Bill Qeyts, Bill Akman və dünyanın ən böyük şirkətlərinin rəhbərləri arasında nə ümumi cəhət var? 2026-cı ildə onların kitab seçimləri uğur və motivasiya üzrə ənənəvi vəsaitlərdən xeyli fərqlənib. Milyarderlər birja fəlakətlərini, korporativ qalmaqalları, süni intellekti və dünyanı dəyişən insanların hekayələrini araşdırırlar.

Azpost.info bildirir ki, bu barədə CEOWORLD Magazine yazır.

Məqalədə milyarderlərin, iri şirkət rəhbərlərinin və biznes liderlərinin bu il diqqət yetirdiyi kitablar və əsas mövzular təqdim olunur.

Uoll-Stritdəki qalmaqallar da milyarderlərin diqqətindədir

Xüsusi diqqət amerikalı jurnalist Uilyam D. Koenin “Money to Burn” (“Pulun havaya sovrulması”) kitabına yönəlib. Əsər Apollo Global Management investisiya şirkəti və onun həmtəsisçisi Leon Blek haqqında yazılıb.

Noyabrın 26-da milyarder və Pershing Square şirkətinin rəhbəri Bill Akman X sosial şəbəkəsində yeni kitabı bitirdiyini yazıb və onun ekranlaşdırılmağa layiq olduğunu bildirib.

Kitab Apollo şirkətinin yaranmasından, Uoll-Stritin pərdəarxası hadisələrindən, o cümlədən Leon Blekın 2021-ci ildə şirkət rəhbəri vəzifəsindən ayrılmasının səbəblərindən bəhs edir.

Həmin vaxt Blekın 2012–2017-ci illərdə Ceffri Epşteynə vergi planlaşdırılması və mirasın idarə olunması üzrə məsləhət xidmətlərinə görə 158 milyon dollar ödədiyi məlum olmuşdu. Apollo şirkətinin özünün apardığı araşdırma isə Blekın Epşteynin cinayət fəaliyyətində iştirakına dair sübut aşkar etməmişdi.

Akman bu hekayəyə maraq göstərən biznes elitasının yeganə nümayəndəsi deyil. SkyBridge Capital şirkətinin qurucusu Entoni Skaramuççi də əvvəllər kitabı tövsiyə etmişdi.

Korporativ intriqalar varlı oxucuların maraq göstərdiyi mövzulardan yalnız biridir. Bill Qeytsin, JPMorgan, McKinsey şirkətlərinin kitab seçimləri, eləcə də Financial Times və Standard Chartered Business Book of the Year mükafatının qısa siyahısı bir neçə əsas istiqaməti üzə çıxarır.

Süni intellekt kitab reytinqlərinin əsas mövzusuna çevrilib

Tövsiyə siyahılarında süni intellektlə bağlı kitablar xüsusi yer tutur. Onlardan biri Sebastyan Mallabinin “The Infinity Machine” kitabıdır. Əsər DeepMind şirkətinin həmtəsisçisi Demis Hassabisin bioqrafiyasına həsr olunub və bir neçə nüfuzlu kitab siyahısına daxil edilib.

Coş Tirancilin “AI for Good” kitabında süni intellektin həkimlərə və müəllimlərə necə kömək etdiyi araşdırılır. Ketrin Mensonun “Project Maven” əsəri isə ABŞ ordusunun süni intellektdən istifadəsinə həsr olunub.

Bill Qeyts daha qeyri-adi əsər seçib. O, Brüs Holsingerin “Culpability” romanını tövsiyə edib. Romanın mərkəzində pilotsuz avtomobilin bir insanın ölümünə səbəb olduğu ailə dayanır. Əsər texnologiya dövrünün ən aktual suallarından birini gündəmə gətirir: avtonom sistemlərin səhvlərinin nəticələrinə görə kim məsuliyyət daşıyır?

Milyarderlər birja fəlakətlərini araşdırırlar

Biznes elitası maliyyə böhranlarına da az maraq göstərmir. Bill Qeyts yay üçün hazırladığı kitab siyahısına Endryu Ross Sorkinin “1929” əsərini daxil edib. Kitab Böyük Depressiyaya gətirib çıxaran birja çöküşündən bəhs edir.

Qeyts həmin hadisələrlə müasir bazarlar arasında paralellər apararaq mem səhmlərinə, borc vəsaitləri hesabına investisiyalara və proqnoz bazarlarına diqqət çəkib. Onun fikrincə, investisiya ilə qumar arasındakı sərhəd getdikcə daha az nəzərə çarpır.

Digər diqqətçəkən tövsiyələr arasında Liyakat Ahmedin ilk Böyük Depressiyadan bəhs edən “1873” kitabı və Birinci Dünya müharibəsinin tarixi ilkin şərtlərini, onların müasir geosiyasətlə əlaqəsini araşdıran Od Arne Vestadın “The Coming Storm” əsəri də var.

Böhran zamanı necə ayaqda qalmaq və nəzarəti itirməmək olar?

Şirkət rəhbərləri sürətli uğura dair növbəti təlimatlar əvəzinə, çətin dövrlərdə liderlik və idarəetmə haqqında kitablara müraciət edirlər.

MasterClass şirkətinin rəhbəri Devid Roje “Leadership: In Turbulent Times” kitabını tövsiyə edib. Doris Kerns Qudvinin bu əsəri sarsıntılar və çətinliklər dövründə liderlik məsələlərinə həsr olunub.

Almaniyanın Körber qrupunun rəhbəri Stefan Seyfert isə Emi Edmondsonun “The Fearless Organization” kitabını seçib. Əsərdə əməkdaşlar arasında psixoloji təhlükəsizliyin şirkətlərin daha səmərəli fəaliyyətinə necə kömək etdiyi izah olunur.

JPMorgan-ın kitab seçimləri arasında ciddi böhranlar zamanı təşkilatların idarə olunmasına dair praktiki vəsait olan “Crisis Engineering” də yer alıb.

Bu kitab seçimləri biznes elitasının əhval-ruhiyyəsi barədə nə deyir?

Milyarderlərin kitab seçimləri müasir biznesin əsas narahatlıqlarını əks etdirir. Süni intellekt yeni imkanlar vəd edir, eyni zamanda məsuliyyət və əmək bazarının gələcəyi ilə bağlı suallar yaradır. Birja çöküşləri haqqında hekayələr riskləri qiymətləndirməyə kömək edir, liderlik haqqında kitablar isə ən güclü şirkətlərin belə böhranlar qarşısında zəif qala biləcəyini xatırladır.

Görünür, 2026-cı ildə dünyanın ən nüfuzlu insanları cavabları motivasiya bestsellerlərində deyil, böyük pullar, ciddi səhvlər və tarixin gedişatını dəyişən insanlar haqqında hekayələrdə axtarırlar.