Tibbi sığortanın fədakar yenilikçi həkimi

Uroloq-cərrah dr. Ceyhun Cəlilova minnətdarlıq məktubu

Hörmətli redaksiya!

Xahiş edirəm, Respublika Kliniki Xəstəxanasının həkimi, uroloq-cərrah dr. Ceyhun Cəlilovun səhiyyə sahəsində qazandığı böyük intellektual potensialı və fədakar əməyi sayəsində həyat yoldaşım Səadət Quliyevanı çox çətin bir əməliyyatla ağır durumdan xilas etdiyi barədə səmimiyyət dolu bu sözlərimi ictimailəşdirəsiniz!

Həddindən artıq ağır keçən “fistula” əməliyyatının əməliyyatdanəvvəlki, əməliyyat müddəti və əməliyyatdansonrakı bütün ağrılı-acılı proseslər boyu dr. Ceyhun Cəlilovla bizi həkimlik-təbabət və jurnalistika peşələrimizi birləşdirən ən böyük paralel – humanizm prinsipləri müşayiət edirdi. Təbii ki, bir-birimizi bir sözdən, bir jestdən belə anlayaya bildiyimiz, hər nəticəyə hazır olduğumuz, ancaq ikimizin qarşılıqlı anladığımız və bəzi söhbətləri təklikdə edə bildiyimiz şəkildə… Əks təqdirdə bu çətin əməliyyatın effekti də yəqin ki sıfırlanar, ümidimiz hər yandan kəsilərdi. Həkim və insan təmkini, humanizm prinsipləri, başlıcası təhsil, savad, öz işinin peşəkarı olmaq bacarığı…bizi qarşılıqlı şəkildə birləşdirən bu əlamətlər elə qarşılıqlı şəkildə də sevindirdi. Az qala tibb elmində yenilik sayılacaq bir əməliyyatın uğurla sonuclandığını görəndə Ceyhun həkimin bizdən də artıq qol-qanad açdığı məqamları sezmək bu dünyanın ən böyük xoşbəxt anlarından, dəyərli dəqiqələrindən biri idi! Şükürlər, bu günə!

Mən özüm də başdan-başa səhiyyə işçiləri ilə əhatə olunan bir ailədə doğulub ərsəyə çatmışam. İndi təqaüd yaşında da sevimli peşəsini davam etdirən, ilk müalicəsində xəstəyə həddən artıq isti münasibəti ilə tanınan həkim qardaşım Fərəc Ağayev Masallı rayonunun ən sayılıb-seçilən terapevtlərindən biridir. Eləcə də digər ailə üzvlərimiz. Özü də səhiyyə işçisi olan mərhum atam həvəslə mənim də həkim olmağımı istəyirdi. Amma istiqamətimin fərqli olduğunu görəndə israr eləmədi. Bu sahəni seçməməyimə rəğmən məni əhatə edən “ağxalatlılar mühitində” həmişə şəfavericilərin nələri yaşadığının, nələrə qadir olduqlarının, nələrə gücləri yetməyəndə bir İNSAN kimi necə məyus olduqlarının, müalicələrinin xoş nəticələri ilə qarşılaşanda bir uşaq sevinci ilə necə fərəhləndiklərinin, qürurlandıqlarının o qədər canlı şahidi olmuşam ki…ilk müraciətimizdən mənə doğmalaşan bu hisslərlə qarşılaşdım Ceyhun həkimlə də. Demək, əsl həkimlər hələ də və çox yerdə var. Onlar heç nəyə, heç bir təmənnaya məhəl qoymadan öz həkimlik və İNSANLIQ borclarını yerinə yetirməkdə davam edirlər. Şəfa tapmış xəstənin sonradan ona qarşı hansı münasibəti sərgiləməsinin fərqinə varmadan…Yeri gəlmişkən, xəstəxanalar arasında həkim axtarışı zamanı təəssüf ki, belə həkimlərin də sırasının bir qədər seyrəldiyinin şahidi oldum…

Hörmətli redaksiya!

Sizlərə də təşəkkür etməklə ailəmiz adından tirajlandıracağınız bu məktubumla Respublika Kliniki Xəstəxanasının həkimi, uroloq-cərrah dr. Ceyhun Cəlilova, əməliyyatda iştirak etmiş bütün tibbi personala dərin minnətdarlıq hisslərimizi çatdırmağınızı rica edirəm! Eyni zamanda, illərlə arzusunda olduğumuz, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vasitəsilə gerçəkləşdirilən tibbi uğur – ölkə rəhbərliyi tərəfindən respublikamızda yeni tətbiq olunan tibbi sığortanın əhəmiyyətini və son dərəcə gərəkliliyini xüsusi qeyd etmək istəyirəm. Hələlik müəyyən xidmətləri əhatə edən tibbi sığortanın ölkə vətəndaşlarının sağlamlığının qorunmasında sözün bütün mənalarında əlçatanlığı çox təqdirolunası hadisədir. Əlbəttə ki, onun tətbiqini dr. Ceyhun Cəlilov kimi əsl həkimlərə, peşəkarlara həvalə edəndə.

Gözəl əməlləri təqdir edib, gözəl işləri təbliğ etməyə, onları yaşadanların nümunəsini ortaya qoyaraq sıralarını genişləndirməyə dəyər, dostlar.

Nəzirməmməd Zöhrablı,

jurnalist-publisist

Azərbaycan Jurnalistlər Birliyinin (AJB) və Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü

Əvvəlki məqalə

“İrəvanda olan Avropa missiyası Azərbaycana qarşı təxribat həyata keçirir” –

Sonrakı məqalə

“Rusiya və Ukrayna arasında münasibətlər gec-tez bərpa olunacaq”