Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

İyunun 1-də Şuşa şəhərində “Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, nazirliyin təşkilatçılığı ilə keçiriləcək festivalda türk dövlətlərinin məktəbliləri iştirak edəcəklər.

Konsert proqramında türk dövlətlərinin bədii kollektivlərinin 209 üzvü ölkələrinin musiqi və rəqs mədəniyyətini tamaşaçılara təqdim edəcək.

Festivalda, həmçinin tanınmış mədəniyyət və incəsənət xadimləri, 150-yə yaxın məktəbli, şəhid övladları tamaşaçı qismində iştirak edəcəklər.

Layihə çərçivəsində qonaqlar mayın 26-dan iyunun 2-dək ekskursiyalarda iştirak edəcək, ölkəmizin zəngin təbiəti, tarixi-memarlıq abidələri, quruculuq işləri ilə tanış olacaqlar.

Beynəlxalq yaradıcılıq festivalının təşkilində məqsəd türkdilli dövlətlərdən olan uşaqlar arasında dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək, uşaqlara öz ölkələrinin tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini tanıtmaqdır.

Əvvəlki məqalə

Vergi borclarının artmasının səbəbləri açıqlanıb

Sonrakı məqalə

Bakıda 3 məktəb direktoru vəzifəsindən azad edilib