks etdirir.
“Proqnozları nəzərə alaraq, Azərbaycanın kredit profilinə iqtisadi və maliyyə sektorlarından əhəmiyyətli risklər gözləmirik. Artan geosiyasi qeyri-müəyyənliyə baxmayaraq, əhalinin əmanətlərinin xarici valyutaya çevrilməsində və ya bank sistemindən tamamilə çıxarılmasında heç bir artım olmayıb”, – deyə agentlik bildirir.
“S&P”yə görə, karbohidrogen qiymətlərinin aşağı olmasına və COVID-19-un yaratdığı iqtisadi geriləməyə baxmayaraq, Azərbaycanın maliyyə və xarici mövqeləri “BB” kateqoriyasında qiymətləndirilən ən güclü ölkələr arasında qalır: “2021-2024-cü illərdə ÜDM-in orta hesabla 74%-i səviyyəsində proqnozlaşdırılan böyük likvid dövlət aktivləri iqtisadi və maliyyə şoklarına qarşı bufer təmin etməyə davam edəcək. Neft qiymətləri və hasilat həcmləri üzrə proqnozlarımızı əks etdirərək və Azərbaycanın “OPEC+” sazişində iştirakını nəzərə alaraq, xarici daxilolmaların və maliyyə gəlirlərinin orta müddət ərzində tədricən artacağını gözləyirik. Hökumətin Qarabağda idxala yönəlmiş yenidənqurma tədbirlərinin maliyyə və xarici axınlara mülayim təsir göstərəcəyini gözləyirik”.
Agentlik ölkənin reytinqini gələcəkdə aşağı və yuxarı qaldıra biləcək faktorlarını da sadalayıb.
Hərbi qarşıdurmanın başqa bir başlanğıcı Azərbaycanın təhlükəsizliyinə, tədiyyə balansına və ya daxili maliyyə sisteminin sabitliyinə pis təsir edərsə, reytinqlər endirilə bilər. Bundan əlavə, mümkün azalma üçün səbəblər arasında Azərbaycanın maliyyə və xarici balanslarının gözləniləndən aşağı düşməsi göstərilir.
Əksinə, xarici balansların profisitlərinin gözləniləndən yüksək olarsa və daha çox xarici aktiv toplanmasına gətirib çıxararsa, kredit reytinqi yüksəldilə bilər. Bu, karbohidrogen gəlirlərinin nəzərəçarpacaq dərəcədə artımı halında baş verə bilər: “Əlavə olaraq, Azərbaycan bəzi maliyyə maneələrini aradan qaldıran islahatlar həyata keçirərsə, o cümlədən yüksək dollarlaşma və hələ də zəif olan daxili bank sistemindən irəli gələn pul siyasətinin effektivliyinə dair məhdudiyyətlər tətbiq edərsə, reytinqlər yüksəldilə bilər”.