“Talış dağlarında meşələr geri çəkilir, səhralaşma başlayıb” –

Meşələrin qırılması ciddi sürüşmə zonaları əmələ gətirib
24 Sentyabr 2019 - 15:38

 “Talış dağlarının şimal tərəfində ekolandşaft  problemləri ilə bağlı aparılan araşdırmalar göstərir ki, hazırda çöl landşaftı meşə landşaftını sıxışdırır. Meşələr geri çəkilir, onun yerini çöl landşaftı alır. Bu da səhralaşma tendensiyasıdır”.

Bunu APA -ya açıqlamasında Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov deyib. O bildirib ki, həmin ərazilərdə yerləşən kəndlərin 30%-də qazlaşdırma aparılmayıb:

Bu da insanları meşələri qırmağa vardar edir. Meşədə həddən artıq  heyvan otarırlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bəzi yerlərdə  baryerlər yaratsa da, bunlar çox deyil. Talış dağlarının Hirkan florası bu qədər zəngin floraya malik dünyada  yeganə yerdir. Burada hər 10 hektara 32 növ ağac və kol düşür. Bu göstərici  Qafqazın heç yerində yoxdur. Bu meşələr təbiətin bizə verdiyi ən böyük nemətdir. Tədqiqatlar yeni başlayıb, 3 il ərzində bu əraziləri öyrənəcəyik. Görürük ki, meşə landşaftı tədricən geri çəkilir. İldə təxminən 100 metrə qədər geri çəkilmə müşahidə edilir. Böyük sahədə meşəsizləşmiş ərazilər meydana gəlib. Vaxtilə meşələr olan yerdə artıq meşə yoxdur”.

Şöbə müdiri bildirib ki, meşələrin qırılması, yolların salınması, bir sıra kəndlərdə ciddi sürüşmə zonaları əmələ gətirib: “Məsələn, Cəlilabad-Soltankənd yolunda 7 hissədə ciddi sürüşmə müşahidə elədik. Cəlilabad yolunun Ləzran piri deyilən yerində təxminən 700 metrdən çox yol boyunca sürüşmə sahəsi meydana gəlib. Yardımlıda Vərgədüz və Deman kəndləri arasında  yeni yol çəkilir. Burada da  sürüşmə təhlükəli 500 metrlik ərazi  meydana gəlib. Əvvəl bu sürüşmə zonaları yox idi. Bunlar qrunt torpaq olub. Asfalt çəkiləndən sonra sürüşmələr ortaya çıxıb. Bu yerlərdə sürüşmələr çox təhlükəlidir. Yağıntılı dövrdə bu sahələrdə ciddi sürüşmənin olması labüddür. Yerli icra orqanları orada ehtiyat tədbirləri görməlidir. İşlər görülür, amma yetərincə deyil. Müdaxilə edirlər, bu isə sürüşməni fəallaşdırır. Amma burada mütəxəssis müdaxiləsi olduqca vacibdir. Son zamanlar texnogen müdaxilə həddən artıq çoxalıb. Bununla əlaqədar ekolandşaft, ekocoğrafi tədqiqatların genişləndirilməsini qarşıya  məqsəd kimi qoymuşuq. Bu tədqiqatlar davam etdiriləcək”.