“Teatr metodumuzun Avropada belə effekt verəcəyini heç gözləmirdim” –Rejissor Mikayıl Mikayılov

“Hektameron” Rumıniyanın məşhur  “Marin Soresku” Kraiova Milli Teatrının pandemiya dövündə gerçəkləşdirdiyi beynəlxalq teatr layihəsidir. “Hektameron” kainata göndərilən ümid ismarıcıdır” – məxsusi olaraq layihə üçün yaradılan saytda belə yazılıb.

Məxsusilik nədədir? Layihənin həm məzmunu, həm də formatı bu günümüzə yaraşır. Layihə Ciovanni Bokkaçonun 650 il əvvəl, Florensiyanı bürüyən vəbadan dərhal sonra yazdığı “Decameron”dan ilham alaraq bu günün təcrid, qorxu və ölüm saçan mövcud vəziyyətilə səsləşən 100 hekayəni səhnələşdirməyi nəzərdə tutur (Xatırladaq ki, “Dekameron” vəba zamanından bəhs edir; 10 gənc bir adaya çəkilərək həftənin bəzi günləri istisna olmaqla on gün ərzində, günə on əhvalat danışırlar).

Bu novellalara 100 ölkədən 100 rejissor, virtual formada səhnə quruluşu verir. Hektameron adı da (hekta -100 deməkdir) burdandır.

15 yanvar 2021-ci ildən etibarən tamaşaları www.hektomeron.com veb saytında canlı yayımlanan layihənin müəllifləri dübarə qeyd edirlər ki,  “Hektomeron”un son hekayəsi 24 aprel tarixində yayımlanacaq və 100 seriyanın hamısını 25 saatlıq marafon zamanı saytdanca izləmək mümkün olacaq.

İşin daha bir ilginc tərəfi Azərbaycanın da bu layihədə rejissor Mikayıl Mikayılovun qurduğu tamaşa ilə təmsil olunmasıdır. Rejissorun “Dekameron”dan ikinci günün, ikinci novellası əsasında səhnələşdirdiyi tamaşa artıq iki gün əvvəl virtual olaraq nümayiş olunub.

Azpost.info teatro.az saytına istinadla rejissor Mikayıl Mikayılovla müsahibəni təqdim edir:

– Mikayıl bəy, layihəyə necə seçildiniz, teatrla əvvəldən hansısa əməkdaşlığınız var idimi?

– Teatrla əməkdaşlığım yox idi. Onlar dedilər ki, mənim işlərimi görüblər, ola bilsin Çexov festivalından, bunu dəqiq bilmirəm. Əlaqə saxlayıb bu layihədə mənimlə işləmək istədiklərini bildirdilər. Əlbəttə, mənə də maraqlı idi və məmnuniyyətlə razılaşdım. Hər şeydən əvvəl yaxşı təcrübədir, necə olsa, Avropa teatrıdır, mən postsovet məkanında – Rusiyada, Gürcüstanda, Qazaxıstanda  tamaşalar hazırlamışam, amma bu, Avropada ilk layihəmdir.

– Novellalar rejissorlar arasında hansı prinsiplərlə bölündü və tamaşa qurmaqda hər hansı şərtlər var idimi?

– Novellaları onlar özləri seçmişdi və seçdikləri novellanı rejissora təklif edirdilər. Mənə ikinci günün ikinci hekayəsini təklif etdilər. Yalnız şərt bu idi ki, tamaşada bir aktyor olmalıdır və rumın teatrının aktyoru olmalıdır. Təbii ki, hər novellaya biri olmaqla 100 aktyor ayırmamışdılar, bir aktyor azı 4-5 layihədə çıxış edirdi. Bundan başqa, müəyyən səhnə təribatı şərti var idi ki, ondan kənara çıxmaq olmazdı.  Başqa hansısa şərt və ya çərçivə yox idi.

– Bir qədər iş prosesindən danışın. Virtual məşqin özəllikləri nə idi? Üstünlükləri, mənfiləri… 

– Məşq çox qısa müddət oldu və biz 5 gün evdən bağlantı qurub söhbət etməklə, mətn üzərində işləməklə, iki gün isə səhnədə məşqlə 7 günə tamaşanı hazırladıq. Tək bizə deyil, hamıya bu qədər vaxt verilirdi. Düzdür, mən aktyora bir gün özü ilə  işləməyə vaxt verirdim, evdən bağlantı 3 gün oldu.

Bilirsiz, Avropada da bilirlər ki, bu, müvəqqətidir. Müsbət tərəfi ən azı bu layihənin baş tutmasıdır. Mənfi tərəfi odur ki, virtual məşq insanı çərçivəyə salır. Canlı ünsiyyət bir şeydir, virtual başqa. Onlar məni ekrandan görürdülər, mən tapşırıqlar verirdim, amma texniki heyəti filanı görmürdüm.

– Aktyor rumın, siz azərbaycanlı. Dil baryeri də var idimi?

– Biz rus və ingilis dillərində danışırdıq. Tərcümədə kömək edən aktrisa var idi. Amma mənim üçün aktyoru psixoloji, ruhsal hazırlamaq çox vacibdir.

– Hansısa bir metodunuz var idimi?

– Mən tamaşanı bizim teatrın prinsiplərilə işləmək istədim. Aktyor Klaudi Mixaillə yaxşı ünsiyyət bağı yarandı. Mən ona Yuğ teatrının əsaslandığı psixosof poetikasından danışdım, o, bunu böyük maraqla qarşıladı. Belə effekt verəcəyini heç gözləmirdim. Klaudinin dediyinə görə, onun üçün yeni bir teatr düşüncəsi açıldı, bu üslubu o özünə çox doğmalaşdırdı, onun özünü aktyor kimi realizə etməsinə böyük yardımı oldu. Sevindim ki, o, yaradıcı baxımdan zövq ala bilib. Bilirsiz, psixosof metodunda aktyor rejissorun aləti, marionet kukla deyil, o, yaradıcı şəxsiyyətdir. Aktyorun fikrini, düşüncəsini bilmək mənim üçün çox vacibdir. Onunla yaradıcı münasibətlərimizi aydınlaşdırdım. Mən bizim metodumuzdan danışırdım və görürdüm ki, o, bunu necə sevinclə qəbul edir.  Sanki, çoxdan gözlədiyi məlumatı alır. Mən kəşf etdim ki, bizim teatr düşüncəmiz, metodikamız necə lazımlıdır. Bu heç kəşf də deyil, həmişə bunu bilmişəm.  Düzdür, biz burada bunu hiss edə bilmirik, burada belə realizə platformaları yoxdur təəssüf ki.

– Mikayıl bəy, təyin olunan premyera zamanı tamaşa canlı oynanıldı, yoxsa lent yazısı idi?
– Tamaşa həmin vaxtda canlı oynanıldı. Amma həmin link hələ də tamaşaçılara açıqdır, girib layihənin saytından izləyə bilərlər.

– Sizin tamaşanızda süjetdən başqa bir ricət var idi: virtual ünsiyyətə qapanmış insanlara xitab edən mətn. Bu ideya -mətn kimin idi?

– Aktyorla işləyəndə vacib tələbim o idi ki, bizim ağrımız görünsün. Bokkaççonun süjeti bir bəhanə olmalıdır. Ondan istifadə edərək, mövzunun arxetiplərindən, yaradıcı bilincsizliyə varmaq, yaradıcı psixikamızı işə qoşmaq istəyirdim.  Bu süjetdən kənara çıxıb söhbətlər etdik və müəyyən fikirlərə gəldik. Sonra improvizəsayağı gələn fikirləri mətn halına saldıq.

Aktyora maraqlı oldu ki, rejissor onun – aktyorun şəxsiyyətinin önə keçməsini istəyir. Mən çalışırdım ki, o özünü yaradıcı insan kimi hiss etsin, hətta rumınca öyrənib ona tez-tez deyirdim: “okaziya” yəni, bəhanədir – süjet bəhanədir, öz ağrını danıış. Sanki, bu söz Klaudiyə böyük təsir etdi, o, dediklərimi bədənindən elə keçirdi ki, sonda sizin dediyiniz manifestasiya yarandı.  Əlbəttə, buna qədərki proses vardı: onunla onun kriptosu haqda söhbət etdim, mifoloji informativ bilgilər ötürdüm. Lap axırda o, dedi ki, indiyədək kimsə onunla belə dərindən işləməyib. Təəccüblənmədim, çünki, Avropada da kommersiya konyukturası var, Rusiyada da bunu görmüşəm, hərdən özün də belə konyuktura ilə işləməyə məcbur olursan…

– Belə bir təcrübə, virtual tamaşa təcrübəsi sizə nə qazandırdı?

– Düzünü deyim, qısa zamanda belə nəticədən məmnunam. Tamaşadan sonra məni layihəyə dəvət edən insanlar məktublar yazıb mənimlə böyük tamaşalar işləmək istədiklərini bildirdilər. Avropa teatrında özünü sınamaq mənim üçün də önəmlidir. Bir də, əvvəl-axır mədəniyyət dialoqu da baş tutmalıdır, biz onlardan kənarda deyilik axı. Qapalı cəmiyyət olmaqdan çıxmaq lazımdır. Necə ki, Gürcüstan, Ukrayna bundan çıxır. Baxın, arada bu qədər distaniya var, ölkələr izolyasiyada, amma mədəni dialoq baş tutur. Deməli, teatr ünsiyyət olaraq, sərhədsizdir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tıxacda qalmış son gəmi Süveyş kanalından keçib –

Sonrakı məqalə

Tbilisidə “komendant saatı”nın ləğvi tələbi ilə aksiya keçirilir