SSRİ Xalq artisti Murad Kajlayev vəfat edib

Görkəmli bəstəkar, SSRİ Xalq artisti Murad Kajlayev vəfat edib.

Bu barədə bəstəkarın yaxınları sosial mediada məlumat veriblər.

Murad Maqomedoviç Kajlayev 1931-ci il yanvar ayının 15-də Bakı şəhərində həkim ailəsində doğulub. 1949-cu ildə M. Kajlayev müvəffəqiyyətlə fortepiano ixtisası sinfini bitirərək, Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfinə daxil olub.

Sonrakı illərdə o, Mahaçqalaya köçərək, bəstəkar həmkarlarları ilə Dağıstan Muxtar Respublikasında peşəkar bəstəkarlıq yaradıcılığının təməlini qoyub.

M. Kajlayev Mahaçqalanın musiqi texnikumunda dərs deyib, vokal-instrumental ansambla rəhbərlik edib, 1957–63-cü illərdə Dağıstan radiosu simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru, 1963–73-cü illərdə Dağıstan Bəstəkarlar İttifaqı idarə heyətinin katibi işləyib, nəhayət, 1989-cu ildən Moskvada Yuri Silantyev adına Akademik Böyük estrada-simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb.

M. Kajlayev dirijorluq üzrə təcrübə dərslərini dahi maestro Niyazidən alıb.

15 yanvar 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə M. M. Kajlayev Azərbaycan mədəniyyətinin inkişafında və Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə “Dostluq” ordeni ilə təltif edilib.

Murad Kajlayev “Sovet Azərbaycanı”, “Məhəbbətim mənim, kədərim mənim”, “Qəribə adam” filmlərinin musiqisinin də müəllifir.

Əvvəlki məqalə

Oljas Süleymenov Prezident İlham Əliyevi təbrik edib

Sonrakı məqalə

Xankəndidəki oyunu Vətən müharibəsi, “Qisas” əməliyyatı və antiterror tədbirlərinin iştirakçıları da izləyib