TÜİB başqanı köhnə avtomobili ilə yardım daşıyan Sərvəri Türkiyəyə göndərir- FOTOLAR

Türkiyədə zəlzələdən zərər çəkənlərə köhnə avtomobili ilə yardım daşıyan Sərvər Bəşirli yaxın günlərdə fəlakət bölgəsinə gedəcək.

Azpost.info xəbər verir ki, Sərvəri qardaş ölkəyə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) başqanı Hüseyn Böyükfırat göndərəcək.

Türkiyənin “Anadolu” agentliyi xəbər verir ki, S.Bəşirli yardım kampaniyası çərçivəsində Bakıdakı yardım toplama mərkəzində TÜİB rəsmiləri ilə görüşüb.

Sərvər əlindən gələni bundan sonra da əsirgəməyəcəyini deyib və zəlzələ bölgəsinə gedib könüllülərə qoşulmaq istədiyini dilə gətirib:

“O insanlara verə biləcəyim isti paltar və döşək idi. Edə biləcəyim də bu idi. Yardımlar bu gün də davam edir. Dostlar, qohumlar zəng edib yardımlarını çatdırmağımı xahiş edirlər. Mən də toplayıb toplama mərkəzinə gətirirəm. Qardaş ölkəyə kömək etmək borcumuzdur. Şəklim təsadüfən çəkilib və sosial şəbəkədə paylaşılıb. Bu məqsədlə kömək etmirdim. Çoxlu telefon zəngləri gəlir. Türkiyədən zəng edib minnətdarlıq edirlər. Allah hamını qorusun. Allah Türkiyəyə kömək olsun. Zəlzələ bölgəsinə gedib könüllü yardım etmək istəyirəm”.

TÜİB başqanı Hüseyn Büyükfırat Sərvərin hərəkətlərinin bütün Azərbaycan xalqının hisslərini ifadə etdiyini bildirib.

“Bu ürəkdən etdikləriniz bütün Azərbaycanın simvolu oldu. Azərbaycan xalqı yeddidən-yetmişə qədər tam səfərbərdir və ürəyi Türkiyə ilə döyünür. Bu, Azərbaycan xalqının Türkiyə xalqına bir təsəllisidir”, – Böyükfırat bildirib.

Azərbaycandan gedən yardımların bölüşdürülməsi üçün Adıyamanda mərkəz quracaqlarını qeyd edən Büyükfırat bir-iki günə Sərvər Bəşirlini ora göndərəcəklərini deyib.

“Sərvər qardaşımız Azərbaycan və Türkiyə arasındakı bağın nümayiş üçün deyil, ürəkdən qurulduğunun ən gözəl nümunəsidir”, – TÜİB-in vitse-prezidenti Avni Dəmirci əlavə edib.

Azpost.info

 

 

Əvvəlki məqalə

Tanınmış türk aktrisası və qızı zəlzələdə həlak oldu –

Sonrakı məqalə

“İstənilən düşmənçilik danışıqlarla başa çatır, biz hazırıq”